Ölkənin 3-cü şəhərinin bərbad dəmir yolu vağzalı-“Stansiya Sumqayıt"

Ölkənin 3-cü şəhərinin bərbad dəmir yolu vağzalı-“Stansiya Sumqayıt"
15:39 12-07-2019 | icon 510

Sumqayıtın bu dəmir yolu vağzalında turist gecə vaxtı ürək edib düşməz

Sumqayıt icra hakimiyyətinin rəsmiləri Sumqayıtda guya turizmin inkişaf edilməsindən, bunun üçün tədbirlər görülməsini bəyan edir, amma təkcə Baş Sumqayıt sərnişin stansiyasının vəziyyətinə baxanda bunların həqiqətə uyğun olmaması üzə çıxır.

“Stansiya Sumqayıt” qəsəbəsində yerləşən Baş Sumqayıt dəmir yolu stansiyasına Sumqayıtdan 15 dəqiqəlik yol 6-7 km məsafə var, amma bura yaddan çıxmış, gözdən və könüldən kənarda qalmış vağzala oxşayır. Hətta ucqar rayonların dəmiryol vağzalları belə bu stansiyadan dəfələrlə yaxşıdır.

Halbuki məhz bu stansiyadan Rusiya, Ukrayna istiqamətində gedən sərnişin və yük qatarları işləyir.

Ümumiyyətlə son vaxtlar Sumqayıt şəhərində müəyyən abadlıq işləri aparılsa da, onun ətrafında yerləşən ,10 mindən çox əhalisi olan və köhnə

yaşayış massivlərindən olan "Stansiya Sumqayıt" bu işlərdən bir çox ətraf yerlər kimi kənarda qalıb.

Bu qəsəbə əsasən ərazidən adından da göründüyü kimi dəmiryol xəttinin keçməsi ilə tanınır. Qeyd etmək lazımdır ki, Stansiya Sumqayıt yaşayış massivinin özünün də vəziyyəti bərbaddır, burada yollar, asfalt 20 ildən bir salınır, tez-tez də sıradan çıxır. Burada sosial problemlər bitib-tükənmir. Amma bu başqa mövzunun söhbətidir. 

Rusiyaya, Ukraynaya gedən və gələn sumqayıtlılar bura yaxın olduğundan bu stansiyaya bilet alırlar və buradan keçən qatarlar bu stansiyada sərnişənlər üçün 3-5 dəqiqə dayanır.

Həmin qatarlar gələndə də,gedəndə də bir qayda olaraq bu stansiyada gecə vaxtı dayanır. Təbii ki, gecə vaxtı bura heç bir marşrut avtobusu işləmir və bu dayanacaqda düşənlər məcbur olub taksi tutmalıdırlar.

Ən dəhşətlisi, işıqlandırma sistemi olmadığından burada gecə vaxtı vağzalın zülmət qaranlığa qərq olmasıdır. Gecə vaxtı vahiməli yerə çevrilən bu stansiyaya Sumqayıtdan gəlmək də nabələd adam üçün çox çətindir.

Yolda bu stansiyaya aparan və ümumiyyətlə burada yaşayış massivinin, sərnişin stansiyasının olduğunu göstərən yol nişanı və ya məlumat–filan yoxdur. Bəlkə də haradasa var,amma olsa da gecə vaxtı görsənmir. Tanımayan və qatara minən adamı yola salan mütləq naviqator proqramının köməyindən istifadə etmək məcburiyyətində qalır. Bu səbəblərdən qonşu ölkələrdən gələn, gedən Və Sumqayıtdan qatara minən-düşən sərnişinlərin, turistlərin çoxu bu yaxın olmasına, vaxt və pul, itkisi,əziyyət olmasına baxmayaraq.

Bakı Dəmiryol vağzalına getməyi məqsədəuyğun sayırlar. Çünki Bakı vağzalında Baş Sumqayıt stansiyasından fərqli olaraq müasir standartlara cavab verən rahat vağzaldır. Gecə vaxtı bu stansiyada taksilər istədiyi qiyməti(10-20 manat) deyirlər və gələn də əgər qabağına tanışın maşını çıxmırsa bu pulu verməyə məcburdur. Bu stansiyadan həmçinin Bakı-Yalama-Bakı elektrik qatarı da keçir.

Keçən əsrin ortalarında, sovet dövrü tikilən bu dəmir yolu vağzalı nənInki müasir, heç köhnə standartlara da cavab vermir.

Gecə vaxtı itlər ulaşan stansiyada düşən turistin gözü qabağında açılan vahiməli, təhlükəli mənzərə hansı yaxşı təəssürat oyada bilər, bunu təsəvvür etmək çətin deyil.

