Göyçayın İcra başçısı 20 hektar torpağı əlimdən alıb – Şikayət

Göyçayın İcra başçısı 20 hektar torpağı əlimdən alıb – Şikayət
16:38 10-07-2019 | icon 154

Göyçay rayonu, 2-ci Ərəbcəbirli kənd sakini, sahibkar Həsənov Ramiz Əli oğlu tərəfindən Millətinsəsi.info-nun redaksiyasına şikayət məktubu daxil olub.

İcra başçısından şikayət edən R.Həsənov saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban əliyevaya müraciət edir:
“Göyçay rayon icra başçısı Mehdi Səlimzadə biz sahibkarlara qan uddurur. Bu adam Göyçay rayonuna icra başçısı təyin olunduğu 3 il ərzində rayonu viran günə qoyub. Mehdi Səlimzadənin korrupsiya əməlləri faktlarla subut ediləsə də, onun barəsində heç bir tədbir görülməyib. Təsəvvür edin, Mehdi Səlimzadənin barəsində mərkəzi orqanlara göndərilən şikayət ərizələri icra ediləməsi üçün elə onun özünə qaytarılır. Buna görə də cəzasızlıqdan istifadə edib, insanları daha da sıxıb, onlara zülm əziyyət verir.
Mən Göyçay rayonunda sahibkarlıqla məşğul olub, dövlətə vergi verirəm. Göyçay rayonunun Müskürlü kəndində quşçuluq fabrikim var, quş əti istehsal edirəm. Yem bazamı qurmaq üçün Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində 20 ha torpaq sahəsində taxıl əkirdim. Uzun müddət həmin torpaqdan istifadə etmişəm. Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoymağa başladı. Həmçinin də mənim istifadə etdiyim torpağı əlimdən zorla aldı. Adını da belə qoydu ki, Göyçayda aqropark yaradılır. Çərəkə kəndində 50 hektar, Xəlitli kəndində 30 ha, Mallışıxlı kəndində 40 ha, Bəydövüldə 60 ha, Şirvan kolxozuna və 106 nömrəli Peşə Kollecinə məxsus 100 ha torpaq sahələrini aqropark yaradılması adı ilə ələ keçirib, istifadə etməyə başladı.
Mən Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayevin Ağdaş rayonunda qəbuluna gedib, bu barədə ondan soruşduqda cavab verdi ki, icra başçısı sizi aldadır, Göyçayda aqropark yaradılmayıb, nə də gələcəkdə belə bir plan yoxdur.
Bundan sonra mən Ərəbcəbirli bələdiyyəsinə müraciət edib, həmin 20 ha torpaq sahəsinin qanuni qaydada mənə satılması və ya icarəyə verilməsi üçün hərrac keçirilməsini xahiş etdim. Bələdiyyə sədri Səyyaf Səmədov mənə bildirdi ki, həmin torpağın bələdiyyə torpağı kimi tanıdılması üçün bələdiyyənin vəsaiti yoxdur. Buna görə mən öz cibimdən bələdiyyənin əvəzinə 800 manat pul ödədim ki, həmin torpaq bələdiyyə torpağı kimi tanıdılsın və hərraca çıxarılsın. Bələdiyyə sədri Səyyaf Səmədov həmin torpağın Ərəbcəbirli bələdiyyəsinə məxsus olmasına dair Əmlak Komitəsinə sənəd təqdim etməli olsa da bunu etmədi. Sonradan mənə Əmlak komitəsindən bildirildi ki, bələdiyyə sədri Səyyaf Səmədov torpağın icarəyə verilməsi üçün hərrac keçirilməsinə etiraz məktubu yazıb, Əmlak Komitəsinə göndərib. Bununla da tam subut olundu ki, Mehdi Səlimzadə Göyçayda açıq-aşkar saxtakarlıqla talançılıq siyasətini həyata keçirib, kapital toplamaqla məşğul olur. Bələdiyyələri, icra nümayəndələrini, idarə və müəssisə rəhbərlərini öz qanunsuz əməllərinin iştirakçısına çevirib.
Qeyd edim ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin edildikdən sonra Ərəbcəbirli kəndində torpaqlar qanunsuz olaraq yol çəkilməsi üçün şirkətlərə satılmışdır. Buna görə həmin şirkətlər Ərəbcəbirli kəndi ərazisində böyük qazıntı işləri aparıb, torpağı daşıyıb aparıblar. Nəticədə də sakinlərə ziyanlar dəyib, kəndin hər an sel altında qalma təhlükəsi var.
Bu 3 il ərzində rayonu viran günə qoyan Mehdi Səlimzadənin əlindən icra nümayəndələri, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri cana yığılıblar. Bir neçə gün bundan əvvəl 61 nəfər vəzifəli şəxsin işdən çıxmaları üçün yazdıqları ərizələr mətbuatda dərc olundu. Bu tam doğru məlumatdır, bunu şəxsən mənə həmin ərizəni yazan vəzifəli şəxslər özləri deyiblər.
Mehdi Səlimzadə təkcə Göyçay rayonunda dəmyə torpaqların suvarılması üçün sovet dönəmində tətbiq edilmiş 500.000 metrdən çox çürüməyən qiymətli metaldan düzəldilmiş boruları torpağın altından çıxartdıraraq satmışdı. Bu adam Göyçayın, göyçaylıların qəniminə çevrilib. Öz marağına görə kənd təsərrüfatına vurduğu ziyanın məbləği milyonlarla manat təşkil edir.
Mənim qanuni qaydad özəlləşdirib aldığım quşçuluq fabrikində çoxlu sayda insan işləyib ailəsinə çörək aparır, dövlətə vergi verirəm ki, bütün bunlar göz önündəir. Ancaq Mehdi Səlimzdə prezident cənab İlham Əliyevin etimadından sui-istifadə edib məşğul olduğu korrupsiya əmələri ilə dövlətə küllü miqdarda ziyanlar vurmuşdu.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.
Cənab Prezident, hörmətli Mehriban xanım!
Xahiş edirəm ki, Göyçayı viran günə qoyan insanları cana yığıb bezdirən Mehdi Səlimzadənin məsuliyyətə cəlb edilməsinə tapşırıq verəsiniz. Bu adam deyir ki, yaxın günlərəd Bakı şəhəri Xətai rayonuna icra başçısı vəzifəsinə təyin olunacaq. Vallah, bu adam bu vəzifəyə layiq deyil. Xahiş edirəm, onun barəsində qanunu tədbirlər görəsiniz”.



Məsələ ilə bağlı İH-nın mövqeyini dərc etməyə hazırıq.