Türkiyədə Qarabağ günləri keçirildi - FOTO

Türkiyədə Qarabağ günləri keçirildi - FOTO
01:00 12-08-2019 | icon 42

Türkiyənin Afyonqarahisar şəhərində Qarabağ mədəniyyətinin təbliğ edilməsi ilə bağlı silsilə tədbirlər keçirilib.

milletinsesi.info xəbər verir ki, Bolvadin rayonunda baş tutan “Qarabağ Günləri” adlı tədbirdə əslən Qarabağdan olan və hazırda Türkiyədə yaşayan əhali ilə yanaşı, yerli camaat və rayon icra hakimiyyəti nümayəndələri də iştirak edib.

2015-ci ildən etibarən baş tutan festival çərçivəsində Azərbaycan və Qarabağa aid musiqi əsərləri səsləndirilib, Qarabağ təamları, milli oyun nümunələri nümayiş etdirilib. 

Tədbirin təşkilatçılarından olan Mehmet Aydın milletinsesi.info-a açıqlamasında bildirib ki, festivalın keçirilməsində əsas məqsəd bizdən sonrakı nəsillərin də əslən kim olduqlarını, atalarını, keçmişini unutdurmamaqdır:
“Bolvadin rayonunda 3 Qarabağ kəndi var – Böyük Qarabağ, Orta Qarabağ və Dərə Qarabağ. Hər 3 kənddə yaşayan əhali əslən Azərbaycanın Qarabağ bölgəsindən köçərək Türkiyədə məskunlaşanlardır. Bir neçə il əvvələ qədər müxtəlif bayramlarda və xüsusi günlərdə toplaşırdıq, lakin 2015-ci ildən etibarən qərara aldıq ki, özümüzə - Qarabağa aid festival təşkil edək. Hər il keçirdiyimiz bu tədbirdə Qarabağa aid yeməklər hazırlanır, musiqilər səsləndirilir, rəqslər, müxtəlif oyunlar nümayiş etdirilir”.

Mehmet Aydının sözlərinə görə, Türkiyə türkçəsində istifadə edilməyən lakin Azərbaycan dilinə, Qarabağ şivəsinə məxsus 2500-dən çox söz və ifadə var. 

“Bu səbəbdən biz həm dilimizi, həm də Qarabağın mədəniyyətini, incəsənətini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələn addımları atırıq”, - deyə o, əlavə edib.

Kamil Əmirli