Onu bağışlamaq olarmı?

Onu bağışlamaq olarmı?
14:35 03-08-2019 | icon 77

Ramin Musayev yazır...

Bu günlərdə Amerikada çox populyar olan “Suits” serialına baxırdım. Filmin süjeti Nyu Yorkun “Wall Street” küçəsində yerləşən böyük hüquq firmasında olan hadisələrdən danışır.

Hadisələrdən birində baş partnyorlardan biri tərəfindən müştərilərin hesablarından 3 milyon dolların mənimsənildiyi ortaya çıxır. Soruşanda həyat yoldaşının ağır xəstə olduğu üçün bunu etdiyini söyləyir. Amma sonradan agah olur ki, pulları sevgilisinə xərcləyirmiş. Bundan sonra o, firmanın idarəçiliyindən uzaqlaşdırılır. Razılıq əsasında bu hadisəni ictimailəşdirmirlər, amma o, səhmdar olaraq qalır. Beş ildən sonra şirkətə qayıdır və artıq başqa insan olduğunu söyləyir. Ancaq yenidən firmanın idarəsini ələ keçirmək üçün yalanlara və saxtakarlıqlara əl atır və onu daha öncə ifşa edənləri ortadan qaldırmaq istəyir. Böyük mübarizə başlayır.

Filmdəki bu hadisə mənə bir neçə il öncə acı təcrübəm əsasında yazdığım statusu xatırlatdı. Statusda qeyd olunmuşdu: “Hansı hallarda işdən çıxarmaq lazımdır və ikinci şans vermək olmaz?” Bu hallar da aşağıdakılar idi:

1. İşçi aldadırsa;
2. Oğurluq edirsə;
3. Tabe olmursa;
4. İşləmirsə;
5. İşləyə bilmirsə.

Əgər belə hallar baş verərsə, dərhal işdən çıxarmaq lazımdır. Əgər siz həmin işçini (özəlliklə 1 və 2) bağışlayıb işdə saxlasanız, onlar minnətdar olmayacaqlar. Əksinə, müdirə daha da nifrət edəcəklər. Çünki heç kim səhvini boynuna almaq istəmir. Fikri isə belə olur:

1. Əclaf! Məni tutdu;
2. Məndən yaxşı olmasını sübut edir, ona görə günahımdan keçdi;
3. Artıq mənə inanmır;
4. Hələ bir mən onun rəhbərliyi altında işləməliyəm;
5. Mən işləyəcəyəm, o pul qazanacaq.

Bu, adi insan psixologiyasıdır. Özünə bəraət qazandıraraq təqsiri başqasında görür. Həmin şəxs əlinə düşən ilk imkanda qisas alacaq. Ona görə də heç kimə ikinci şans vermək olmaz. Çünki nə vaxtsa sahibkar pis vəziyyətə düşərsə, ona heç kim kömək olmayacaq, hələ təpik vurub deyəcək ki, yaxşı oldu sənə.

Bu statusa Linkedİn-də çox böyük müqavimət gördüm. Əlbəttə ki, bu, sıravi işçilər tərəfindən gəldi. Deməli, bu statusda özlərini gördülər, ona görə də razılaşmadılar, hətta təhqirə keçənlər olmuşdu. Bir şeyi başa düşə bilmirəm. Əgər işçim məni aldadaraq, mənim əziyyət çəkərək qazandığım pulu oğurlayırsa, mən onu işdə saxlayıb başını sığallamalıyam?! Çünki bizdə belə nanəciblərə “bacarana can qurban” deyirlər. Paradoks!

Bunların baş verməməsinin doğru yolu - peşəkar personalı işə götürüb, bütün şərtləri öncədən danışmaq, razılaşdırmaq, yaxşı maaş vermək, nəzarətdə saxlamaqdır. Ən əsası isə bütün razılaşmalar rəsmiləşdirilməli, ödənişlər rəsmi olunmalı, vergilər ödənilməlidir. Müqavilə isə yalnız professional kadrlar üzrə mütəxəssis və hüquqşunas tərəfindən hazırlanmalıdır. İşçinin qarşısına məqsəd və vəzifələr qoyulmalı, onların yerinə yetirilməsi tələb olunmalıdır. İş günü təyin edilməli, əlavə işləyərsə, əlavə ödəniş almalıdır. Əgər həmin şəxs həftədə 40 saata öz işini yerinə yetirə bilmirsə, deməli, ya müdir ona bacardığından artıq iş tapşırıb, ya da o, öhdəsinə düşən işi görməyi bacarmır.

Çox hallarda şahid oluram: rəhbərlər işçilərini çox yükləyirlər ki, başqa işçiyə pul xərcləməsinlər. Bu halda da işin keyfiyyəti aşağı düşür.

Bir də rəhbərlərə heç zaman qohumu, dostları işə götürməməyi məsləhət görərdim. Elə ən çox zərəri də onlar vurur. Digər tərəfdən, işçilərlə dostluq etmək də olmaz, onda yenə də aradakı münasibət pozulur, hörmətsizlik və minnət ortaya girir.

Biznesinizin uğurlu olmasını istəyirsinizsə, yalnız rəsmi işləməyi, hamı ilə müqavilə əsasında razılaşmağı məsləhət görürəm. Bəzən deyirlər ki, “vergi versəm, bəs mənə nə qalacaq?!” Bu, yanlış fikirdir, çünki qeyri-rəsmi aparılan biznes daha çox xərcə və problemlərə məruz qalır. Bunu gələn yazımda xırdalayacağam.