Gəncəli “qanuni oğru” dan şok sözlər: “Anam elmlər namizədi, atam akademikdir”

Gəncəli “qanuni oğru” dan şok sözlər: “Anam elmlər namizədi, atam akademikdir”
17:31 22-07-2019 | icon 375

“Rəşad Gəncinski” Minsk məhkəməsinin hakiminə deyir: “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru… Mən küçədən gəlməmişəm”

Minsk rayon məhkəməsi həftəsonu azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılovun (“Rəşad Gəncinski”) və digər iki nəfərin işi üzrə hökmü elan edib.

“Rəşad Gəncinski” ilə bərabər həbs edilən sürücü Vaydar Məmmədov  Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Digər bir nəfər isə belarusludur.

Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.

Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər.

Minsk rayon məhkəməsi “Rəşad Gəncinski”nin 10 il azadlıqdan məhrum olunması haqda qərar qəbul edib.

Vaydar Məmmədov 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Belarus vətəndaşı 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Rəşad  Gəncinski”nin məhkəmədə son sözlə çıxış edib və özü barədə sensasion faktlar açıqlayıb. Belarus mediası yazır ki, azərbaycanlı “qanuni oğru” kifayət qədər emosional nitq söyləyib.

O, öncə  silahla bağlı ittihamdan danışıb. Deyib ki, onun şəxsi təhlükəsizlik xidməti olub və onu qanuni silahla qoruyublar. Amma Belarusa gələrkən silaha buna heç bir ehtiyac hiss etməyib və bu səbəbdən üzərindən silah tapılması ittihamını rədd edir. “Mən o paslanmış tapançanın şəklini gördüm. Əgər kimsə mənim yanımda o cür silah gəzdirsəydi utanardım.” Gəncinski deyib ki, o həbs edərkən  ona  silahla bağlı heç nə deməyiblər. Yalnız səhəri gün müstəntiqlər ona silahın şəklini göstərərək axtarış zamanı tapıldığını və əl izlərinin olduğunu deyib. “Qanuni oğru” yada salıb ki, onu bir müddət əvvəl Abxaziyada yaralayıblar. “Mən özümlə dırnaqtutan belə gəzdirmirəm” deyə, o məhkəmədə bildirib.

Saxta pasport ittihamına gəlincə, o bildirib ki,  2012-ci ildən bu pasportu istifadə edir. “Bəli, mənim pasportum var, amma hansı mənzilimdə olduğunu  bilmirəm. Mən Gürcüstanda, Yunanıstanda, hər yerdə bu pasportu istifadə etmişəm. Belarusda da heç bir qanun pozuntum olmayıb. Qoy bir nəfər desin ki, burada kimisə incitmişəm, hansısa pis niyyətim olub. Bura pul xərcləməyə gəlmişdim”.

“Gəncinski” deyib ki, onun dörd uşağı var. “Eyni zamanda iki arvadım var, heç biri ilə rəsmi nikahda deyiləm. Mənim inancım ikiarvadlılığa izn verir.  Həyat yoldaşlarım  bir saat belə işləməyib. Uşaqlarım yaxşı  məktəbə gedir, mən onlara hər şeylə  təmin edirəm”.  Azərbaycanlı “qanuni oğru”nun bundan sonra dedikləri isə əsl sensasiya ola bilər. “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru… Mən küçədən gəlməmişəm. Hamı hər şey deyə bilər. Mənim xəstə anam var, əməkdar elm xadimi, elmlər namizədidir. 66 yaşında olan anam mənim himayəmdədir. Mənim vəfat edən atam akademik olub, onu Belarusda da yaxşı tanıyırlar”.  “Gəncinski” deyib ki, o Belarusda kiminsə cibinə girməyib, kiməsə pislik etməyib. “Mənim biznesimlə 30-dan yuxarı ailə dolanır. Mən uşaq evlərinə gedərəm, yetimlərə sponsorluq edirəm ki, rahat böyüsünlər və narkotikdən uzaq olsunlar.  İşim dayanıb. Özüm də asma xəstəsiyəm. Səkkiz aydır həbsdəyəm. Bu müddət mənə bəs edər.  Hər yerə  getdiyim pasportla Belarusa da gəlmişəm. Bura gəlməyin mümkün olmadığını bilmirdim. İndi mənə 10 il həbs cəzası kəsirsiz. Niyə axı…?” “Rəşad Gəncinski” deyib ki, o, daima şiddətə qarşı olub və öldürmək onun işi deyil. “Mən ova da ancaq balığa gedirəm” deyə, o bildirib.

“Gəncinski”nin vəkillərinin hökmdən şikayət verəcəyi gözlənir.