Oliqarxlar Mikayıl İsmayılov və Hüsnü Quliyev qohum oldu

Oliqarxlar Mikayıl İsmayılov və Hüsnü Quliyev qohum oldu
13:52 10-07-2019 | icon 544

Oliqarx övladlarından daha bir sürpriz

Əməkdar artist Miri Yusifin Yaşıl teatrda “3 gün” adlı solo konsertlərinin birində Orxan adlı gənc sevdiyi Leyla adlı xanıma bütün tamaşaçıların önündə evlilik təklif etmiş, müğənni isə onların şərəfinə “Qiymətlim” adlı mahnısını səsləndirmişdi.

Bu olayla bağlı mediada yayılan məlumatda Leyla adlı sevgilisinə evlilik təklifi edən Orxan adlı gəncin Miri Yusifin dostu olduğu əksini tapıb. Orxanın məhz Miri Yusifin çağrışından sonra önə çıxaraq sevgilisinə evlilik təklif etməsi də bununla izah edilir. Əməkdar artistin solo konsertində baş verən bu olay mediada əksini tapmasına, sosial şəbəkələrdə geniş müzakirə olunmasına baxmayaraq gənclərin kimliyinə aydınlıq gətirilməmişdi…

Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlarda olayda adıkeçən gənclərin oliqarx övladları olduğu üzə çıxır. Belə ki, Miri Yusifin dostu kimi təqdim edilən Orxan SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun oğlu-1994-cü il təvəllüdlü Orxan İsmayılzadədir. SOCAR vitse-prezidentinin 25 yaşlı oğlunun evlilik təklif etdiyi gənc xanım isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin 1996-cı il təvəllüdlü qızı-Leyla Quliyevadır. Gəncləri təbrik edib, xoşbəxtlik arzulamaqla keçək digər əldə etdiyimiz məlumatlara.

Sədr müavininin 6 illik bakalavr təhsili  


Xatırladaq ki, Hüsnü Quliyev bu vəzifəyə təyin edilməzdən əvvəl uzun müddət, 1998-2015-ci illərdə “Vüsal” firmasında direktor işləyib. 2015-ci ildə hansısa sehirli əlin yardımı ilə “Azəravtoyol” ASC-nin nəzdindəki “2 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin rəisi vəzifəsinə təyin edilib. Çox qısa zaman bu vəzifədə işlədikdən sonra 2016-cı ildə “Azəravtoyol” ASC-nin sədr müavini vəzifəsini icrası müvvəqqəti olaraq ona həvalə edilib.

2017-ci ilin əvvəlində isə “Azəravtoyol” ASC-nin sədr müavini təyin olunub. Həmin ilin dekabrından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini tutur. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olan Hüsnü Quliyev 1984-cü ildə Bakı Kooperativ Texnikumunu, 2002-ci ildə isə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini bitirib...

Yenixeber.org-a bir müddət əvvəl daxil olmuş məlumatlarda Hüsnü Quliyevin ali təhsili ilə bağlı müəyyən müəmmalar doğuran elementlər yer alır. Araşdırmalarımızla müəyyənləşdirmişik ki, hörmətli Hüsnü müəllim Odlar Yurdu Universitetinə 1996-cı ildə qəbul olunub və bakalavr ixtisasını 6 ilə-2002-ci ildə- bitirib.

Məlumatla bağlı Dövlət İmtahan Mərkəzinə rəsmi soğumuza qaneedici cavab ala bilməsək də, Odlar Yurdu Universitetinin rektoruna ünavanladığımız məktuba cavabda deyilir: “Quliyev Hüsnü Ələkbər oğlu 1996-cı ildə Odlar Yurdu Universitetinə “Maliyyə və kredit” ixtisasına qəbul olmuş, 2002-ci ildə Universiteti eyni ixtisas üzrə bakalavr səviyyəsində bitirmişdir və ona ali təhsil haqqında qeydiyyat nömrəsi ... olan ... nömrəli diplom verilmişdir”.

  Bu o zamanlar idi ki, Azərbaycanda əksər özəl ali məktəblərə daxil olmaq, diplom almaq kimi problemlər yox idi. Başqa sözlə ürəyi dplom istəyən “əlini cibinə salmaqla” istəyinə çata bilirdi...

Biz əsla hörmətli Hüsnü müəllimin 40 yaşında 6 illik bakalavr səviyyəli ali təhsilinə kölgə salmaq niyyətində deyilik... Hələlik açıqlaya bilmədiyimiz bəzi faktorlara aydınlıq gətirilməsi məqsədi ilə 06.02.2017 tarixdə Hüsünü müəllimə 04/019 №-li məktub ünvanladıq. Təəssüf ki, o gündən bu günə nə rəsmi, nə də şifahi sorğularımıza cavab ala bilmədik. Səbəbi bizim üçün də müəmmadır: Əcəba bu məlum qanun və mətbuata sayqısızlıqdırmı, yoxsa yazılası cavabın mümkünsüzlüyü?

***

Hüsnü Quliyevin qohumu  SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovu ictimaiyyətə geniş təqdim etməyə ehtiyac yoxdur. Google üzərindən bir axtarış kifayətdir ki, Mikayıl İsmayılovun varidatı, mal-mülkü ilə bağlı saysız faktlar üzə çıxsın. Həmin yazıların birində vurğulanır ki, təkcə Bakının mərkəzində ucaldılan 4 mərtəbəli villaya SOCAR vitse-prezidenti Mikayıl İsmayılov 18 milyon manat xərcləyib.

Bu və şəhərin başqa bir ərazsində eyni layihəli ikinci mülkün də Mikayıl İsmayılovun həyat yoldaşının adına rəsmiləşdirildiyi qeyd edilmişdi. Mikayıl İsmayılovun Pirallahı qəsəbəsindəki dəyəri 9 milyon olduğu iddia edilən villasının isə gənc oğlu Orxanın adına rəsmiləşdirildiyi bildirilir. Pirallahı qəsəbəsində 1 hektardan artıq ərazidə yerləşən istirahət mərkəzinin də İsmayılovlar ailəsinə aid olduğu iddia olunur. Və s.

Olsun, biz Mikayıl İsmayılovun parasını saymaq niyyətində deyilik. Amma,.. SOCAR vitse-prezidenti olaraq bu qədər dəbdəbəyə sahib olmasına aydınlıq gətirmək Mikayıl İsmayılovun borcudur. Ya faktlarla təkzib etməli, ya da bu var-dövlətə necə sahiblənməsini cəmiyyətə açıqlamalıdır. Təkrar edirəm, SOCAR vitse-prezidenti olaraq.    

Bütün bunlara baxmayaraq  təkrar gənclərə xoşbəxtlik, qudalara isə mehribançılıq arzulayırıq.

Mənbə Yenixeber.org