Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi - Eks-nazir mənasını açıqlayır

Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi - Eks-nazir mənasını açıqlayır
15:10 06-08-2019 | icon 61

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan torpaqlarına avqustun 5-də gerçəkləşən qanunsuz səfərinə münasibət bildirib. 

T.Zülfüqarov milletinsesi.info-a açıqlamasında deyib ki, Paşinyanın Xankəndinin mərkəzində çıxış edərkən “miatsum” (birləşmək) şüarı səsləndirməsi təxribatdan başqa bir şey deyil. 

“Dağlıq Qarabağda separatçı hərəkat da “miatsum” şüarları ilə başlamışdı.

Separatçıların məqsədi Azərbaycan torpaqlarını işğal etmək və Ermənistana birləşdirmək idi.

Bu məqsədlə o dövrdə etnik təmizləmə siyasəti həyata keçirildi və azərbaycanlıların hamısı doğma yurd-yuvalarından qovuldu”, - deyə T.Zülfüqarov xatırladıb. 

Eks-nazirin sözlərinə görə, Paşinyan “miatsum” səsləndirməklə Ermənistanın hamıya çoxdan məlum olan anneksiya siyasətini açıq şəkildə bəyan edib. 

T.Zülfüqarov onu da əlavə edib ki, Paşinyan Dağlıq Qarabağdakı qondarma qurumun idarəsinin öz əlində olmasını göstərməyə çalışsa da, reallıq fərqlidir. 

“Əslində Paşinyanın özünü Qarabağın da rəhbəri kimi göstərmək cəhdləri ikinci dərəcəli məsələdir. Qarabağ separatçılarının maliyyələşməsi, təhlükəsizliyi Ermənistandan asılıdır. Heç bir dövlət Dağlıq Qarabağdakı separatçı qurumun “müstəqilliy”ini tanımır. Paşinyan isə dünya ictimaiyyətinin diqqətini ona yönəltməyə çalışır ki, guya həmin qondarma qurum “müstəqildir”. 

Qeyd edək ki, avqustun 5-də Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə gəlib.

O, Xankəndinin mərkəzində çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqların ruhuna zidd fikirlər səsləndirib. 

Ermənistanın baş naziri Dağlıq Qarabağı Ermənistana birləşdirmək mesajları isə nə dünya ictimaiyyəti, nə də Ermənistanın siyasi qüvvələri tərəfindən müsbət qarşılanır.