Bakının Yasamal rayonunda məcburi köçkünlər yolu bağlayıb

Bakının Yasamal rayonunda məcburi köçkünlər yolu bağlayıb
17:52 22-07-2019 | icon 285

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.  Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb. Ərazidə böyük tıxac yaranıb. 

Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, Bakının Yasamal rayonunda vətəndaşların bağladığı yol artıq açılıb: “Problem həll edilib. Bu məsələnin bizim qurumla bağlılığı yoxdur”, - deyə bildirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən BAKU.WS-ə bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar:

"Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər. Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək", - deyə bölmədən bildirilib.