“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu

“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu
15:15 09-08-2019 | icon 480

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub.

IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu ABŞ-ın Nyu York ştatının Osveqo şəhərində keçirilən IX “Dahilərin olimpiadası”nda ("Genius olympiad") nümayiş etdirib. Azərbaycandan olan gənclərin ixtiraları olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir.

Qeyd edək ki, Gəncə şəhərinin IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev ABŞ-da keçiriləcək olimpiadada iştiraka dəstək göstərilməsi üçün “Regional İnkişaf” İctimai Birliyinə müraciət etmişdilər. Yarışda 78 ölkənin nümayəndələri iştirak ediblər. 247 fərqlənmə diplomu alan iştirakçılar arasında Rəsul Əliyev və Hüseyn Əliyev də olub.

Xatırladaq ki, həmin olimpiadada Azərbaycandan olan 7 iştirakçı robotika, elm və incəsənət kateqoriyaları üzrə qızıl medal, 3 iştirakçı robotika sahəsində bürünc medal alıb, daha 4 iştirakçı da musiqi və robotika kateqoriyalarında fərqlənmə diplomu əldə edib.