Rus politoloq: Erməni lobbisinin ABŞ-dan Azərbaycana qarşı sanksiya tələb etməsi alınmayacaq

Rus politoloq: Erməni lobbisinin ABŞ-dan Azərbaycana qarşı sanksiya tələb etməsi alınmayacaq
10:50 03-08-2019 | icon 155

ABŞ-ın erməni lobbisi Azərbaycana qarşı sanksiyaların qəbul olunmasına təşəbbüs göstərmək qərarına gəlib. Ermənistan KİV-ləri Qərbi Amerikanın “Ay-Data komissiyası”nın (“Erməni məsələsi) sədri Nora Ovsepyana istinad edərək yazırlar  ki, bunun bir çox səbəbi var.

Azərbaycanın işğal olunmuş ərazilər üzərində hava məkanını uçuşlar üçün bağlaması ABŞ-ın erməni icmasının xoşuna gəlməyib. Bundan başqa, “Ay-Data komissiyası” Qarabağın erməni icması nümayəndələrinin danışıqlar prosesində iştirak etməməsini də bəyənməyib.

Rusiyanın tanınmış ictimai xadimi, pilotoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov Media.Az-a bildirib ki, ABŞ qlobal maliyyələrdə, texnologiyalarda və şəbəkələrdə dominantlıq edir:

“Buna görə də bütün ölkələrin ABŞ-dan asılılığı var. Lakin fikrimcə, Azərbaycana qarşı heç bir sanksiya olmayacaq”.

O hesab edir ki, “Ay-Data komissiyası”nın təşəbbüsü mütəşəkkil erməni lobbisi ilə bağlı bəzi amerikalıların səyləridir:

“Gerçək və ciddi heç nə baş verməyəcək. Sanksiyalar haqqında qərar bir çox mərhələdən keçir. Senat, Dövlət Departamenti və digərləri. Təsəvvür edin ki, onlar Azərbaycana qarşı sanksiya tətbiq edəcəklər – bu, praktiki olaraq mümkün deyil”.

- Bir müddət əvvəl ABŞ-da erməniyönlü konqresmen Bred Şermanın düzəlişi qəbul edildi. Düzəlişə əsasən, Azərbaycanın hava hücumundan müdafiə vasitələrini gücləndirə biləcək ABŞ istehsallı silahların Bakıya satılması qadağan edilir. Lakin Azərbaycan onsuz da bu silahı almırdı.

- Bilisiniz, belə məqam var – ABŞ getdikcə öz siyasətində sanksiya və məhdudiyyətlər alətindən yerli və ya yersiz istifadə edir.

- Yəni mənasız, işləməyən düzəlişlər qəbul edilir...

- Sansksiyaların hamısının işləmədiyini demək tam düzgün olmazdı. Yenidən erməni lobbiçilərinə qayıdım. Bu lobbiçilər ABŞ-da müəyyən qüvvəni təmsil edirlər, lakin onları hər halda son dərəcə nüfuzlu adlandırmaq olmaz. Lakin onlar hansısa düzəlişləri qabağa çəkirlər, bu da “Amerika plankası”nın aşağı düşdüyünü göstərir.

- Qarabağın erməni icmasının nümayəndələrinin danışıqlar prosesində iştirak etməməsi “Ay-Data komissiyası”nın xoşuna gəlmir. Lakin ABŞ-ın iştirak etdiyi Minsk formatı var...

- Onlar özləri (ABŞ-ın erməni lobbisi – red.) də nə etdiklərini başa düşmürlər, Ermənistan rəhbərliyinin dediklərini təkrarlayırlar. Bu, hətta ABŞ-ın mövqeyi deyil, Birləşmiş Ştatların daxilindəki dar qruplaşmanın fikridir.