Gömrük məmurunun kriminal hesablaşması: General Novruzovun quzularının səssizliyi pozuldu

Gömrük məmurunun kriminal hesablaşması: General Novruzovun quzularının səssizliyi pozuldu
20:49 22-07-2019 | icon 436

Fermer: "Vinchester” markalı odlu silahı üstümə tuşlayaraq bir neçə dəfə məndən guya borcu olduğum pullarını qaytarmağı tələb edirdi"
 
"Biz Abşeron rayonun Məhəmmədi kəndində 250-300 baş tutumu olan südlük heyvandarlıq ferması tikib istifadəyə vermişdik. Mənim sərmayəm 70 min manat, Bakı Baş Gömrük İdarəsinin, hazırda isə Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsininin maliyyə şöbəsinin işçisi Ramin Məmmədovun qoyduğu pul isə 1 milyon manata qədər olub, amma 50/50 nisbətdə şərikliyimiz olub. Ramin dövlət məmuru olduğuna görə pul köməkliyi edir və kənardan müşahidə edib gəlirin yarısını alırdı. Fermada bütün işlərə mən rəhbərlik edirdim. Son vaxtlar Ramin gördüyümüz işlərdə mənə düşən payı vermədiyinə görə artıq məndə ona inamsızlıq yaranmışdı. Məsələn, Bakı Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzova aid quzuları 30000 manata satsa da, mənə düşən 15000 manatı verməməsi və digər işləri qeyd etmək olar". Bu sözləri Criminal.az saytına gömrük məmuru R.Məmmədovla birgə fermer təsərrüfatı quran Zəfər Cəfərov deyib. 
İş adamı bildirdi ki, Ramin Məmmədov V.Novruzovun "qara kassası” kimi tanınıb. Onun sözlərinə görə, bir neçə il əvvəl məşğul olduğu fermer təsərrüfatına R.Məmmədov köməklik edəcəyi vədilə əvvəlcə ortaq olub, sonda hiss edib ki, onun məqsədi birlikdə qurub inkişaf etdirdikləri biznesi tamamilə ələ keçirmək olub və buna sonda nail də olub: 
"O əvvəlcə anası Səkinə xanımı fermaya gətirərək bildirib ki, Zəfər bundan sonra mənim yerimə biznesə nəzarəti və hesablaşmanı anam edəcək. Elə həmin gündən başlayaraq Səkinə xanım mənimlə əvvəlcə guya( Vüsal Novruzovdan alınmış) 100 quzunun öldü adı ilə mənimsəməyimi, yemin əskik çıxdığını, guya onların çaylarına zəhər qatıb öldürmək cəhdlərimi və s. uydurmalarla məni sıxışdırmağa başladılar. Nəticədə aramızda yaranmış mübahisələrə Ramin də sərxoş vəziyyətdə qatılaraq hər dəfə fermaya gəldiyi 99-555 dövlət nömrə nişanlı NİVA markalı avtomobilində həmişə gəzdirdiyi "VİNÇESTR” markalı odlu silahı üstümə tuşlayaraq bir neçə dəfə məndən guya borcu olduğum pullarını qaytarmağı tələb edirdi. Mən onun bu quldurluq hərəkətindən bərk qorxurdum. O mənə təzyiq göstərdi ki, bu saat notariusa gedib Suraxanı rayonu, Əmircan qəsəbəsindəki Avtoyuma məntəqəsini bizim adımıza keçirməlisən. Mən qorxudam əlacsız qalıb razılaşdım".
Z.Cəfərov deyir ki, əvvəlcə sənədləşmə üçün onu ASAN xidmətə aparıblar: "İstəyirdilər ki, bağışlama yolu ilə obyektimi öz adlarına rəsmiləşdirsinlər. ASAN xidmət razılıq vermədi ki, bu qanunsuzluqdur. Bağışlama yalnız yaxın qohumlar arasında mümkündür. Ondan sonra məni Nizami rayonu, "Xəzər” universitetinin yanındakı Dövlət Notariat Kontoruna gətirib 1200 manat pul müqabilində obyektin altındakı torpaq sahəsinin çıxarışını qanunsuz olaraq bağışlama yolu ilə əlimdən aldılar. Obyekt hazırda icarədə olduğuna görə və sənədi olmadığına görə onu tam ələ keçirə bilmədiklərindən gömrük maliyyəçisi Raminin dəstəsi mayın 1-də gəlib avtoyumaya basqın edib, qıfılı sındırıb və içəridə olan avtoyuma aparatını, kompressoru və digər əşyaları oğurlayıb aparıblar.Ona görə də burda iş mayın 1-dən dayanıb".
