Tipik azərbaycanlının bağ evi: “çexskiy xrustal”, köhnə “stenka” ölüxanası

Tipik azərbaycanlının bağ evi: “çexskiy xrustal”, köhnə “stenka” ölüxanası
21:10 30-07-2019 | icon 99

Kubra Məhərrəmova yazır...

Bilmirəm xəsislikdəndir, yoxsa qorxudur. Xalq olaraq köhnə əşyalardan qurtula bilmirik. Evi, bağ evini, əgər ailənin kirayəyə verdiyi ev varsa, oranı, qarajı, “antersolu” doldururuq köhnə əşyalarla. Qab-qacaq, xalı-xalça, pal-paltar, yorğan-döşək. Bir balaca da axtarış eləsən, evdən bir dükanlıq mal çıxartmaq olar. Di gəl ki, verən əlimiz yoxdur. Qoy qalıb, a bala, lazım olar.  Üstündən bir əsr keçib, amma yenə də lazım olar. 

Kimin evinə baxsan keçən əsrdən qalan “Madonna” servis, “Kobalt” boşqablar, “lepkalı bohema” qablar var. Açığı məndə də var. Yığmışam qutuya, atmışam “kladovka”ya. Heç bilmirəm neyləyim, qalıb da. 

Sovet dövründə hər şey “defisit” olduğu üçün “stenka”, “Suriya xalçası”, qab-qacaq və s. almaq mümkün deyildi. Alan da 200 faiz bahasına alırdı. Ala bilən də elə bilirdi ki, daha tapmayacaq, bunu göz bəbəyi kimi qoruyum, istifadə etməyim. Baha qiymətə alınan “Madonna” ailə üçün düşmən çəpəri sayılırdı. İlahi, atamgildə o qədər o servisin tozunu silmişəm ki. Madonna “İkona” kimi servantdan aşağı zühur etmirdi. Elə tozunu silib, təzədən yığırdıq rəfə. Çexiya istehsalı olan büllur çilçıraqları demirəm hələ. El arasında ən məşhuru və samballısı “12 şamdan” sayılırdı. Kimin bağ evi varsa, 100 faiz aparıb vurub ora. Çünki “od qiyməti”nə alınan çilçıraq dəbdən düşsə də, bağda işə yarıyar. A bala, gördün, gedib “kitayski” zir-zibil alacaqdın. Bu isə əsl “çexskiy xrustal”dır. 

Ümumiyyətlə, azərbaycanlı üçün bağ evi əksər hallarda köhnə əşyaların yığıldığı yerdir. Əgər mənzildə təzə mətbəx mebeli yığıldısa, köhnəsi avtomatik olaraq köçür bağa. Köhnə xalça-palaz, “stenka”, köhnə divan-kreslo, köhnə pərdələr, sovetin dövründən qalma uşaq oyuncaqları, “kolyaska”, uşaq çarpayısı, yorğan-döşək və s. Bunlar hamısı əksər bağ evlərinin köhnə və daimi sakinləridir. Və əksər hallar bağda bundan istifadə olunmur, orada da yığılır zirzəmiyə. Qalıb da, lazım olar. Sadəcə maraqlıdır kimə? 

Zənnimcə bizə lazım olmayan əşyaları, pal-paltarı ehtiyacı olanlara versək, çox yaxşı olar. Əgər qarderobda tozlanan 10 illik gödəkçəni geyinmirsinizsə, inanmıram ki, bundan sonra geyinəsiniz. Əgər 90-cı illərdən qalan “propitka” evdə durursa, çətin onu bu qış geyinəsiz. Amma qarşıdan soyuqlar gəlir. Bəlkə kiminsə canını tutar. Köhnə əşyaları da evdə, bağda, qarajda yığmaq bizə fayda vermir, amma kiminsə əlindən tuta bilər. 

Amma insafən deyim ki, bu məsələnin başqa tərəfi də var. Dəfələrlə olub ki, pal-paltar, nə bilim işlətmədiyim qab-qacağı kiməsə bağışlamaq istəmişəm. Qarşı tərəfi qətiyyən alçaltmaq məqsədim yoxdur, amma bir qəbil insanlar da var, qayıdır ki, “əşşi neynirəm bu Nikolayski qabları, öz artığını mənə verir, özü firma malları geyinir, mənə köhnəsini verir” . 

Görürsən ki, bizdə ehtiyacı olanlar da “bəy, xan” iddiasındadır. Onlar istəyir ki, təyyarəyə bilet alıb aparasan onları Parisdə keçirilən “moda həftəsi”nə və ən son çıxan kolleksiyadan əyin-baş alasan.

Nə deyirəm, Allah ürəyinizcə versin. Elə mənə də.