“Keşikçidağ”la bağlı ekspertlərin ilk görüşünün vaxtı açıqlandı

“Keşikçidağ”la bağlı ekspertlərin ilk görüşünün vaxtı açıqlandı
17:35 30-07-2019 | icon 54

Ekspertlər arasında “Keşikçidağ” monastır kompleksi ilə bağlı ilk görüş avqustun 19-23-də keçiriləcək.

milletinsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya bildirib.

O qeyd edib ki, hazırda sərhəd xidmətləri arasında insidentin tam sakitləşməsi və vəziyyətin adi rejimə qaytarılması üçün aktiv danışıqlar gedir:

“Məlumdur ki, bir neçə il fasilədən sonra mayın 23-24-də Bakıda demilitasiya-demarkasiya üzrə dövlət komissiyalarının ilk iclası keçirilib. Görüşdə qərar qəbul olundu ki, komissiyanın ekspertləri yerində lazımi işlər görsün. Bu müddət ərzində Azərbaycan tərəfi ilə aktiv əlaqələrimiz olub”.

Nazir müavini deyib ki, iyulun 14-dəki məlum hadisə nəticəsində yaranan gərginlik iki ölkənin sərhəd xidmətlərinin birgə səyi nəticəsində aradan qaldırılıb:

“Hadisədən sonra Azərbaycan və Gürcüstan tərəfi sərhədin həmin hissəsində sərhədçilərin sayını artırıb”.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tərəfi iki ölkə arasında sərhədlərin demilitasiyası məsələsi ilə əlaqədar aktiv əməkdaşlıq edir.

L.Darsaliya qeyd edib ki, vəziyyətin süni şəkildə gərginləşdirilməsi yolverilməzdir və buna bənzər hadisələr ölkələr arasında mövcud strateji münasibətlərə xələl gətirir.