Fermer daha sonra deyir: "Bundan əlavə guya borclu olduğum pulların əvəzinə fermada işlətdiyim ATİKO və FORD markalı yük avtomobillərini, furqon tipli VAZ 21 04 markalı avtomaşını və həyətdəki 6 baş inəyi də gəlib zorla aparıblar. Dövlət Gömrük İşçisinin bu özbaşnalığı və quldurluğu, anasını qabağa verməklə bizi şərləməsi nəticəsində şəkər xəstəliyi tapdım. İndi də onkoloji xəstəliyə qarşı müalicə alıram. İş ondadır ki, Ramin Məmmədov gömrükdə işlədiyi uzun müddət ərzində özünə dəyəri milyon manat olan ölçüyə gəlməz dərəcədə qanunsuz yollarla sərvətlər toplayıb. Amma bu şəxsin əsas məqsədi yenə mənim min bir zülmlə qurub yaratdığım biznesimi ələ keçirməkdir və bu hədə-qorxu indi də davam edir. Və buna zorakılıqla qismən də nail olub. Belə zorakılıqların çoxunda Raminin qardaşı, özünü kriminal aləmdə "Ramoş” kimi təqdim edən Rasim Məmmədovu qabağa verməklə "razborkalar” aparır. Ramin uzun müddət qardaşı Rasimi Ukraynadan Azərbaycana böyük partiyalarla vergi və gömrükdən yayınmaqla-qaçaqmalçılıq yolu ilə cins danalar gətib baha satmasıilə məşğul olub, milyonlarla pullar qazanıb. Gömrük milyarderi indi də məndən sonra oğullarımı şərləməklə məşğuldur. Guya onlar gəlib Əmircandakı avtoyuma məntəqəsinin qıfılını sındırıb aparatları aparıblar. Axı böhtanın da bir balaca doğruya uyğunluğu olmalıdır. Qeyd edim ki, həmin obyekt hazırda başqasının icarəsindədir. Oğlumun nəyinə lazımdır ki, icarəyə verdiyi obyektdəki özünə məxsus aparatı oğurlasın.? Obyektin altındakı torpağın çıxarışını isə bu quldurlar mənə zorakılıq göstərərk bağışlama adı ilə qanunsuz zəbt ediblər. İndi də ən şərəfsiz varianta əl atmaqla dövlət məmuru işləyən oğlumu şərləyir və işdən çıxarılmasını sıfariş verirlər".
Fermer deyir ki, Ramin və Rasim qardaşlarını durdurmaq üçün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət etməyə məcbur olub:
"Çox təəssüflər olsun ki, başda Dövlət Gömrük Komitəsinin sədri olmaqla, bütün gömrük rəhbər orqanlarına bu adam barəsində qanunamüvafiq tədbir görülməsi xahişilə etdiyim müraciətlər 30 aprel, 2 may 2019-cu il bu günədək nəticəsiz qalıb. Sanki belə də olmalıymış. Ona görə də qərara almışam ki, Ramin Məmmədovun törətdiyi qanunazidd hərəkətlərindən cüzi bir hissəsini, məsələn, özü ilə restorana yeyib-içməyə apardığı qadının sərxoş olduqdan dərhal sonra necə müəmmalı şəkildə ölməsini, qardaşı Məmmədov Rasimin uzun illər Ukraynadan Azərbaycana necə qaçaqmalçılıq yoluilə cins danaları gömrük rüsumu ödəmədən böyük partiyalarla gətirib satmasından və dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaq hesabına milyonlar qazanmasından və s. qanunazidd əməlləri barədə geniş məlumatları verəcəyəm. Ona görə də əvvəlcə hörmətli Səfər müəllimdən və bu mümkün olmadıqda ölkənin Baş prokuroru və daxili işlər nazirindən bir insan və xəstə vətəndaş olaraq xahiş edirəm ki, nə qədər ki, gömrük orqanlarında Ramin Məmmədov kimilər bizim kimi sadə insanların əmlaklarını şərləməklə, quldurluqla yağmalayır, dövlətə vurulan külli-miqdarda ziyanların miqyasları bilinmir. Dərhal Ramin Məmmədovun zorakılıqla mənimsədiyi əmlaklarımın geri qaytarılmasının və mənə və ailə üzvlərimə qarşı VİNÇESTR silahına malik bu şəxsin törədə biləcəyi faciələrin qarşısının alınması üçün xahiş edirəm. Təhlükəsizliyimizin təmin olunmasına göstəriş verin. Cənab baş prokuror Zakir Qaralovdan da xahiş edirəm ki, Ramin Məmmədovun əlindəki odlu silahla mənə tuşlayaraq hədə-qorxu gəlməsinin və digər kriminal ünsürlər vasitəsilə göstərdiyi təzyiqlərin dərhal qarşısnın alınması barədə göstəriş versin".
İttihamlarla bağlı R.Məmmədov Criminal.az saytına bildirdi ki, Z.Cəfərov uzun illər əvvəl atasına məxsus fermada çoban işləyib. Gömrük məmurunun sözlərinə görə, indi isə ailə üzvləri ilə arasında yaranmış problemə görə, onun da adını hallandırıb: "Polis idarəsində də olmuşuq, müstəntiqə də məlumat vermişik. Bu mənə və ailəmə qarşı şər-böhtandır. Zəfərin oğlu bir müddət əvvəl ailəmizə qarşı dələduqluq edib. Ondan şikayət etdiyimizə görə belə yollara əl atır. Məhkəmə işimiz də var, başa çatsın, özümüz bu işi yoluna qoyacağıq".