Virtual həyatda mataha mindinsə, realda it yerinə qoyulmasan da olar

Virtual həyatda mataha mindinsə, realda it yerinə qoyulmasan da olar
11:20 10-08-2019 | icon 49

 Aqşin Yenisey yazır...

Bir cəmiyyət özünün tənqid ruhunu “içinə girmiş cin” zənn edərsə, tənqidi “qınından çıxıb, qınını bəyənməmək” kimi sürreal tısbağa obrazı ilə eyniləşdirərsə, o cəmiyyətdə nəsillərarası yenilənmə prosesi getməz; yenilər köhnələrin təkrarına çevrilər, ağadan ağa, kölədən kölə törəyər, mədəniyyətin genlərdə depolanması prosesi dayanar və həyat bioloji aktlar yığınına çevrilər.

Mədəni cəmiyyətlər yenidən vəhşiləşməsinlər deyə, həmişə tənqid yelçəkənində yatırlar. Bu gün qarşımıza hər sahədə psixopat kimi çıxan sovet insanı ona görə uğursuz eksperimentin nəticəsi kimi xarakterizə olunur ki, KQB tənqidin bütün növlərinə nəzarət edirdi. Məsələn, ədəbi tənqidçi kolxozçulara deyirdi ki, filan əsəri oxuyun. Kolxozçunun ağzı nə idi ki, oxumasın və oxuduğunu bəyənməsin. 

1932-ci ildə yazdığı “Tənbəlliyə mədhiyyə” məqaləsində Bertran Rassel Avropa kapitalizmini yıxıb-sürüyürdü ki, insanları səkkiz saat işlətmək olmaz, onların mədəniləşmək, mədəniyyət yaratmaq üçün boş vaxta ehtiyacları var. Gündə səkkiz saat işləyən Avropa getdikcə yenidən vəhşiləşəcək. Nəhayət, bu günlərdə Avropanın bir sıra ölkələrində dördgünlük iş sisteminə keçdilər və Avropanın növbəti yüzilliklərdə də mədəniyyət qitəsi olacağına zəmin yaratdılar.  

İngilis tarixçi-filosofu Arnold Toynbi özünün dünyaca məşhur 12 cildlik “Tarixin tədqiqi” əsərində tarix sonrası dövrlərdə, yəni yazının icadından sonra yaranan və dağılan 23 sivilizasiyanı araşdırıb.

Bizim kimi maaşdan və evlənməkdən başqa bir dərdi olmayan cəmiyyətlərin nümayəndəsi sual edə bilər: nə zaman gəldi-keçdi o 23 sivilizasiya, bəs bizim niyə xəbərimiz olmadı? Eynən tundrada maral minən çukçanın İkinci Dünya müharibəsindən xəbər tutmaması kimi. 

“Tüfəng, mikrob və polad” kitabının müəllifi amerikalı Cared Daymond yazır ki, Toynbi bu 12 cildlik əsərində yazıb-oxumağı zəif olan sivilizasiyaları, belə deyək, adam yerinə qoymayıb. Hələ onları da araşdırsaydı, Allah bilir, bizə qədər mövcud olmuş sivilizasiyaların sayı neçəyə çıxacaqdı.

Beş-altı min illik bir zaman kəsiyində 23 sivilizasiyanın olması belə onu göstərir ki, mədəniyyətlər sürətlə dəyişir, bir-birini əvəzləyir, biri məhv olunca, yerini digəri alır və nə vaxta qədər ki Kim Çen In kimi qabağından yeməyən bir vassal qaqaş içib öz “havasını” oynamaq üstündə dünyada nüvə davası salmayacaq, bu yerdəyişmə belə də davam edəcək. 

Bəri başdan deyim ki, sivilizasiya kimi böyük miqyasları araşdırmaq bizim işimiz deyil, biz uzaqbaşı öz cəmiyyətimizin necə, nə zaman, nə üçün dəyişə biləcəyi haqqında danışa bilərik, onu da əldə olunan statistik məlumatlar əsasında deyil, Allah vergisi hesab olunan fəhm duyğusunun sayəsində.

Mus-musdan Mustafaya keçməyin məsləhət görülmədiyi zəmanəmizdə oxumuş adamlar belə xarakterizə edirlər ki, Renessansdan sonra bütün ictimai yenilənmələr cəmiyyət-dövlət qarşıdurmalarının nəticəsi olaraq meydana çıxıb. 1970-1980-ci illərdən sonra isə qarşıdurmanın hədəflərindən biri olaraq cəmiyyət yenilənmə üçün özünü hədəfə çevirdi.

Düzdür, bunu, yəni cəmiyyətin yenilik naminə özünü hədəfə çevirməsini bizim insana izah etmək qeyri-mümkündür. Uzun illər totalitar sovet sistemində yaşamış, evindəki uşaqların sayına qədər dövlətin əlinə və ağzına baxmış, hər şeyin yuxarıdan bir göstərişlə dəyişəcəyinə inanan bir cəmiyyətin ictimai inancını bir yazı ilə dəyişdirmək cəhdi tərəfimizdən başdanxarablıq kimi qiymətləndirilməkdədir.

