“Turac-AF” MTK problemləri həll etmir: Bu dəfə sakinlərin qarajı satılıb

 “Turac-AF” MTK problemləri həll etmir: Bu dəfə sakinlərin qarajı satılıb
16:18 27-08-2019 | icon 236

Bakıda daha bir şirkət sakinləri narazı salıb. Bu dəfə narazılıq bir mənzilin bir neçə nəfərə satılması deyil. Onlarla ailə şirkət rəhbərliyini əvvəlcədən verdiyi vədlərə əməl etməməkdə suçlayır. Söhbət “Turac-AF” MTK-nın Məhəmməd Xiyabani 133-135 ünvanında yerləşən “Yüksəliş” yaşayış kompleksindəki problemlərdən gedir.

“Millətinsəsi.info” xəbər verir ki, bu xüsusda müraciət edən sakinlər bildirir ki, 2017-ci ildən istifadəyə verilən binada bir neçə problemlə üzləşiblər.

Sakinlərin sözlərinə görə, “Turac –AF” MTK-nın rəhbərliyi və onun arxasında dayanan şəxslər onların hüquqlarını kobud şəkildə pozur. İlk narazılıq satılan mənzillərin ölçüsü ilə bağlı sakinlərə yalan məlumatın verilməsidir: “Mənzilləri aldığımız zaman müqavilədə göstərilən ölçülərin “kupça”da göstərilən ölçülərdən kəskin fərqləndiyinin şahidi olduq. Mənzillərdə 10-30 kvadratmetrə qədər əskiklər var idi. Məsələn, 112,5 kvadrat metr adı ilə satılan, ödənişi də bu ölçü ilə alınan mənzilin “kupça”sında mənzilin ümumi ölçüsü 87.9 kvadratmetr göstərilib. Dəfələrlə müraciət etməyimizə baxmayaraq məsələ öz həllini tapmır. Sakinləri hər dəfə müxtəlif bəhanələrlə aldadırlar. İnsanların illər uzunu əziyyət çəkib, aldığı evdir. Bu insanlar isə sakinlərin etibarından sui-istifadə edərək onları aldadırlar”.

Sakinlərin ikinci narazılığı isə şirkət rəhbərliyinin özbaşınalığındadır. Narazı sakinlər deyir ki, qanunvericiliyə uyğun olaraq şirkətdən kooperativin idarə edilməsini təhvil-təslim almaq istəyirlər. Amma MTK lazımi sənədləri verməkdən imtina edir və süni problemlər yaradır. Şirkət bununla binaya nəzarəti öz əlində saxlamağa çalışır.

Üçüncü narazılıq isə binada olan və sakinlərin avtomobil saxlaması üçün nəzərdə tutulan yeraltı dayanacağın başqa şəxsə satılması ilə bağlıdır: “Kompleksə aid olan qaraj sahəsindən istifadə sakinlər üçün qadağan edilib. MTK rəhbərliyi bütün qaraj sahələrinin naməlum bir şəxsə satıldığını iddia edir. Halbuki qanunvericiliklə qaraj sahələri binanın ümumi sahəsinə aiddir. Yuxarıda sadalanan bu üç məsələnin içtimailəşdirilməsi və araşdırılmasını sizdən xahiş edirik. Biz bununla bağlı şikayətimizi aidiyyatı qurumlara da göndərəcəyik”.

Qeyd edək ki, “Turac AF” MTK barəsində ən çox şikayət edilən şirkətlər arasındadır. Belə ki, bir müddət öncə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə vətəndaşların ən çox şikayət etdiyi tikinti şirkətlərinin adları açıqlanmışdı.

Narazı vətəndaşlar həmin şirkətlərin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildiriblər.

Prezident Administrasiyası yuxarıda sadalanan nöqsanlara yol verən 30-dan çox şirkətin adını açıqlamışdı. Onlardan biri də “Turac AF” MTK idi.

Görünür, illər keçsə də MTK sakinlərlə arasında olan problemi hələ də həll etməyib.

erize