Xızı rayonunda yerləşən “Cənnət bağı” istirahət mərkəzində rüsvayçılıq! Qiymət soruşan müştəridən giriş haqqı aldılar

Xızı rayonunda yerləşən “Cənnət bağı” istirahət mərkəzində rüsvayçılıq! Qiymət soruşan müştəridən giriş haqqı aldılar
18:26 09-07-2019 | icon 197

Xızı rayonunda yerləşən “Cənnət bağı” istirahət mərkəzində otelin ərazisinə girib qiymət soruşan müştəridən giriş haqqı alınıb.

Milletinsesi.info xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən şikayətçi Səftər Əlsəfa bildirib ki, iyulun 6-da Altıağac qəsəbəsində yerləşən “Cənnət bağı” istirahət mərkəzinə gediblər. Orada girişdə ondan 100 manat depozit tələb olunub:

“Mən pulu ödədim və dedilər ki, içəridə istifadə etdiyimiz xidmətin pulu həmin məbləğdən çıxılacaq. Orada girişin pullu olması ilə bağlı bizə heç bir məlumat, xəbərdarlıq edilmədi. Biz 7-8 nəfər içəri keçib otelə yaxınlaşıb qiyməti soruşduq. Çox baha olduğu üçün sərf etmədi. Mən əraziyə girişin pullu olduğunu bilsəydim, 7-8 nəfərlə niyə girirdim ki? Tək özüm gedib qiymət soruşub çıxardım. Otelə gedəndə uşaqlar da heyvanlara baxmaq istədilər, 3 uşaq zooparka girib baxdı, sonra çıxdıq. Bu da ümumilikdə hər uşağa 2 manat olmaqla, 6 manat etdi. Çıxışda isə bizdən 24 manat əraziyə giriş haqqı da tutdular (zooparkın ödənişi ilə birgə 30 manat). Mən 1 saata yaxın mübahisə etsəm də, bir xeyri olmadı. Mənlə birgə başqa bir müştəri də eyni vaxtda buna etiraz edirdi. Çünki girişdə heç kimə bu barədə məlumat verilmir. İstirahət mərkəzi ölkənin içində ayrıca ölkədir? Torpaqbasdı vergisi alırlar, elə bil viza rüsumu ödəyirik”. 

S.Əlsəfa bildirib ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə müraciət edərək şikayətini bildirib.
“Cənnət bağı” istirahət mərkəzindən isə “Qafqazinfo”ya bildirilib ki, onların ərazisi şəxsi torpaq olduğu üçün girişə özləri tərəfindən qiymət qoyulub: “Bir nəfər üçün giriş 5 manatdır. Özümüz əraziyə girişi pullu etmişik ki, hər gələn içəri girməsin. İstirahət mərkəzinin həyətində də bu barədə məlumat guşəsi yerləşdirilib. Bizə də heç kim deyə bilməz ki, niyə giriş pulludur?!”