Yeni ictimai hərəkat nəzəriyyəçiləri iddia edirlər ki, yaşadığımız çağda artıq sinfi mübarizə anlayışı başa çatıb. “Kimin xeyrinə” deyə bir sual versəniz, cavab netdir, əlbəttə ki, dünya sərvətlərinə yiyəlik edən güclərin xeyrinə. Kapitalist dünya, nəhayət ki, Karl Marksın arxasını yerə vurub. 1789-cu il Böyük Fransa inqilabından fərqli olaraq, bu gün dünyada cəmiyyəti dəyişmək uğrunda mübarizə aparan qüvvələr əliyabalı geniş xalq kütlələri yox, yüksək təhsilli və daimi gəliri olan aktivistlər, universitet-tələbə qruplarıdır.

Yəni bu gün yenilik axtaran bir cəmiyyətdə bu iki növ meydangirlər yoxdursa, o cəmiyyətdə geniş xalq kütlələri heç bir yeniliyə nail ola bilməzlər.

Sosial şəbəkələrin varlığı artıq insan və ideyalar üçün zaman və məkan məhdudluğunu aradan qaldırıb. Bu gün sosial şəbəkələrdə mövcud olan adam artıq iki nəfərdir, siz internetdə olmayanda belə oradakı kimliyiniz bir şeylərə şahid olur, siz xəbəriniz olmadan cürbəcür qruplara cəlb edilə və hansısa prosesdə iştirak edə bilərsiniz.

Siz real dünyada gündə səkkiz saat yata bilərsiniz, virtual profilinizin isə heç vaxt gözünə yuxu getməyəcək. Bu gün həyatda vəfat etmiş adamlar belə virtual dünyada diridirlər, nəsə paylaşırlar, nəsə yazırlar, kimlərsə onlara nəsə yazır, soruşur. Hərdən adama elə gəlir ki, biz artıq real dünyada virtual dünyada olan kimliyimizin maketi kimi yaşayırıq.

Gerçək dünyada hamı bir-birindən nələrisə gizləyir, əsl münasibətlər, əsl gerçəkliyimiz virtual dünyadadır. Orada hörmətdən düşdünsə, burada vay halına. Orada mataha mindinsə, burada it yerinə qoyulmasan da olar. İspan sosioloqu Manuel Kastels də mən deyəni deyir: 

“Fərdlər artıq qlobal və regional olaraq hörülmüş, bir-biriləri ilə bağlı olduqları bir tor üzvləri kimi yaşayırlar”.

Metaforik desək, eyni torun çoxsaylı hörümçəkləriyik. Deməli, yeni nə baş verəcəksə, əvvəlcə burada baş verəcək.

1960-1970-ci illərdə dünyadakı bütün dəyişikliklərin qığılcımı ilk olaraq universitetlərdə parlayırdı. Məsələn, Salman Rüşti “Gecəyarı uşaqları” romanında yazır ki, 60-cı illərdə Qərbdə universitet tələbələri daha çox hüquq, daha çox azadlıq tələb edəndə pakistanlı tələbələr daha çox şəriət, daha çox dini qadağa tələbi ilə İslamabadı dağıdırdılar.

Bu gün hansısa haqqı tələb etməyin ən qısa yolu sosial şəbəkələşmədən keçir. Əgər 20-30 il əvvəl 1000 nəfər insanı bir yerə yığmaq üçün günlərlə, bəzən aylarla, hətta bəzən illərlə vaxt lazım olurdusa, bu gün həmin min nəfəri bircə “tweet”lə yarım saata lazım olan ünvana toplaya bilərsiniz.

Yaşadığımız bu köhnə dünyanın kəşfinə görə yəqin ki, macəra həvəskarlarına borcluyuq. Yeni olan virtual-sosial dünyanın da ilk səyyahları texnogen macəraçılardır. Çox vaxt bizə arxasında ciddi səbəblər olan ictimai hadisələr kimi görünən kütləvi hadisələr, sadəcə, internet macəraçılarının əyləncə xatirinə çıxardıqları hoqqalar olur. Onlar artıq sosial bir sinifdir, digər sosial sinifləri “slither.io” kompüter oyunundakı aparıcı ilan kimi udub böyüməkdədirlər.  

Biz bilgi, xəbər, mədəniyyətlə yanaşı, həm də internet istehlakçısıyıq, yəni internetdən istifadə etdiyimizi zənn etsək də, hazırda internet bizim əməyimizdən sui-istifadə edir. Bizim internetdə keçirdiyimiz boş vaxtımız, əslində, internet dünyasındakı iş vaxtımızdır.

Sizi bilmirəm, şəxsən mən hərdən özümü nabələd olduğum bu virtual dünyanın eşşəkarısı kimi hiss edirəm...