Azərbaycanda aqrar sığorta sistemi tətbiq olunur, banklara dövlət zəmanəti verilə bilər - RƏY

Azərbaycanda aqrar sığorta sistemi tətbiq olunur, banklara dövlət zəmanəti verilə bilər - RƏY
21:30 20-08-2019 | icon 61

Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sığorta sistemi olmalıdır. Çünki kənd təsərrüfatının inkişafı həm də iqlim amillərindən çox asılıdır.

Bunu milletinsesi.info-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsinin yaradılmasını şərh edərkən deyib.

N.Nəsirli qeyd edib ki, kənd təsərrüfatında obyektiv və subyektiv risklər mövcuddur.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi, dolu düşməsi, leysan yağması kənd təsərrüfatı məhsullarına 30-40 faiz həcmində zərər vura bilir:

"Ona görə də bütün dünyada kənd təsərrüfatında aqrar sığorta sistemi tətbiq olunur. Məqsəd isə budur ki, fermerlərin il ərzindəki ziyanlarının bir hissəsi dövlət tərəfindən qarşılansın".

Ekspert bildirib ki, bundan sonra növbəti addım kimi aqrar sığorta sisteminin mexanizmləri işləniləcək:

"Ümumiyyətlə, aqrar hadisənin iddiaları dəqiq bilinməlidir. Yəqin ki, bununla bağlı qaydalar hazırlanacaq. Əsas iştirakçılardan biri də Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Bilirsiniz ki, maliyyə qurumları Palatanın üzvüdür. Onların koordinasiyasını həmin Palata həyata keçirir".

N.Nəsirlinin fikrincə, mövcud vəziyyət ondan ibarətdir ki, hər il aqrar sığorta məqsədilə bir milyon manatdan çox vəsait ayrılır, lakin bunun cüzi hissəsi istifadə edilir:

"Çünki bizdə aqrar sığorta bazarının iştirakçıları aktiv deyil. Azərbaycanda 18 sığorta şirkəti fəaliyyət göstərir, onlardan da cəmi üçü bazara aqrar sığorta alətlərini təqdim edir. Fikrimcə, bundan sonra banklara dövlət zəmanəti veriləcək. Məqsəd isə budur ki, banklar aqrar sığortanı ödəyəndə, fermerdən asılı olmayan məsələlər ortaya çıxanda zərər ödənilsin".

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi .

Fərmanda göstərilir ki, fond ölkədə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Nazirlər Kabinetinə fondun nizamnaməsini Kənd Təsərrüfatı Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq etmək tapşırılıb. Bundan başqa, "Aqrar sığorta" informasiya sisteminin əsasnaməsi, bu sistemə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısı hazırlanacaq.

Fondun ilkin nizamnamə kapitalı bir milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Fərmana əsasən, fondda ictimai əsaslarla fəaliyyət göstərən və beş üzvdən – Kənd Təsərrüfatı Nazirliyinin (iki nəfər), Maliyyə Nazirliyinin (bir nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (bir nəfər) və fermerlər assosiasiyasının (bir nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır.

Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

Aqşin Kərimov