132 ailəyə mal-qara verildi - FOTO

132 ailəyə mal-qara verildi - FOTO
13:05 30-07-2019 | icon 75

2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.

Vətəndaşlara verilən mal-qaranın sağlamlığına dair baytar arayışı təqdim edilir. Heyvanlar təqdim olunarkən aktlar tərtib olunur, iştirakçılar verilən mal-qaradan razılıqlarını aktı imzalamaqla təsdiq edirlər. 

Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir və il boyu davam etdiriləcək.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində artıq 3 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək bu rəqəmin 10 minə çatdırılması gözlənilir. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.