Ekspert: Paşinyanın siyasəti yeni etiraz dalğalarına səbəb ola bilər

Ekspert: Paşinyanın siyasəti yeni etiraz dalğalarına səbəb ola bilər
16:30 02-08-2019 | icon 33

Nikol Paşinyanın Ermənistanda Baş nazir vəzifəsini tutmasından təqribən 15 ay keçir. N.Paşinyan ötən aylar ərzində Rusiyanı özünə qarşı qaldırdı. Qərblə, xüsusən də Vaşinqtonla yaxınlaşmaq kursunu seçən Baş nazir Kremli şok vəziyyətinə saldı. Onun Rusiya hərbi bazasının Gümrüdən çıxarılması tələbi də Moskva üçün “soyuq duş” oldu.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə keçirilən danışıqlar prosesində iştirakdan praktiki olaraq tam imtina edilməsi N.Paşinyan hakimiyyətinin səciyyəvi xüsusiyyəti oldu. O, münaqişənin nizamlanmasının axtarış yollarında iştirak etməmək arzusunu onunla əlaqələndirdi ki, problemin həlli ilə Ermənistan xalqı məşğul olmalıdır.

Hazırda Baş nazir populizm və demaqogiyada daha çox ittiham olunur. Onun Ermənistan əhalisi arasında populyarlıq reytinqi də xeyli aşağı düşüb. Ermənistan hökumət başçısının ümidlərini doğrultmayan hakimlər korpusunu təcrid etməsi də uğursuz alındı. Gələcək nəsillər N.Paşinyanla Ermənistanın eks-prezidenti Robert Koçaryan arasında qarşıdurmanı da xatırlayacaq. Tərəflər arasında müharibə qızışıb.

Nikol Paşinyanın Robert Koçaryanla hesablaşmaq arzusu eks-prezidentin adını kölgədən çıxararaq ona Ermənistan cəmiyyətində müəyyən populyarlıq qazandırıb, halbuki Baş nazirin reytinqi aşağı düşməyə davam edir.

Bunu milletinsesi.info-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidentinin köməkçisi, politoloq Anastasiya Lavrina deyib.

O bildirib ki, həbsxanada qalmaq və hakim elita tərəfindən ittihamlar sabiq prezidentə müəyyən populyarlıq qazandırıb:

“Serj Sarqsyanın hakimiyyət illərində Koçaryanın adının daha çox kölgədə qalmasına baxmayaraq, onun Ermənistan, o cümlədən “Qarabağ klanı”na təsiri zəifləməyib. Paşinyan xalqın Sarqsyanla Koçaryanın törətdiyi oliqarx kapitalizminin özbaşınalığına dözməyə gücü artıq qalmayanda hakimiyyətə gəldi”.

Ekspert qeyd edib ki, xalq böyük vədlərə inandı və parlaq gələcək vədi verən kəsə səs verdi:

“Lakin Paşinyanın reytinqi uzun müddət yüksək qalmadı. Son il ərzində Ermənistanın inkişafında müsbət dəyişiklik baş verməyib. Xarici siyasətdə hələlik qarışıqlıq müşahidə olunur. Azərbaycan ərazilərini işğal etmiş, Türkiyə ilə sərhədləri bağlı olan ölkə tarazlaşdırılmış siyasət apara bilmir. İran isə beynəlxalq arenada elə də yaxşı vəziyyətdə deyil. Avropa Ermənistanla inteqrasiyanı dərinləşdirməyə tələsmir. ABŞ isə Azərbaycanla daha sıx əməkdaşlığa istiqamətlənib. Bu, Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktublarda və görüşlərdə dəfələrlə qeyd edilib”.

Onun sözlərinə görə, Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarqsyan bu yaxınlarda “Facebook” səhifəsində yazmışdı ki, ABŞ hökuməti Dağlıq Qarabağda yerüstü minaların zərərsizləşdirilməsi üçün maliyyəni azaltmağ planlaşdırır:

“Bu, Ermənistanın xeyrinə olmayan növbəti jest kimi nəzərdən keçirilə bilər. Rusiya rəsmi Yerevan üçün yeganə iri investor olaraq qalır”.

A.Lavrina hesab edir ki, Koçaryan Paşinyanın uğursuzluqları hesabına öz reytinqini yüksəldir:

“Koçaryan Paşinyanın siyasətindən narazı olanları öz ətrafında toplamağa çalışır. Onun bütün bu arzularına baxmayaraq, Ermənistan əhalisinin əksəriyyətinin və kağız üzərində mövcud olan “müxalifət”in dəstəyini çətin ki qazansın. Uğursuz siyasət aparmağı davam etdirən və Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini uzadan Paşinyan ölkəsini daha böyük böhrana atır. Bu da öz növbəsində, yeni etiraz dalğalarına, növbəti inqilaba və hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Koçaryanın prezidentlik kürsüsündə əyləşəcəyi isə gözlənilmir”.

Rasim Babayev