Əxlaq - Pedofilliyin, pornoqrafiyanın, fahişəliyin yayılmasının səbəbi

Əxlaq - Pedofilliyin, pornoqrafiyanın, fahişəliyin yayılmasının səbəbi
21:05 22-07-2019 | icon 107

Aqşin Yenisey yazır...

Hər bir ciddi həqiqət öz ömrünü karikatura kimi başa vurur.

İnsanın təkamülü, cənnət-cəhənnəm vədləri, min illik imperiyalar, Yunan, Misir Tanrıları, bir sözlə, öz dövrünün ağlasığmaz nəhəng gerçəklikləri olan hər şey bu gün karikatura sənəti üçün əsl ilham mənbəyidir. Eyni zamanda, bu gün bizi vahimələndirən, heyrətləndirən, bəzən hətta qorxudub dodağımızı uçuqladan reallıqlar da bir müddət sonra bizdən əmələ gələn itoynadanların laqqırtı, zarafat mövzusu olacaq.

Ən yaxşısı, indidən nə vaxtsa karikatura olacağını boynuna alıb yaşamaq, yaratmaqdır ki, bütün yük tarixin yumor hissinin üzərinə düşməsin. Çünki tarixin onu incidənlərdən, ona yük olmağa çalışanlardan zəhləsi gedir, bəzən belələrini diri-diri yaşadığı dövrdəcə karikaturalaşdırır. 

Qədim dünyada hesab edirdilər ki, insanın bədəni Tanrıya məxsusdur və ən sağlam insanları boğazlayıb tanrıya qurban kəsirdilər. Orta əsrlər dünyası bu yanaşmanı bir az yumşaltdı, insanın bədəninin deyil, ruhunun Tanrıya məxsus olduğunu söyləyən dinlər qurbanı heyvanla əvəzlədi. Dövrümüzdə isə insan bədəninin dövlətə məxsus olduğunu sübut etməyə ehtiyac yoxdur; bu bədən yalnız qocalıb istehsal prosesindən çıx-daş olandan sonra özünə məxsus olur ki, Allah kəssin belə lazımsız özünəməxsusluğu.

Bütün dövrlərdə insan bədəninə sahib çıxmaq istəyən Tanrı, din və dövlət əxlaq anlayışından yararlanmış və bütün Tanrıların, dinlərin, dövlətlərin mövcudluğu da məhz əxlaqa, yəni insan bədəninə münasibətin nəticəsindən asılı olub. Məsələn, Babil sivilizasiyası öz əxlaqsızlığının, bədəni həzlərin mənəvi nəfs üzərində ağalığının qurbanı oldu, qardaşlar bacıları ilə, analar oğulları ilə yatmağa başladı. Bunun nəticəsi o oldu ki, heç bir əxlaqi nəzarət funksiyası olmayan Tanrıların Mesopotamiyasında insanlar əxlaqi qadağalar üzərində qurulmuş təktanrıçı dinlərə sığınmağa başladılar.

Bizim bu gün bir-birimizin paçasını güdməyimizin baiskarları beş min il öncə ölüb gedən əhlikef Babil əhalisidir desəm, yəqin ki, Hammurapiyə qohumluğu çatan oxucularımız məni söyməzlər.

Tarixçilər Roma imperiyasının dağılmasını da siyasi-əxlaqi çürümə ilə əlaqələndirirlər. Oxumayanlar mütləq Albert Kamyunun “Kaliqula” pyesini tapıb oxusunlar, dilimizə tərcümə olunub. Doğma bacıları ilə ensest münasibətdə olan, xoşuna gələn kişi və qadınlarla yatan, Roma Tanrılarının heykəllərinin sifətini yenidən yondurub öz sifətinə oxşadan, dostlarının arvadını əlindən alıb özlərinə intihar etmələrini əmr edən, ən çox sevdiyi işgəncə növü məhkumu başı aşağı asdırıb xayalarını çeynəmək olan general oğlu imperator Kaliqulanın hakimiyyətdə olduğu dörd il ərzində əxlaqsızlıq elə bir həddə çatdı ki, rəvayətə görə, bundan qəzəblənən Tanrı romalıların əyləncə mərkəzi olan Pompey şəhərini Vezuvi vulkanı ilə qədim Sodomun gününə qoydu. 

Bu cür əxlaqi-siyasi çürümə Qərb xalqlarının Romaya güvənini sarsıtdı və Roma xalqları yeni bir əxlaqi sığınacaq axtarmağa başladılar; Yaxın və orta Şərqdə, qulaqlarının dibində isə xristianlıq gizli mənəvi bir sığınacaq kimi böyüməkdə idi.

Əxlaqsızlığın şiddəti kimi əxlaqın şiddəti də insan üçün zülmə çevrilir. Məsələn, “Zəbur”da Musa peyğəmbər yəhudiləri əxlaq qadağaları ilə hədələyən iudaizm tanrısına üz tutaraq deyir: “Əl çək bizdən, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən?” Xristian peyğəmbər isə əxlaqi cahillikdən ilham alan kütlənin daş-qalaq etmək istədiyi fahişəni xilas edir.

