Qeyri-neft sektoruna dəstək və ixrac imkanlarını gücləndirmək üçün görülən işlər nəticə verir - ŞƏRH

Qeyri-neft sektoruna dəstək və ixrac imkanlarını gücləndirmək üçün görülən işlər nəticə verir - ŞƏRH
12:45 22-08-2019 | icon 54

Son illərdə qeyri-neft sektoruna dəstək və ixrac imkanlarının gücləndirilməsi məqsədilə dövlət ciddi təbdirlər gördü və bunun artıq müəyyən nəticələri var.

Bunu milletinsesi.info-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən, qeyri-neft ixrac seqmentinin inkişafı ilə bağlı tədbirlər davam etdirilir:

"Nəzərə almaq lazımdır ki, bu istiqamətlər bütövlükdə dövlət başçısı tərəfindən prioritet kimi götürülüb. Dünya enerji daşıyıcıları bazarlarında mövcud problemləri, gözləntiləri nəzərə alaraq ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi ciddi şəkildə nəzarətdə saxlanmalıdır".

Bununla yanaşı, E.Məmmədov hesab edir ki, dövlətin həyata keçirdiyi institusional, büdcə vergi siyasəti ilə bağlı yeniliklər pul-kredit siyasətində də öz əksini tapmalıdır:

"Çünki pul-kredit siyasəti iqtisadi islahatlar nöqteyi-nəzərdən önəmli istiqamətlərdən biridir. Son illər ərzində qeyri-neft sektoruna dəstək və ixrac imkanlarının gücləndirilməsi məqsədilə dövlət ciddi institusional, fiskal siyasətlə bağlı təbdirlər gördü və bunun artıq müəyyən nəticələri var. Pul-kredit siyasəti ilə bağlı da müəyyən yumşalmalar oldu".

Ekspert bildirib ki, xarici ticarət mübadiləsinin reallaşmasına nail olmaq üçün hər bir ölkə daha çox texnoloji tutumlu ixracını artırmalıdır:

"Sözsüz ki, bunun üçün də müvafiq innovativ tutumlu investisiya siyasəti həyata keçirilməlidir. Hesab edirəm ki, artıq yaxın aylar ərzində investisiyaların xüsusi çəkisi kəskin şəkildə artırılmaldır və prioritet olaraq investisiyalar yeni texnoloji quruluşla bağlı olan sahələrə yatırılmalıdır.

Azərbaycanın daha çox islahat aparan ölkə kimi tanınması, ilk növbədə, dövlətin institusional islahatları ilə izah olunur. Artıq bu istiqamətdə böyük işlər görülür. Biz görürük ki, ixraca dəstəklə bağlı yeni institutların yaradılması, vergi və gömrük sahəsində güzəştlərin tətbiqi ilə bağlı dövlət addımlar atdı və bunun müsbət effekti verir".

İlhamə Əbülfət