Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi
17:04 12-07-2019 | icon 410

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

Millətinsəsi.info xəbər verir ki, bu barədə etibarlı mənbə məlumat yayıb. Yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında "Bandotdel” kimi tanınan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

1562933201_ebulfet-rzayev

Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub.Uzun müddət BDU-nun hüquq fakültəsində "Konstitusiya hüququ” və "İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.

“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.

"Millətinsəsi.info" bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfəz Rzayev deyib.

O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:

“Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.