Boşanmanın səbəbini bu sualın cavabında axtarmaq lazımdır - Niyə evlənirik?

Boşanmanın səbəbini bu sualın cavabında axtarmaq lazımdır - Niyə evlənirik?
14:10 01-08-2019 | icon 85

 Günay Malikqızı yazır...

400 il bundan əvvəl kişilər “Olum və ya ölüm” sualına monoloqlar həsr edirlərmiş. İndi isə insanlığı narahat edən vacib məsələlərdən biri “boşanmaq və ya boşanmamaq” sualıdır.

Boşanmaların sayının artması yalnız bizim toplumu yox, dünyanın bir çox qabaqcıl ölkələrini narahat edir.

Əslində “psychologytoday.com”un məlumatına görə, 100 ölkə arasında Azərbaycan 1,81 faizlə 64-cü yerdədir. İlk onluqda yerləşən yaxın qonşularımız Rusiya və Qazaxıstanla müqayisədə 64-cü yer “toya getməlidir”.

Toy demişkən, bir tərəfdən də, axı Azərbaycanda insanlar xeyli xərc çəkib, borca girib toy etmirlər ki, sonra boşansınlar. Deməli, xərc-xəsarətdən də keçib boşanmaq qərarı verirsənsə, bunun nəsə ciddi bir səbəbi olmalıdır.

Dəyərləri fərqli olan cəmiyyətlərdə boşanma səbəbləri də fərqli olur. Amma, əsasən, aldatma, tərəflərin mütəmadi ciddi mübahisələri, sevginin bitməsi, maddi problemlər, kommunikasiya çatışmazlığı, ailədaxili şiddət kimi amillər boşanmaların əsas səbəbi kimi göstərilir.

İndi yazımı oxuyan bir çox qız-gəlinlər yəqin ki, bir ağızdan “araşdırma aparanlar bilmir ki, əsas səbəb qayınanadır” deyir.

Zarafat bir yana, ancaq hər iki tərəfin ailələrinin müdaxiləsi də gəncləri yarı yolda qoyur.

Bir də ki, ərinin və ya arvadının artıq çəkili olmasını və ya ikinci yarısının kifayət qədər romantik olmamasını səbəb göstərib boşananların da olduğunu nəzərə alsaq, bəhanə tapmağın asan olduğunu arxayınlıqla deyə bilərik.

Bəhanə sözü boşananları və ya boşanmaq istəyənləri incidə bilər. Kimisə incitmək istəmirəm. Sabah mən də boşanmaq qərarı ilə qarşılaşa bilərəm.

Evlənmək kimi boşanmaq da həyat hadisəsidir. Ancaq bu hadisə axır vaxtlar yağışdan sonra göbələk mısalına dönüb. Artıb...

Deməli, boşanmadan sonra psixoloji dəstəyə ehtiyacı olan uşaqların da sayı artıb. Bəlkə də cəmiyyətdə bir-biri ilə danışmayan, haradasa kin bəsləyən ailələr də çoxalıb. 

Kişinin və qadının bir-birinə həsr etdiyi illərin hesabını kimdən soruşaq? Ümumiyyətlə, bu halda kimdənsə hesab soruşmaq olarmı? Bu nə dərəcədə düzdür?

Bu məsələdə həqiqət axtarışı çətindir. Hətta bəlkə də mümkünsüzdür. Amma heç bir isbata ehtiyacı olmayan həqiqətlər var ki, onlar boşanmaq məsələsinə yanaşmamızı dəyişə bilər.

Boşanmaq bir-birini sevməyən iki insanın bir yerdə yaşamasından daha yaxşıdır axı.

Sevgisiz evdə böyüyən uşaqlara artıq heç bir psixoloq kömək edə bilməyəcək.

Yaxınlarının dözülməz evliliyindən yalandan “hər şey yaxşıdır” deyə bəhs edən qohumların mövcudluğu da cəmiyyətin yalan payını artırır.

Yəni yalandan mövcud olmayan “ailə” məfhumunu saxlamaq, onun yoxluğunu etiraf etməkdən daha çox cəsarət tələb edir.

Amma yenə də boşanmanın “asan”laşması məsələsi düşündürür.

Psixoloqlara görə, qadınların cəmiyyətdə özünü asanlıqla təsdiq etməsi, uşaqları ayağa qaldıra bilməsi əhəmiyyətli səbəblərdən biridir. İqtisadi müstəqilliyi olan qadın illər öncəki dözümlülüyü  nümayiş etdirmir.

Yenə psixoloqlar deyir ki, kişilərdə psixoloji zəifləmə gedir. Kişilərin psixoloji cəhətdən zəiflik nümayiş etdirməsi də ayrılıqların sayının artmasına təkan verə bilər.

Deməli, indi boşanma müraciətlərində göstərilən əsas səbəbləri əvvəllər cütlüklər ailə içində həll edirlərmiş. Bu problemlər əvvəlllər də var idi. Yəni problemlər dəyişməyib, insanlar dəyişib.

Yaxın bir dostumun təbirincə desəm, “böyüksüz evlənənlər elə böyük sözü eşitmədən asanlıqla boşanırlar”.

Başqa bir yaxın dostum isə əmindir ki, qadın da, kişi də bir-birinə güzəştə getmək istəmir. Artıq boşanma ictimai qınağa səbəb olmur. Nəticədə ən kiçik problem belə ailənin sonu ola bilər.

İnsanların şəxsi həyatına ictimai qınaqla təsir etmək mexanizmini qəbuledilən saymasam da, cütlüklərin evlilik institutuna daha məsuliyyətli yanaşması üçün hansısa addımlar atmaq lazımdır.

Məsələn, Avropada təcrübədən keçən sosial məsləhətləşmə mərkəzləri qurula bilər. Bəlkə də bu istiqamətdə sosial çarxların çəkilişinin və gənclər evlərində məhz ailəyə aid müzakirələrin aparılmasının da vaxtı çatıb...

Əslində, boşanma statistikasını azaldan, ancaq milli dəyərlərimizlə uyğunlaşmayan üsullar da var. İnkişaf etmiş ölkələrdə evlilikdən öncə cütlüklərin bir yerdə yaşaması həm də onların gələcək birgə həyata hazır olub-olmadığını müəyyənləşdirməyə imkan verir.

Bütün bu sadaladıqlarımızdan və bilib sadalaya bilmədiklərimizdən sonra bir sual vermək istəyirəm. Niyə evlənirik?

Məncə, boşanmanın səbəbini bu sualın cavabında axtarmaq lazımdır.