Bu gün Azərbaycanda baş verən məişət cinayətlərinin çoxu süni şəkildə şiddətləndirilmiş, başqalarının həyatına nəzarət etmək haqqı kimi təbliğ olunan əxlaqın insanlarda yaratdığı aqressiyanın nəticəsidir. Ən yaxşısı, yenə tarixə müraciət etməkdir. Yəqin ki, oxucularımızın çoxu “bəkarət kəməri” deyilən bir şeyin adını eşidiblər.

Əxlaqın şiddətinin bu gün karikaturalarda xatırlandığı 1837-1901-ci illərdə İngiltərədə kraliça Viktoriyanın hakimiyyətinin ixtirasıdır bu kəmər. Başdanxarab qadın kimi tarixə düşsə də, hakimiyyətdə olduğu illərdə İngiltərəni iqtisadi, memari və sənət baxımından dünyanın ən güclü dövlətlərindən birinə çevirən və bu dövrə öz adını verməyi bacaran kraliça Viktoriya həm də manyakcasına bir əxlaq düşkünü idi. Bu qadın hələ sovet hökumətindən xeyli əvvəl dünyaya sübut etmək istəyirdi ki, İngiltərədə seks yoxdur.   

Viktoriya dövrünün ideal qadını cinsi duyğuları olmayan qadın idi. İngilis kişilər üçünsə seksi xatırlamasınlar, hətta unutsunlar deyə addımbaşı xəbərdar edən qadağa nişanları vardı, cinsi yaxınlığın qarşısını almaq üçün bütün dövlət imkanları səfərbər edilmişdi. Məsələn, kraliçanın əmri ilə zooparkda erkək heyvanlara şalvar geydirilirdi ki, kişilər onların cinsi orqanlarını görüb özlərində də ondan bir dənə olduğunu xatırlamasınlar.

Pianoların, masaların alt tərəflərinə həmişə örtüklər keçirilirdi. Qadınlara əmr olunmuşdu ki, altında bir bədən yoxmuş kimi göstərən cəngavər libası kimi ağır, qat-qat geyimlərdən ibarət paltarlar geyinsinlər. Həm də bu paltarları heç bir qadın təkbaşına geyinib-soyuna bilmirdi.

Toyuq yeyəndə “döş” əvəzinə “boyun” deyirdi ingilislər, döş, bud kimi sözlər istifadə etmək qəbahət sayılırdı. Kraliça Viktoriya hətta keçmişin əxlaqına da əl gəzdirməyi unutmamışdı; “İncil”də, Şekspirin əsərlərində erotik işartısı olan yerlər senzuraya məruz qalaraq, kəsilib atılmış, yaxud dəyişdirilərək yenidən nəşr olunmuşdu.

Hətta hədələrə, verilən cəzalara, kötəkləmələrə baxmayaraq, qabırğalarını cinsi yetişkənliyinin ilk illərindəki masturbasiya əzablarına fəda edən gənclər xədim edilirdi (qızlar da daxil). Qadınlar da, kişilər də bakirəlik kəməri taxardılar. Bu kəmərlər qıfılı olan dəmirdən düzəldilmiş alt paltarları idi. Evdən çıxan ingilis kişilər həyat yoldaşlarının geyindiyi bu zirehli alt paltarlarını qıfıllayb açarı da özləri ilə götürürdülər. “Açarını itirmək” ifadəsi də, çox güman, Viktoriya dövrünün yadigarıdır. Çünki bəkarət kəmərinin açarını itirmək hər bir ingilis kişisi üçün böyük rüsvayçılıq demək idi.

Yaxşı ki, biz qılınc gücünə də olsa, vaxtında müsəlmanlığı qəbul etdik, yoxsa allah göstərməsin, belə bir mühafizəkar kraliçanın təəbəliyində yaşasaydıq, bəlkə, bu gün də ömrümüz FHN əməkdaşları ilə əl-ələ verib gecə saat 2-də qıfıl sındırmaqla keçəcəkdi.  

Bu əxlaqi barbarlığın axırı nə oldu? Qadağan olunan cinsi həyat, İngiltərədə pedofilliyin artmasına, pornoqrafiyanın, fahişəliyin, cinsi xəstəliklərin yayılmasına səbəb oldu. Eyni şey bu gün əxlaqın şiddətindən əziyyət çəkən üçüncü sort ölkələrdə də baş verir. Statistik rəqəmlərə görə, fahişəliyin, uşaqbazlığın, cinsi yolla yayılan xəstəliklərin tüğyan etdiyi ölkələrin hamısı əxlaq qanunlarını insan azadlığından üstün tutan ölkələrdir.  

Yazımızın əvvəlində yazdıq ki, hər bir ciddi həqiqət öz ömrünü karikatura kimi başa vurur. Ancaq elə həqiqətlər də var ki, onlar elə əvvəldən karikatura kimi doğulurlar.