Deputat Asim Mollazadə: Dövlət xəstəxanalarının pulsuz olması söhbəti yalandır

Deputat Asim Mollazadə: Dövlət xəstəxanalarının pulsuz olması söhbəti yalandır
09:40 03-08-2019 | icon 177

Milli Məclisin deputatı Asim Mollazadənin milletinsesi.info-a müsahibəsi

- ABŞ Konqresi Nümayəndələr Palatasının demokrat üzvü Bred Şerman Azərbaycanın işğal altındakı torpaqlarında aviasiya uçuşlarının həyata keçirilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Layihədən belə anlaşılır ki, Xankəndi aeroportuna da uçuşların həyata keçirilməsinə şərait yaradılmalıdır. Birdən-birə bu ideya haradan ortaya çıxdı? 

- Bred Şerman erməni diasporu ilə sıx əlaqədə olan bir siyasətçidir. Onun ABŞ Konqresindəki fəaliyyəti çox zaman rəsmi Vaşinqtonun maraqlarına zidd olub. Şerman, ilk növbədə, erməni diasporunun maraqlarını ifadə edir. Ümumiyyətlə, Konqresdə bəzi siyasətçilər var ki, erməni maraqlarından çıxış edərək lobbiçilik edirlər. Bu lobbiçilik ABŞ-ın milli təhlükəsizlik maraqlarına da qarşıdır.

- Asim müəllim, Azərbaycana silah satışını qadağan edən 907-ci düzəliş dayandırılıb. Bəs hər hansı hüquqi qüvvəsi qalırmı?

- Amerikada çox gözəl anladılar ki, Azərbaycana qarşı istifadə olunan sənədlər ABŞ-ın öz maraqları əleyhinə yönəlir. Çünki Azərbaycan terrora qarşı mübarizədə Birləşmiş Ştatların çox etibarlı tərəfdaşıdır.

Ağ Ev Azərbaycanla əməkdaşlığa çox önəm verir. ABŞ-ın indiki icra rəhbərliyində erməni lobbisinin tərəfdarları və nümayəndələri yoxdur. Bundan qabaqkı administrasiyada isə var idi. Ona görə də Azərbaycan-ABŞ münasibətlərində müəyyən gərginlik yaradırdılar.

Birləşmiş Ştatlar Azərbaycana sərhədlərini möhkəmləndirmək üçün 100 milyon dollar ayırıb. Bu isə ABŞ-ın Azərbaycana nə qədər çox önəm verdiyini göstərir.

- Amma Azərbaycan hələ də ABŞ-dan silah ala bilmir. Bu, nə vaxtsa mümkün olacaqmı?

- Əlbəttə, mümkündür. ABŞ-da təşkilatlanmış milli qüvvələrimiz olsa, bu zaman orada hamını üstələyərik. Silah da ala bilərik.

- Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldı. Bu isə ABŞ-ın ciddi etirazına və narahatlığına səbəb oldu. Maraqlıdır, NATO üzvləri olan ABŞ və Türkiyə arasındakı qalmaqal region üçün hansı risklər yaradır?

- Türkiyənin Rusiyadan S-400 almasının əsas səbəbi ABŞ-ın bundan əvvəlki administrasiyasının Türkiyənin müdafiəsinə dəstək verməməsi ilə bağlıdır. O zaman “Patriot” raketlərini Türkiyəyə vermədilər. Rəsmi Ankara da S-400 almağa məcbur oldu. Məhz rəsmi Vaşinqtonun səhvləri nəticəsində müttəfiqlər arasında gərginliklər və problemlər yarandı. Ancaq mən əminəm ki, bu gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atılacaq və ABŞ-Türkiyə münasibətləri normallaşacaq.

- İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan etmişdi ki, ölkəsi ABŞ-ın sanksiyalarına qarşı Rusiya, Tükiyə, Çin, Azərbaycan və Hindistanla danışıqlar aparır. Sizcə, bu danışıqlarda sırf maliyyə mexanizmlərinin yaradılması məsələləri nəzərdə tutulub?

- Bu fikri şərh etmək istəmirəm. Çünki ortada konkret hər hansı mexanizm yoxdur. İranın arxalandığı Rusiya özü belə, sanksiyalardan baş çıxarda bilmir. 

- Keçək daxili məsələlərə. İxtisasca həkimsiniz. Səhiyyəmizin durumu nə yerdədir?

- Səhiyyədə çox ciddi islahatlara ehtiyac var. İcbari tibbi sığorta ilə bağlı işlər səhiyyədəki vəziyyəti nisbətən yaxşılığa doğru dəyişə bildi. Bununla belə, səhiyyə sistemində çox dərin islahatlar aparılmalıdır.

- Konkret olaraq hansı islahatlardan söhbət gedir?

- İcbari tibbi sığorta sistemi formalaşmalıdır və işləməyə başlamalıdır. Bununla yanaşı, Azərbaycanın tibb assosiasiyaları yaradılmalıdır və həkimlərin peşə fəaliyyəti protokollaşdırılmalıdır. Həkim müvafiq çərçivələrdə işləməlidir. Baxırsan ki, indi həkimlər xəstəliyi müəyyənləşdirmədən 200 növ dərman yazır. Tibb təhsili, tibb bacılarının fəaliyyəti aşağı səviyyədədir.

Yüksək səviyyəli, mütəxəssis həkimlərin maaşları da fərqli olmalıdır. Tibb bacılarının da maaşları qaldırılmalıdır. Bunlar vətəndaşların ciblərindən deyil, müvafiq sistemdən maliyyələşdirilməlidir.

- Deyirlər ki, dövlət xəstəxanaları pulsuzdur. Pulsuzdursa, xərclərin hamısını dövlət qarşılaya bilirmi?

- Bu, yalan söhbətdir. Heç kəs pulsuz tibbi xidmət almır. Bu, sovetdən bizə qalmış yalanlardır. Dünyada pulsuz heç nə yoxdur. Dünyada sadəcə sığorta sisteminin hesabına səhiyyə formalaşır.

Aqşin Kərimov