Cənub bölgəsindəki meşə yanğınlarında insan faktoru istisna edilmir

Cənub bölgəsindəki meşə yanğınlarında insan faktoru istisna edilmir
13:35 21-08-2019 | icon 47

Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları nəzərə almırlar. Fikirləşmirlər ki, məsuliyyətsiz davranış nəticəsində hektarlarla meşə örtüyü məhv olur.

milletinsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov Lənkəran və Lerik rayonlarında meşəlik ərazidəki yanğından danışarkən bildirib.

A.Qaraşov deyib ki, hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar nazirliklərinin əməkdaşları, FHN-in Aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur.

Nazirlik rəsmisi əlavə edib ki, artıq yanğının yayılmasının qarşısı alınıb və yaxın zamanlarda yanğının söndürülməsinə nail olunacaq:

"Yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.

Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən də xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də imkan daxilində bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər".