Rayondan Bakıya oxumağa gələn qızın hekayəsi: “Özgənin yatağında, “opşitel” otağında”

Rayondan Bakıya oxumağa gələn qızın hekayəsi: “Özgənin yatağında, “opşitel” otağında”
16:35 01-08-2019 | icon 125

 Kəramət Böyükçöl yazır ...

Saytlarda oxudum ki, 17 yaşlı qız intihar eləyib. Deyilənə görə, səbəb valideynlərinin onu zorla ərə vermək istəyidir. Aydın məsələdir, bu cür hadisələrdən sonra cəmiyyətdə ağız deyəni qulaq eşitmir, saytlarda, sosial şəbəkələrdə hamı yol göstərir, məsləhət verir, qınayır, söyür... Biri deyir, valideyn cəzalandırılsın, o biri deyir, qızın psixi problemləri olub, bu biri deyir, qısa ətəkli qız elə özünü öldürsə, yaxşıdır və s. 

Xəbəri eşidən kimi uzaq bir qohumumuz və onun 2002 təvəllüdlü qızı yadıma düşdü. Qız sentyabrda 11-ci sinfə gedir. Atası əhlikefin biridir, anası isə yataq xəstəsidir, yeriyə bilmir. Bir qardaşı var, o da hərbi xidmətdədir. Qız oxumağa çox həvəslidir, kitab əlindən yerə düşmür, amma qarşıda mental dəyərlərdən qidalanan bir xeyli mənəvi-psixoloji problemlər səbirsizliklə onu gözləyir. Ucqar bir kənd yeridir, kasıb da ailədirlər. Bir tərəfdən də qızın elçilərinin ardı-arası kəsilmir. Anası ürəklə danışır ki, o gün yenə bir elçi gəlmişdi, cehiz-zad tələb eləmirlər, oğlanın iki mərtəbəli evi də var, bircə qızı istəyirlər. 

Anası məndən soruşdu ki, necə eləyim, qızım oxumaqdan ötrü ölür, mən də xəstə adamam, yeriyə bilmirəm. Dedim, qoy, oxusun, nə problem var ki? Qayıtdı ki, qız Bakıda harda, necə qalacaq, onu universitetə kim aparıb-gətirəcək? Şəhərdə kimimiz var ki... Dedim, kirayə ev tutun, tələbə yoldaşları ilə birlikdə qalsın, hər gün də dərsinə gedib-gəlsin, nə olacaq ki? Nə desə yaxşıdır? Qız uşağıdır, 4 il Bakıda namusunu necə qoruyacaq? Mən onu ovcumun içində saxlamışam, bu gün-sabah 18 yaşı olacaq, mənim uşağım hələ də elə bilir, qızı ancaq anası öpə bilər. 

Doğrudan da, ağır dərddir, düşüncənin, təfəkkürün, əxlaqın, mənəviyyatın problemidir və həlli də çox qəlizdir. Özümü ananın yerinə qoyuram və fikirləşirəm ki, qızım bu günə kimi içində böyüdüyü mühit, mental dəyərlər, namus-qeyrət stereotipləri, qəliblərlə birlikdə şəhərə gəlir və əminəm, o, istənilən nağıla inanmağa hazır vəziyyətdə olacaq. Çox güman ki, elə birinci kursun birinci semestrində o gözəlliyin qabağına makyajlı bir oğlan çıxacaq və düşük-düşük hərəkətləri ilə qızın qəlbinə yol tapacaq. 

Kənd qızları şəhərə gələndə təcrübəsizlikdəndir-nədəndir, bilmirəm, ən birinci bambılı oğlanlara vurulurlar, saça, saqqala aldanırlar. Hansı ki, o oğlan müəllimini lağa qoymaqla, dərsdə ona-buna söz atmaqla, danışdığı yüngül lətifələrlə diqqət çəkir, vəssalam, başqa heç nəyi yoxdur. 18 yaşlı qızlarda isə onsuz da ağıl olmur, vurulursa, ikiqat ağıl olmur, sevginin üstündən bir az şərab içdisə, üçqat ağıl olmur. Ağlı olmayan qızı da yoldan çıxarmaq iki vur ikidir. 

Anası kənddən şəhərə kənd yumurtası, toyuq soyutması hazırlayıb göndərir, romantik balası da öz elindən-obasından, milli-mənəvi dəyərlərindən ayrılıb tanımadığı, xasiyyətini bilmədiyi bir mühitə düşür, ayağı yerə dəymir, havadadır. Günlərin bir günü isə görür ki, meyxanaçılarımız demişkən: 

“Özgənin yatağında,
Opşitel otağında,
Zəhərlənib həyatı,
Sönüb mənəviyyatı...” 

Seriallarla böyüyən, kitabı ancaq universitetə girmək üçün oxuyan, universiteti  kənddən canını qurtarmaq üçün arzulayan, sevgilisini isə kəndə qayıtmamaq üçün seçən qız ağlından nə gözləmək olar? Şəhərdə bir az azadlıq, rəngarənlik görür, olan-qalan ağlı da başından çıxır. Fikirləşir ki, anam tipik bir azərbaycanlıdır, dörd qardaşın, bir atanın, bir ərin, bir oğulun namusudur, yumruğudur, şilləsidir, təpiyidir, baltasıdır, dəhrəsidir, elə onlardan canımı qurtarsam, yaxşıdır. Can qurtarmaq da olurmu ki? 

Ona görə də, şübhə yox ki, həyatı serial kimi görən, meyxana rəvayətləri kimi təsəvvür edən ailə o qızı oxumağa, təhsil almağa qoymayacaq, kitablarını əlindən alacaq, gələn elçilərdən ən yağlısının birini seçib ərə verəcək. Daha o ərimi, yoxsa intiharımı seçəcək, onu bilmirəm, çünki Zaqatalada zorla ərə verildiyi üçün intihar edən 17 yaşlı qızdan fərqli olaraq, onun filmi hələ qurtarmayıb.

Düşünün, 17 yaşlı qız ərə getmədi, intiharı seçdi. Təsəvvür edin, Azərbaycanda intiharı yox, əri seçən nə qədər qızlar var. İntiharı seçənləri hüquq-mühafizə orqanları araşdırır, bəs əri seçənləri kim araşdırır, kim cəzalandırır? Bəlkə, elə Azərbaycan xalqının mental dəyərlərini, adət-ənənələrimizi, atalar sözlərimizi, el-obamızı, nənə-babalarımızı cəzalandırmaq, düşüncəmizi, təfəkkürümüzü ömürlük həbs eləmək lazımdır?