Prezident İlham Əliyev: Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır

Prezident İlham Əliyev: Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır
09:00 01-08-2019 | icon 114

Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur:

“Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib ki, Azərbaycanda nağdsız ödənişlər hələ də aşağı səviyyədədir.

Dövlət başçısının sözlərinə görə, bu sahədə çox ciddi addımlar atılmalıdır:

“Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər”.

Prezident bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir.

İlham Əliyev bu məsələnin təhlil edilməsi və ciddi addımlar atılması ilə bağlı tapşırıq verib.

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə onu da qeyd edib ki, küçələrin işıqlandırılması hələ də lazımi səviyyədə deyil.

Dövlət başçısı bildirib ki, bu məsələyə ciddi diqqət göstərilməlidir:

“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

İlham Əliyev qeyd edib ki, indi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır:

“Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilib, poliqon salınıb, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir”.

Prezident deyib ki, şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir:

“Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.