Yeni Günəşli sakinləri suya həsrət qalıb: Heç “Yezid” də belə eləməz - VİDEO

Yeni Günəşli sakinləri suya həsrət qalıb: Heç “Yezid” də belə eləməz - VİDEO
20:00 30-07-2019 | icon 112

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Samir Cəfərov 34 ünvanında ilk baxışdan hər şey qaydasında görünsə də, vəziyyət bir o qədər qəlizdir.

“Çənlibel MTK”nın sözügedən ünvanda inşa etdiyi bina 2007-ci ildən sakinlərin istifadəsinə verilib.

Şirkət hazırda 375 ailənin məskunlaşdığı binanı müştərilərinə satarkən Avropa standartlarına uyğun bina təhvil verəcəyini vəd etsə də, hazırkı vəziyyət başqa cürdür: həyətdə uşaq və yaşlılar olduğu halda fasadın hər an uçulub-tökülmək təhlükəsi, yanğın baş verərsə, ilkin müdaxilə üçün binada heç bir yanğın söndürmə balonlarının olmaması, Prezident İlham Əliyevin ilin əvvəlində bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalamasına baxmayaraq, bina sakinlərinin hələ də qaz problemindən əziyyət çəkməsi və yayın ən isti aylarında susuzluq probleminin olması...

Baku TV-nin əməkdaşları sözügedən binada olub və sakinlərlə söhbət edib.

Sakinlərdən biri deyir ki, binada su təchizatı tamamilə dayandırılıb. Yay aylarında isə bu, işgəncəyə bərabərdir.

Digər sakin isə isti yay günündə suyun olmamasına görə Vüsal Abdullayev adlı şəxsi günahlandırır.

“On üçüncü ildir ki, bu şəxslə problemimiz davam edir. O, suyu istədiyi vaxt verir, istədiyi vaxt kəsir”, - deyə qadın bildirir.

Araşdırma zamanı məlum olub ki, problemin kökü “Azərişıq” ASC-yə gedir. Belə ki, suyun verilməməsinə səbəb qurumun su nasoslarına verilən elektrik enerjisini kəsməsidir. 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı TV-yə açıqlamasında bildirib ki, onların abonenti MTK-dır:

“MTK borcu ödəmədikdə qanuni olaraq su nasoslarına verilən enerjini kəsirik. Digər məsələlər sakinlərlə MTK-nın daxili məsələsidir”.

Binada yerləşən MTK nümayəndəsi isə müsahibə verməkdən imtina edib. Rəhbər Vüsal Abdullayev şifahi olaraq sadalanan problemlərin həqiqətə uyğun olmadığını, su verilməməsinə səbəb kimi isə sakinlərin borcu ödəmədiyini göstərib.

Vətəndaşların problemi bununla kifayətlənmir. Onlar binanın quruluşundakı təhlükəli vəziyyətdən də narahatdırlar:

“Eyvanların çoxunun kərpic hissələri tökülür. Uşaqlar meydançada oynayanda bu, dəfələrlə baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyətinə bildirmişik, heç bir tədbir görülməyib”.