Hər bir şəhərin giriş qapısı sayılan və bir növ, vizit kartı olan vağzalların vəziyyətinə uyğun olaraq, şəhərin hansı səviyyədə olması haqda mühakimə yürütmək olur. "Stansiya Sumqayıt" qəsəbəsindəki sərnişin stansiyası elə bərbad gündədir ki,burda düşən turistlər heç də yaxşı fikirdə olmaz şəhər haqda. Bu stanasiyada heç bir turist taksi-filan olmasa ürək edib düşməz.

Buradakı vağzal sərnişin stansiyasından çox dağılmış və bərpaya ehtiyacı olan tarixi abidəyə oxşayır.

Vağzalda məlumatverici-göstərici nişan, qatarların gediş-gəlişi haqda adicə məlumat löhvəsi belə yoxdur. Hətta ehtiyatını tutaraq, gecikməmək üçün bir-iki saat əvvəl gəlmiş sərnişənlər, yola salanlar, sürücülər üçün adicə oturacaq, ayaqyolu belə gözə dəymir.

Stansiyada səhv etmirəmsə gözləmə zalı, nə də təbii ki,elektron monitor-zad yoxdur. Sanki elə bil əhəmiyyətli vağzal elə belə olmalıdır. Yalnız qatar gələn və ya gedən zaman haradansa mikrafondan gözəgörünməz adamın səsi gəlir ki, filan nömrəli qatar hansısa palatformada dayanacaq. Çox zaman bu məlumat belə dəqiq olmur.

Bundan başqa vağzalda gecə vaxtı nə aptek,nə bir dükan işləyir.Bir sözlə bu stansiyada sərnişinlərə xidmət 0 səviyyəsindədir. Sərnişinlərə bu qədər əziyyət verməyin 21-əsrdə adı nədir?!

Halbuki Sumqayıt ölkənin 3-cü böyük şəhəridir və bu Sumqayıt kimi şəhərin belə dəmiryolu vağzalının olması biabırçı haldır və təəssüf doğurur. Elə Sumqayıtın Hacı Zeynalabdin dəmiryol stansiyası da Baş Sumqayıt dəmir yolu stansiyası kimi acınacaqlı, pis gündədir.

Tez-tez eşitmək olur ki, “Azərbaycan Dəmir Yolları” QSC milyonluq layihələrə imza atır, bu quruma milyonlarla pul ayrılır dövlət tərəfindən, filan-filan işlər görür, Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf edir və sairə.Bəs görəsən

“Azərbaycan Dəmir Yolları” QSC və Sumqayıt icra hakimiyyəti Baş Sumqayıt dəmir yolu stansiyasına niyə bir əncam çəkmir?!

Əvvəllər Moskva,Kiyev istiqamətində gedən qatarlar Sumqayıt ərazisindən 80-ci illərin sonlarında tikilən, 12-ci mikrorayondakı Sumqayıt Dəmiryol Vağzalından hərəkət edirdi və 90-cı illərin əvvəllərinəcən bu davam edirdi. Sonradan vağzalın izibati binasında qaçqınlar məskunlaşmışdı. Artıq neçə illərdir ki, beynəlxalq istiqamətdə qatarlar obyektiv səbəblərdən Baş Sumqayıt stansiyasından getməyə başlayıb. 

2015-ci ildə stansiyada yaşayan 40 məcburi köçkün ailə köçürüldü, ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrıldı,vağzal isə yararsız halda olduğu üçün yerli-dibli söküldü. Onun yerində üçmərtəbəli yeni, 5,5 min kvadratmetlik dəmir yolu vağzal tikildi. Hətta 16 noyabr 2018-ci ildə cənab prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etmişdir. 

Təzə binada binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzi açılacaq.

Bir sözlə təzə dəmiryolu vağzalı müasir standartlara tam cavab verir və göz oxşayan bu vağzalda hər bir şərait var. Amma bu boyda vağzalda demək olar ki,boşluqdur, onun imkanlarından tam istifaəd olunmur. Buradan yalnız Bakı-Sumqayıt sürət qatarı işləyir. Vağzalın içi isə bom-boşdur. Sumqayıt sakinləri Ukraynaya, Rusiyaya gedən qatarların da buradan əvvəlkitək keçməsini istəyir. Çünki təzə vağzal şəhərin rahat yerindədir. Amma buradan keçən dəmir yolu xətti normal olmadığındanmı, yoxsa nə səbəbdənsə qatarlar buradan yox, baxımsız və insanlar gediş-gəlişi üçün rahat olmayan yerdən keçir. 

Bir sözlə bu stansiyanın təmirə yenilənməyə ehtiyacı var. Yaxşı olardı ki, həm “Stansiya Sumqayıt” qəsəbəsindəki stnasiya təmir olunsun , həm də ki, ən əsas qatarlar yeni vağzaldan keçsin. Və bu sərnişinlərin çox ürəyincə olardı.

Millətinsəsi.info