Ömrünü sözə həsr edənlərə qıymayın

Ömrünü sözə həsr edənlərə qıymayın
10:30 22-07-2019 | icon 92

Günay Malikqızı yazır...

“Oha” var dağa çıxarır, “oha” var dağdan salır.

Atalarımızın adamı dağın başına çıxarıb, sonra da oradan kəllə-mayallaq düşürən “oha”nın önəminə həsr etdikləri bu məsəl məni həmişə düşündürüb. Axı mən 18 yaşımdan bu misaldakı çoxmənalı, sirli “oha”, yəni “söz”lə işləmişəm.

Bir söz birinin qələmindən dürr kimi, başqasının ağzından horra kimi, bir başqasının fikirlərindən xəzinə kimi həyatımıza yol tapa bilir. Bir söz, yəni eyni söz onun sahibininin vicdanına, həyata baxışına, intellektinə görə fərqli mənalar qazanır. Geri qaytara bilməyəcəyimiz itkilərə səbəb ola bilən, dedikdən, yazdıqdan sonra istənilən ən səliqəli düzəlişlə belə daha da səliqəsiz hal alan “Söz”lə işləmək asan deyil.

Sözü düzəltmək olmur. O, gərək əvvəldən düz olsun.

Əsl qələm əhli bilir ki, “Söz” onun ağırlığını çiyinlərində hiss edənlərin dilindən, qələmindən daha yaxşı, yaddaqalan çıxır. Amma ağırlığı azalmır. Əksinə, hər dediyin əsl söz sənin ömründə bir iz qoyur. Ağırlığı artır. Daha hər sözü deyə bilmirsən.

Elə əsl söz sahibinin 144 il əvvəl əkdiyi sözü bu günə kimi biçməyə çalışırıq. O ağırlığın altına girmək asan gəlməsin sizə.

Qarşısında “Milli” sözü olan, üstəlik, 144 illik tarixə malik bu bayramı öz günləri kimi qeyd edənlər xüsusi insanlardır.

Bu günü qeyd etmək üçün müasir dövrümüzdə mövcud olan onlarla, hətta ən sayılan və seçilən media orqanında işləmək, məqalə yazmaq, müsahibə almaq, efirə çıxmaq kifayət deyil. Bunun üçün dediyi və deyə bilmədiyi sözün məsuliyyətini anlamaq, sözə o məsuliyyətlə yanaşmağı bacarmaq, ağzına gələn hər sözü yox, çıxdaş edə biləcəyi sözü demək bacarığınız olmalıdır. 

Xahiş edirəm, bu günə kimi press-reliz köçürməklə məşğul olub, ya da ancaq gördüyünü olduğu kimi, heç bir “Söz” qatmadan yazanlar, “Həmkarlarım” sözü ilə başlayan təbriklərinizlə günün sehrini pozmayın. Ömrünü sözə həsr edənlərə qıymayın. 

Milli Mətbuat günü çox xüsusi və vacib gündür. Azərbaycan Milli Mətbuat tarixinin dəyərli üzvləri, bayramınız mübarək!

144 illik tarixə xələl gətirməyən hər bir Milli Mətbuat üzvünə xoş günlər nəsib olsun.

Vicdanınız təmiz, qələminiz iti, sözününüz kəsərli və cibiniz dolu olsun!