Psixoloq: Falçılığı xüsusi biznesə çevirmişdilər, o vaxtın "ulduz"ları indi ruhi xəstəxanada yatır

Psixoloq: Falçılığı xüsusi biznesə çevirmişdilər, o vaxtın "ulduz"ları indi ruhi xəstəxanada yatır
09:15 24-08-2019 | icon 70

Müasir dövrdə insanlarda psixologiya və psixoterapiya haqqında anlayışlar formalaşdığı üçün falçıların və ya cadugərlərin yanına gedənlərin sayı azalıb.

Bunu milletinsesi.info-a psixoloq Elmir Əkbər insanların hansı səbəblərdən falçıların yanına getdiyini şərh edərkən deyib.

E.Əkbər qeyd edib ki, falçıların insanların keçmişi və ya gələcək həyatı ilə bağlı nələrisə düzgün deməsi mümkün deyil:

"Ümumiyyətlə, bu, 90-cı illərdən bəri yaranan neqativ tendensiyadır. Hətta o zamanlar insanları qrup şəklində yığıb dələduzluğun qurbanı edirdilər. Xeyli insan ağır xəstəliklərin müalicəsi əvəzinə, bu fırıldaqçı, şarlatan parapsixoloqların, ekstrasenslərin yanına gedib öz həyatlarını və pullarını itirdilər. Dini baxımdan da falçılara inanmaq düzgün deyil. "Quran"da hər şeyi yalnız Allahın bildiyi yazılıb.

Psixologiyanın elementar qaydalarından xəbəri olmayanlara elə gəlir ki, falçı ona gələcəyi haqqında nəsə deyir. Məsələn, cadugərin onun gələcəyi ilə bağlı nələrisə düzəltdiyinə, ekstrasensin onu hansısa vasitə ilə müalicə etdiyinə və ya parapsixoloqun bəxtini açdığına inanır. Əslində, müxtəlif psixoloji fenomenlər var ki, onların təsirini psixologiya haqqında tamamilə anlayışı olmayan insanlar müxtəlif cür yoza bilər".

O vurğulayıb ki, ümumiyyətlə, qədim zamanlarda bu işlə qaraçı falçıları məşğul olurdu:

"Sonra psixoloqlar araşdıraraq qaraçı falı əsasında qaraçı hipnozu fenomenini aşkar etdilər. Bunun nəticəsində də insanın beyninin neyron sistemini müxtəlif üsullarla proqramlaşdırmağın mümkün olduğu aşkarlandı.

Çox təəssüf ki, bəzən insanlar elmlə məşğul olmaqdansa, daha çox cahilliyə və nadanlığa üz tuturlar. Falçı yanına gedən insanlar beyinlərini işlətmək istəmirlər. Hətta həyatlarının məsuliyyətini belə çiyinlərinə almaq kimi niyyətləri olmur. Onlar yalançı bir illüziya şəklində  özlərini aldatmaq yolunu seçirlər. Bu da cahilliyin və nadanlığın göstəricisidir".

E.Əkbər daha çox peşəkar və qrup şəklində xüsusi hazırlıq keçənlərin bu işlərlə məşğul olduğunu qeyd edib:

"Böyük bir biznesin arxasında müəyyən şəxslər dayanır. Belə ki, bu dələduzluq dəstəsinin başında çox hiyləgər və fırıldaqçı insanlar durur. Belə falçılar və onlara inananların özləri də bir neçə qrupa bölünür. Birinci qrupa dələduzlar, ikinciyə isə ruhi xəstəliklərdən əziyyət çəkən insanlar daxildir. Məsələn, 90-cı illərdə məşhur olan cadugər, falçı, ekstrasens və parapsixoloqların çoxu psixiatriya xəstəxanasında müalicə alırlar.

Ümumiyyətlə, falçıya, cadugərə üz tutanların aqibəti heç vaxt yaxşı olmayıb. Məsələn, Stalinin özü inkar eləsə də, belə insanlara inanıb onlara əhəmiyyət verirdi. Sonda necə öldüyü hər kəsə məlum oldu. Hətta bizdə də bir neçə keçmiş məmurun dövründə falçılıq geniş yayılmışdılar. Nəticədə, bu sahə xüsusi biznesə çevrildi".

Psixoloq iddia edir ki, insanlar daha çox falçılıq və cadugərliklə məşğul olan ruhi xəstələrə inanırlar:

"Çünki ruhi xəstələrin gözünə baxanda onların tam inamla danışdığını zənn edirsən. İnduksiya metodu ilə inandıqlarını normal insana ötürmək mümkündür. Bəzən təxəyyülü zəngin olan insanlar da ara-sıra həyatlarında nəsə maraqlı bir əhvalatın olmasını istəyirlər.

Azərbaycanda bu işlə məşğul olan 1990 və 2000-ci illərin tanınan "ulduz"ları artıq psixiatriya xəstəxanalarında və cəzaçəkmə müəssisələrində yatırlar.

Ümumiyyətlə, falçılar, cadugərlər heç kəsə müsbət bir şey verə bilməzlər. Çox bilsəydilər, özlərinə xeyirləri dəyərdi".

Sevinc Yasinqızı