Ermənistan rəhbərliyi çıxış yolu kimi populist bəyanatlara sığınır - ŞƏRH

Ermənistan rəhbərliyi çıxış yolu kimi populist bəyanatlara sığınır - ŞƏRH
21:05 14-08-2019 | icon 43

Ermənistan Xarici İşlər nazirinin Baş nazir Nikol Paşinyanın Xankəndində səsləndirdiyi sonuncu məsuliyyətsiz, təxribatçı çıxışını təsdiqləməsi bu ölkədə davam edən siyasi mübarizənin və yeni hakimiyyətin xarici siyasətdə səriştəsizləyinin göstəricisidir.

Bunu milletinsesi.info-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın sonuncu bəyanatını şərh edərkən deyib.

Ekspert bildirib ki, Z.Mnatsakanyanın bəyanatı həm də N.Paşinyan hökumətinin ölkədaxili siyasi mübarizə fonunda necə zəif olmasının göstəricisidir.

Onun sözlərinə görə, Ermənistan rəsmiləri çıxış yolu kimi ancaq populist bəyanatlara sığınmağa məcburdurlar:

“Hazırki hakimiyyət nümayəndələrinin bu bəyanatlarının ilk növbədə Ermənistanın maraqlarına və xarici siyasət strategiyasına zərbə vurması barədə məqamları bəzi erməni siyasətçilər də şərhlərində qeyd ediblər.

N.Paşinyan hakimiyyətə gəldikdən sonra beynəlxalq ictimaiyyətə onun guya Qarabağ ermənilərinin adından danışmaq hüququ olmamasını bəhanə gətirərək, qondarma rejimi danışıqlarda ayrıca tərəf kimi qəbul etdirməyə çalışdı. Bu cəhdlərə cavab olaraq mart ayında ATƏT danışıqlarda tərəflərin yalnız Azərbaycan və Ermənistan olması barədə öz mövqeyini ortaya qoydu, bundan sonra da ermənilər iddialarından əl çəkdilər”.

F.Çıraqov qeyd edib ki, N.Paşinyan çıxışı ilə işğal faktını etiraf edərək özünün əvvəlki iddialarına zidd gedir:

“Hesab edirəm ki, Paşinyan əslində bu çıxışla özünü və Ermənistanı ifşa etdi və buna görə ona “təşəkkür” də düşür. Artıq bu bəyanatdan sonra beynəlxalq arenada Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ müstəqil tərəfdir” kimi iddialarla çıxış edərək danışıqlar prosesini uzatmaq, dünya ictimaiyyətini aldatmaq cəhdləri daha da çətin olacaq. Əminəm ki, Azərbaycan diplomatiyası uzun müddət bütün platformalarda ermənilərin arqumentlərini alt-üst etmək üçün Paşinyanın bu çıxışından çox səmərəli şəkildə istifadə edəcək.

Bu bəyanat, həmçinin ölkəmizin münaqişəni güc yolu ilə həll etmək üçün arqumentlərini və əsaslarını daha da gücləndirəcək. Belə ki, bu bəyanat çox açıq şəkildə danışıqlar prosesinin məhz kim tərəfindən sabotaj edildiyini və kimin konstruktiv və təmkinli mövqedə olduğunu göstərir”.

Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyan Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı deyib ki, Baş nazir N.Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışına əlavə şərh vermək lazım deyil:

“Baş nazir hər şeyi dedi. Deyilənlərə nəsə əlavə etməyə, yenidən oxumağa ehtiyac yoxdur”.

Qeyd edək ki, Nikol Paşinyan avqustun 5-də Xankəndidə demişdi ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir.

Aqşin Kərimov