Faşistləri “çökdürən” ingilis homoseksual dahinin fotosu pulun üzərinə vurulacaq

Faşistləri “çökdürən” ingilis homoseksual dahinin fotosu pulun üzərinə vurulacaq
02:30 16-07-2019 | icon 68

II Dünya Müharibəsində alman xüsusi xidmət orqanlarının istifadə etdiyi “Eniqma” şifrələrini qırması ilə tanınan və bununla da müharibəinin gedişinə əhəmiyyətli dərəcədə təsir edən, süni intellektin və müasir kompüterlərin yaradıcılarından biri hesab olunan Alan Tyurinqin şəkli “50-lik” funt-sterlinq əskinaslarının arxa tərəfinə vurulacaq.

“The Guardian” xəbər verir ki, yeni pullar 2021-ci ildə tədavülə buraxılacaq.

Cırılmayan və islanmayan polimerdən istehsal olunacaq əskinasların üzərində Tyurinqin bir sözünə də yer veriləcək.

Bununla da məşhur alim “50-lik” banknotun üzərində fotosu olan beşinci adam olacaq.

Homoseksuallığın qadağan olunduğu 1950-ci illərdə evinə girən bir oğrunun onu başqa kişi ilə birlikdə yataqda görməsindən sonra polisə xəbər verməsi ilə cinsi orientasiyası ictimaiyyətə açıqlanan Tyurinqə ya həbs, ya da hormonal müalicə varinatları təqdim olunmuşdu.

Müalicəni seçən Tyurinq 1954-cü ildə evində ölü halda tapıldı. Tibbi ekspertizadan sonra onun siyanur zəhərindən öldüyü bəlli oldu.

Rəsmi qaynaqlarda alimin ölümü intihar olaraq qeyd edilsə də, sonradan dövlət xüsusi xidmət orqanları tərəfindən sui-qəsd edildiyi üzə çıxmışdı.

2009-cu ildə Con Qraham-Kamminqin başçılığı ilə on minlərlə insanın qatıldığı imza kampaniyası ilə İngiltərə hökuməti A.Tyurinqi homoseksual olduğu üçün cəzalandırdıqları səbəbilə rəsmi şəkildə üzr istədi.

2013-cü ildə isə onun haqqında Britaniyada istisna hal kimi qeyd olunan Kraliyyət əfvi çıxarılmışdı.