Şuşa şəhərciyi sakinlərindən ağır ittihamlar: Hökumətə heç nə deməyək deyə bizi döyürlər - VİDEO

Şuşa şəhərciyi sakinlərindən ağır ittihamlar: Hökumətə heç nə deməyək deyə bizi döyürlər - VİDEO
14:50 29-07-2019 | icon 372

Bakının Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Boru zavodu yaxınlığında məskunlaşan vətəndaşlar acınacaqlı vəziyyətdə yaşayır.

Bu barədə onlar Baku TV əməkdaşları ilə söhbətində məlumat veriblər. 

Onlar on ildən çoxdur ki, bərbad şəraitdə yaşadıqlarından, kanalizasiya problemindən şikayətlənirlər. 

“Prezident pul ayırır ki, yol, su, işıq çəkilsin. O pulu nə edirlər? Hər şeyi yarımçıq qoyub gedirlər, yalandan məruzə edirlər ki, hazırlamışıq. Halbuki yağış yağanda çölə çıxa bilmirik. Birinə bir söz deyəndə də üstümüzə polis göndərirlər, bizi aparıb döydürürlər ki, hökumətə heç nə deməyin”, - deyə ərazidə yaşayanlardan biri bildirir.

Şəhərciyin sakini deyir ki, qalıblar üç rayon rəhbərliyinin arasında:

“Nəmişlikdən evimiz tökülür. Qışda uşaqları məktəbə çiynimizdə aparırıq. Hər yerə müraciət etmişik. Sabunçu rayonu, Abşeron rayonu, Xəzər rayonu - hamısı bir-birinin üstünə atır. Bu yolları biz öz vəsaitimiz hesabına, cibimizdən üç-beş manat kəsərək düzəltdirmişik ki, uşaqlarımız məktəbə gedə bilsin. On bir ildir, heç bir rayon bələdiyyəsi bizə “gün ağlamır”.

Şikayətçilərin sözlərinə görə, ərazidə problem təkcə bununla kifayətlənmir. Onlar zibil qabının olmamasından da təngə gəliblər:

“Dəfələrlə ərizə ilə müraciət etmişik ki, əraziyə köhnə də olsa, zibil yeşiyi qoysunlar. Zibili bir-birimizin qapısına qoymayaq. Bir icra, bələdiyyə, kənd soveti, dövlət məmuru gəlib deyə bilməz ki, bu əraziyə yol çəkib, ya nəsə edib. Heç nə etmirlər. Bir-birinə satırlar.

Əraziyə təcili tibbi yardım maşını girmir. Deyirlər asfalta gətirin, burada baxacağıq xəstəyə”.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemdən xəbərdar olduqlarını, gələcəkdə Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərində kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı layihələndirmə işlərinin aparılacağını bildirib.

İlhamə Kələyeva, Orxan Hüseynzadə