“Azərişığ”ın 1,6 milyon manatlıq tenderinin qalibi 6 aylıq şirkət olub

“Azərişığ”ın 1,6 milyon manatlıq tenderinin qalibi 6 aylıq şirkət olub
13:19 09-08-2019 | icon 74

“Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün bu il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Report.az” xəbər verir ki, tenderin qalibi “Tikinti Təmir RR” MMC elan edilib.

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb.

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan “Tikinti Təmir RR” bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.

""Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün, güya, tender elan edib. Nə hikmətdirsə, tenderi cəmi 6 ay əvvəl yaradılmış "Tikinti Təmir RR" şirkəti udub və artıq 1 549 307 manatlıq müqavilə imzalanıb”.  Bunu tanınmış iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

"Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır, - deyə o əlavə edib. - Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabat olmalıdı, amma deyəsən bu şirkətin yeganə uğuru məmur qohum-əqrabası olmasıdır, yəni adamlar doğuşdan şanslıdırlar. 

Image result for Natiq Cəfərli

Deyəcəksiz ki, 1 mln 550 min manat nə puldu ki, ölkədə milyardlar yeyilir - haqlı ola bilərsiz, amma büdcə pulunu, dövlət şirkətlərinin pulunu məhz belə, xımır-xımır gəmirirlər, əvəzində dövlətçilikdən-zaddan danışırlar".