Ucar sakini yol polisi əməkdaşından nazirə şikayət etdi

Ucar sakini yol polisi əməkdaşından nazirə şikayət etdi
15:55 08-08-2019 | icon 244

Abdulhüseyn Mahmudov: “Nurlan Mehdiyev məni saxlayaraq özünü təqdim etmədən bildirdi ki, sən yol hərəkət qaydasını pozmusan, bizə hörmət et, çıx get”

 

“Mən ona öz iradımı bildirdim ki, “hörmət et” mənasını başa düşmürəm, xəstəxanaya ağır xəstə aparıram, mənə kömək et xəstəni xəstəxanaya çatdırım...”


Ucar rayonu Qazyan kənd sakini, fərdi təqaüdçü, 78 yaşlı Mahmudov Abdulhüseyn Alıhüseyn oğlu tərəfindən “Millətinsəsi.info”nun redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır:

“Hörmətli Nazir!

01 iyul 2019-cu il, saat 10-00 radələrində Mersedes-Benz 90-MA-899 dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobilimlə ağır xəstəni Ucar rayonundan Göyçay Mərkəzi rayon Xəstəxanasına apararkən Ucar-Göyçay magistral yolunun 15-16 km-də, Potu kəndinin yol ayrıcında, yolun kənarında dayanmış bir neçə avtomobilin yanından keçərkən məcburiyyət qarşısında qalb avtomobilin bir təkəri orta düz xəttin üzərindən keçdi.

Bu zaman dövlət qeydiyyat nömrəsi 99-YP-621 olan avtomobillə Göyçay Yol Polisi bölməsinin əməkdaşı, yol polisi nümayəndəsi baş serjant Nurlan Mehdiyev məni saxlayaraq özünü təqdim etmədən bildirdi ki, sən yol hərəkət qaydasını pozmusan, bizə hörmət et, çıx get.

Mən ona öz iradımı bildirdim ki, “hörmət et” mənasını başa düşmürəm, xəstəxanaya ağır xəstə aparıram, mənə kömək et xəstəni xəstəxanaya çatdırım. Sonra sən əvvəlcə yol kənarında düzgün dayanmayan, yolun hərəkət hissəsinin müəyyən hissəsini zəbt edən avtomobilləri yoldan kənarlaşdırmaq əvəzinə mənə deyirsən ki, “bizə hörmət edin” və məni günahlandırırsan.

Mən xəttin üstünə çıxmamaq üçün yol kənarında dayanmış ya həmin avtomobilləri vurmalı idim, ya da səs siqnalı verərək bir neçə avtomobilin yoldan qırağa çıxmasını xahiş etməli idim. Və yaxud da qarşı tərəfin yolu boş olduğu üçün xəttin üstündən keçməli idim. Amma bu işləri yol polisin əməkdaşları yerinə yetrirməli olduqları halda məni günahlandırdılar.

Ucar sakini yol polisi əməkdaşından nazirə ŞİKAYƏT ETDİ

Həmin dayanmış avtomobillər yolun hərəkətinə həm mane olur, həm də qəza şəraiti yaradırdılar. Amma həmin polis əməkdaşı ona hörmət etmədiyimdən mənə cərimə yazacağını bildirdi. Mən isə bir daha ona xəstənin xəstəxanaya aparmaqda mənə kömək etməsini xahiş etdim. Dedi ki, mən təcili yardım deyiləm. Bu zaman ondan özünü təqdim etməsini bildirdim. O isə əvəzində mənə dedi ki, sənə protokol gələndə mənim adımı və soyadımı oradan oxuya bilərsən. Elə də oldu, onun adını protokolu alandan sonra bildim.

1-ci şikayət məktubundan sonra məni Göyçay Yol Polisi bölməsinə dəvət etdilər. Məni bölmənin rəis müavini qəbul etdi və təkidlə protokola imza etməyimi bildirdi. Lakin protokolla razılaşmayıb imza etmədim, əvəzində rəis müavinindən soruşduqda ki, niyə əməkdaşınız xəstəni tex xəstəxanaya şatdırmaqda mənə kömək etmədi, o bildirdi ki, biz təcili yardım işləmirik.

Amma dəflərlə mətbuatda, televiziyalarda oxyub, görmüşük ki, Bakı Şəhər Yol Polis əməkdaşları hər hansı bir xəstəyə kömək ediblər, bundan region polislərinin xəbəri belə yoxdur. Bunları onlara çatdırdıqda təəssüflər olsun ki, rayon yol polisinin işçilərinin bu işlərdən xəbərsiz olduqlarını və eşitmədiklərini bildirdilər. Demək belə çıxır ki, Bakı şəhərində işləyən yol polis əməkdaşları yüksək mədəniyyətə, insanpərvərliyə malikdirlər, nəin ki, rayon yol polis bölməsinin əməkdaşları. Bunların bir məqsədi var, daha cox cərimə yazıb, daha çox mükafat almaq, insanların sağlamlığı bunlar üçün 2-ci dərəcəli işdir.

Hörmətli Nazir!

Odur ki, yuxarıda yazdıqlarımı nəzərə alaraq Göyçay Yol Polisi bölməsinin əməkdaşı, dövlət qeydiyyat nömrəsi 99-YP-621 olan avtomobili idarə edən yol polisi nümayəndəsi, polis baş serjantı Nurlan Mehdiyev haqqında ölçü götürülməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

 

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.