Agentik rəsmisi: DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü təsdiqləməkdədir

Agentik rəsmisi: DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü təsdiqləməkdədir
11:30 31-07-2019 | icon 222

Ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 saylı DOST mərkəzinə 20 mininci vətəndaş müraciəti qeydə alındı. Cəmi 3 aya yaxındır fəaliyyət göstərməsinə baxmayaraq, mərkəzdə bu rəqəmin qeydə alınmasını vətəndaşların DOST-a inamının və rəğbətinin göstəricisi hesab etmək olar.

Bunu milletinsesi.info-a açıqlamasında DOST Agentliyinin İctimaiyyətlə  əlaqələr və kommunikasiyalar departamentinin direktoru Şahin Əliyev ölkədə sosial sahədə aparılan islahatlarda DOST konsepsiyasının rolu barədə danışarkən deyib.

O bildirib ki, əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə ümumilikdə 130-dan çox növdə xidmət göstərilən 1 saylı DOST mərkəzində gün ərzində təxminən 400-450 nəfər vətəndaş müraciəti qeydə alınır:

“Mərkəz Bakının Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Burada il ərzində 100 mindən artıq vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən ümumilikdə ölkədə 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həll yollarının tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir”.

Ş.Əliyev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb. Sosial sahə Azərbaycan dövləti üçün prioritet sahə olduğundan, bu sahəyə çox böyük diqqət göstərilir. DOST Agentliyinin yaradılması isə bu istiqamətdə atılmış çox önəmli islahatlardan biridir.

DOST mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlərdən danışan Ş.Əliyev xidmətlərin vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə təqdim olunduğunu deyir:

“DOST mərkəzində “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığagötürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. bölmələrdə uyğun müraciətlər qəbul olunur. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar xidmətlər də həyata keçirilir. Mərkəzdə elektron lövhələr və işarələr hərəkəti və məlumat əldə olunmasını asanlaşdırır. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslərin hərəkət imkanları üçün uyğunlaşma təmin edilib. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur.

DOST mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndirilir. DOST konsepsiyası üzrə yol xəritəsində mərkəzlərdə göstəriləcək 130-dan çox xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı müddətdən bu günə qədər təklif edilən xidmətlərdən 20-dən çoxu artıq elektronlaşdırılıb. Növbəti iki il ərzində isə digərlərinin də elektronlaşdırılması gözlənilir. Nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.

Bu yaxınlarda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən  övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və bu sahədə məsləhət və məlumat verilməsi xidmətləri də daxil edilib. DOST mərkəzlərində göstərilən xidmətlərə yenilərinin əlavə olunması bu layihənin kifayət qədər uğurlu olması və dövlət tərəfindən dəstəklənməsinin göstəricisidir”.

DOST Agentliyində 3 istiqamətdə könüllülük fəaliyyəti də təşkil olunub. Agentlik rəsmisi onu da bildirib ki, “Könüllü DOST” proqramına 55-75 yaşlarında olan ahıl şəxslər də qoşulub:

“Könüllülük fəaliyyəti üzrə 3 istiqamətdə alt proqramlarımız var: “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST”.

“Gənc DOST” alt proqramı çərçivəsində 15-29 yaşlı gənclər könüllü kimi fəaliyyət göstərir. “Gümüşü DOST” alt proqramı isə pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Bundan başqa, DOST Agentliyində “Virtual DOST” onlayn könüllülük alt proqramının da həyata keçirilməsi planlaşdırılır. Bu proqram çərçivəsində evdə və yaxud istənilən başqa məkanda olaraq DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkün olacaq. “Virtual DOST”lar təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə xidmətlər göstərəcəklər.

Hazırda 1 saylı DOST mərkəzində 50 nəfər könüllü fəaliyyət göstərir. Onların 5-i “Gümüşü könüllü” alt proqramı əsasında komandaya qoşulan təqaüdçülərdir. Mərkəzdə çalışan könüllülərdən 3-ü isə fiziki məhdudiyyətli şəxsdir. Burada onların könüllü kimi rahat fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Bu mənada DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü təsdiqləməkdədir”.

Könül Cəfərli