Meyvələr eybəcərləşir, gec yetişir, “boz çürümə” yayılır - Aramsız yağışların fəsadları

Meyvələr eybəcərləşir, gec yetişir, “boz çürümə” yayılır - Aramsız yağışların fəsadları
21:05 09-08-2019 | icon 46

İllər üzrə meteoroloji təhlillər göstərir ki, qışda temperatur amplitudlarının yüksək, yayda isə aşağı düşməsi iqlim amilləri ilə birbaşa əlaqəli olan kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk və stress amilləri yaradır. Belə görünür ki, illər üzrə bitkilər üçün stress faktorları daha da güclənməkdədir.

Bu sözləri milletinsesi.info-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, aramsız yağışlar nəticəsində ilkin yazda ərik, gilas, alça kimi tez çiçəkləyən ağaclarda tozlanma prosesi tam başa çatmamış ağacların potensial məhsuldarlığı aşağı düşüb:

“Qlobal iqlim dəyişmələrinin əlamətlərini yaşadığımız 2019-cu ildə daha aydın müşahidə edirik. İlin aqrometeoroloji analizi onu deməyə əsas verir ki, qış fəslində baş verən quraqlıq, fəsilə xarakterik olmayan isti hava kütlələrinin axını ilkin yazda öz yerini kəskin qeyri-sabitliyə verib, yaz fəsli kəskin temperatur dəyişmələri, dolu, yağıntıların intensivliyi ilə müşahidə olunub. Son üç gündə havaların kəskin dəyişməsi də yay fəslinə xarakterik deyil. Bu cür qeyri-sabit hava şəraiti nadir hadisə kimi qiymətləndirilə bilər”.

N.Nəsirli qeyd edib ki, son günlər davam edən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər:

“Üzüm xəstəlik və zərərvericilərə sirayətlənmə baxımından meyvəçilikdə ən zəif bitki sayıla bilər. Temperaturun qəflətən aşağı düşməsi üzüm tənəklərində su və metabolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə - şəkərlilik və turşululuğuna mənfi təsir göstərir. Yağıntıların baş verməsi üzümçülükdə təhlükəli xəstəlik olan “boz çürümə” xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, yağış yağması nəticəsində dəmyə əkinlərində gilələrdə partlama əmələ gəlir. Nəticədə məhsulun əmtəə görünüşündə eybəcərlik olur. Bununla da fermerə iqtisadi ziyan dəyir”.

Ekspert bildirib ki, bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə də müşayiət olunur:

“İyul, avqust və sentyabr ayları meyvədə şəkər toplama, vegetasiyanın başa çatması dövrü olduğu üçün temperatur sabit olmalı, gecə-gündüz temperaturu arasında amplitud normal həddə tərəddüd etməlidir. Gündüzlər kəskin isti, axşamlar isə soyuq olması, həmçinin gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. Bu, daha çox üzüm, əncir, nar meyvələrinə aiddir. Nəticədə, adıçəkilən meyvələr öz bioloji xüsusiyyətlərinə uyğun olaraq öz vaxtında yetişməyəcək, bağlarda kütləvi gecyetişmə prosesi müşayiət olunacaq”.

O vurğulayıb ki, yay aylarında yağıntıların düşməsi alma, armud kimi meyvələrin xarici səthində kiçik zədələnmələr əmələ gətirir:

“Bu zədələr sonradan havaların qızması nəticəsində çürüntü bölgəsi əmələ gətirir və məhsulun böyük hissəsi bağdaca itirilir. Yalnız düzgün aqrotexniki qulluq aparılan, zərərverici və ziyanvericilərə qarşı sistemli mübarizə aparılan bağlarda bu zədələr fəsada yol açmır, ağacın qüvvətli immuniteti sayəsində zədələr qısa vaxtda aradan qalxır. Tədbirlər aparılmayıbsa, bağ xəstəliyə sirayətlənibsə, yağışların əmələ gətirdiyi zədələr irihəcmli itkilərə aparıb çıxarır”.

Ekspert onu da deyib ki, meyvəçiliklə məşğul olan fermerlər yay aylarında düşən yağıntılardan sonra sahələrdə aktivləşən “qırmızı gənə”nin hərəkətini və göbələk xəstəliklərini nəzarətdə saxlamalıdır:

“On gündən bir bağlarda kimyəvi mübarizə tədbirləri həyata keçirməlidirlər. Qeyri-sabit hava şəraitində tərəvəzçilik istiqaməti üzrə əsas diqqət açıq sahədə əkilən pomidor şitillərinə də yönəlməlidir. Pomidorun “avqust-sentyabr xəstəliyi” adlandırılan fitoftora nəm havaların, axşamlar soyuq, gündüzlər isə kəskin istilərin təsiri ilə sahəni bürüyür, nəticədə barın yuxarı hissəsində qaralma əmələ gəlir və çürümənın əhatə dairəsi genişlənərək məhsulun zay olmasına gətirib çıxarır. Torpaq adamları məhz bu iki ayda pomidor sahələrini fitoftoranın mənfi təsirlərindən qorumalıdırlar.

Əkinçilikdə - mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çugunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır. Bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır”.

N.Nəsirli son becərmə işləri gedən pambıqçılığa yağıntılı havaların mənfi təsirinin olmadığını vurğulayıb:

“Qozalar hələ ki çiçəklənmə dövrünü başa çatdırmadığı üçün nəm havalar lifin keyfiyyətinə mənfi təsir göstərə bilməz. Yalnız normativlərə uyğun əkilməyən, sıx səpilən sahələrdə nəmlik nəticəsində göbələk xəstəliyi formalaşa bilər ki, bunu da seyrəltmə aparmaqla aradan qaldırmaq lazımdır”.

Ekspert hesab edir ki, heyvandarlıq belə havalarda əlverişli olan yeganə sahədir:

“Belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda, quşçuluq üçün idealdır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştaha ilə yeyir və özünü bir növ komfortda hiss edir. Heyvandarlığın ən həssas sahəsi olan arıçılıq üçün də avqust yağıntılarının mənfi təsiri yoxdur. Əksinə, balvermə dövrü başa çatdığı üçün arıların qüvvəli yem bazasına ehtiyacı var. Yağışlar nəticəsində təbiət canlanır, bitkilərdə erkən inkişaf baş verdiyi üçün arıların nektarın bazası güclənir. 

İqlim qeyri-sabitliyi bundan sonrakı illərdə də davam edəcəksə, pereventiv tədbirlərin həyata keçirilməsi vacibdir. İstehsalçılar əkin materillarının keyfiyyət göstəricilərinə diqqət yetirməlidirlər. Təsadüfi əldə olunan, sort və bioloji xüsusiyyətləri təsdiqlənməmiş toxum və tinglər əkinlərdə tətbiq olunmamalıdır. Əkinçilikdə yerli iqlimə uyğunlaşan, stress amillərinə (quraqlıq, soyuq, xəstəlik və s.) dözümlü toxum və tinglərdən istifadə olunmalıdır. Bununla bərabər, bitki mühafizə tədbirlərinin texnoloji xəritəyə uyğun həyata keçirilməsi ilə potensial məhsuldarlıq qorunmalıdır”.

Sevinc Yasinqızı