Kinozallarda işıqlar sönəndən sonra baş verənlər

Kinozallarda işıqlar sönəndən sonra baş verənlər
15:00 09-07-2019 | icon 54

Günay Malikqızı yazır...

Bakıda kinozallarda işıqlar sönəndən sonra bizdə iki film başlayır, bir böyük ekranda gedən film, bir də filmə baxmağa gələnlərin (bəzilərinin)  baş qəhrəman olduqları film... Filmə baxmağa gələnlərin çəkdikləri filmdən biz nələr çəkirik, onu bir Allah bilir, bir də bu gündən sonra siz biləcəksiniz.

Kinoteatra nə üçün gedirik? 

“Nə axmaq sualdır, təbii ki, kinoya baxmağa” deyəcəksiniz.

Sualımı axmaq hesab etdiklərinə baxmayaraq, məhz bu cavabı verənlərə böyük hörmətimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, kinoteatrın əylənmək, sevdiklərinizlə, dostlarla yaxşı vaxt keçirmək məkanı olduğunu bilirsiniz. Sevdiyiniz rejissor, ssenarist, aktyorun son işini böyük ekranda görmək zövqünü yaşadan bu mədəniyyət ocağının varlığından xəbərdarsınız.

Çox sağ olun! Nəsə mənə elə gəlir ki, siz çox az saydasınız. Amma yenə də haradasa yaxınlarda olmağınız məni sevindirir.

Düzdür, digər tərəfdən kinoteatr “qonşum” olmamağınız məni məyus edir. Çünki kinoteatra gedəndə qarşısına bütün insanlığı əsəbiləşdirib, xarakiri etmək səviyyəsinə çatdırmaq məqsədi qoyanlar həddindən artıq çoxdur.

Bu halın baş verməsinin bir çox açıqlaması var. Amma əsas səbəb “ağıllı” olmağımızdır.

Məsələn, biletini 8-ci sıra yer 1,2-yə alıb, elə həmin sırada 9,10-cu yerdə oturan, o yerin sahibi gecikib gələndə isə uzaqdan uzağa “Əşi, kino başlayıb, orada yer var da, otur” işarəsi edənlər özünü hamıdan “ağıllı” sayır.

Ümumiyyətlə, bizdə yalnız kinoteatrda yox, bütün ictimai yerlərdə “oturmaq” problemi var. Yəni evdəkilərin yanında edə bilmədiklərini, elə yenə onların təəbirincə desək, “şellənib” otura bilməyənlər ictimai yerlərdə ürəklənirlər.

Necə edək? Ayaqlarınıza sahib çıxıb başınızla eyni endə saxlamalı olduğunuzu sizə necə başa salaq?

Kürəyinin eni 60 sm olanlar, hər ayağına müstəqillik verəcək qədər özündən uzaqlaşdırır. Az qala hər ayağı üçün ayrıca kreslo lazım olacaq səviyyədə oturanlara bir nəfər başa salsın ki, “Ayağına yer tapa bilmirsən, özündən sağda, solda olan kresloların da pulunu ver, ayağına və əsas da “ağlına” uyğun şəkildə otur. Başqalarını niyə sıxışdırırsan?”

Yanında oturan da biletə pul verib gəlib, amma o səndən “ağılsızdır”, kinoteatrın ona ayırdığı yer qədər oturub. Başqalarını sıxışdırıb oturacaq qədər biri deyil deyə onu əzməlisən?

Oturanda ayağına sahib çıxmayanlar əllərini də hara qoyacaqlarını unudurlar.

Bunu bir xatırlatma kimi dəyərləndirin. Əsasən, VİP salonlar istisna olmaqla, bir oturacağın hər iki kənarı sizə aid deyil. Yəni siz evdəki kimi, hər iki qolunuzu rahat qoyub otura bilməzsiniz. Oturacağın qolumuz üçün nəzərdə tutulan biri sizindirsə, digəri o biri oturacaqda oturanındır. Ya da qollarınızı elə yerləşdirin ki, yanınızdakı da həmin oturacaq kənarından istifadə edə bilsin.    

Çox xahiş edirəm, kinoteatra, teatra gələndə sultansayağı, taxt-tac sahibi oturuşunuzu evdə qoyub gəlin, evinizə dönəndə yenə kiçik dağların “yaradıcısı” pozanızda kefiniz istəyən qədər oturun. Amma burada açar söz “eviniz” sözüdür. Yəni öz evinizdə oturuşunuza fikir verməyə bilərsiniz (Əslində ən böyük mədəniyyət tək olanda nümayiş etdirdiyimiz mədəniyyətdir, ancaq...). Mənim də, onun da, sənin də getdiyi yerdə isə fikir vermək məcburiyyətindəsiniz.

Digər tərəfdən, kinoteatrda ayaqqabılarınızı soyunub ayağınızı rahatlatmaq kimi məcburiyyətiniz yoxdur. Ümumiyyətlə, kinoteatrda, teatrda, təyyarədə - qısası, ictimai yerdə ayaqqabınızı soyunmamağınız başınızın ucalığıdır.

Ucadan telefonla danışmasanız, söhbət etməsəniz, başqasına lətifə anlatmasanız da heç kim sizdən inciməyəcək!

Tam tərsi, böyük əksəriyyət məhz filmin başlamasına saxladığınız ailə məsələlərini və ya “Ranc ustadadır, taksi ilə gəlmişəm” söhbətinizi yarımçıq kəsdiyiniz üçün sizə minnətdar olacaq.

Yaş məhdudiyyətini nəzərə alaraq, uşağı hər filmə aparmayan valideynlərə duyduğum dərin hörməti isə sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bilmirsən filmə baxasan, yoxsa bu kadrı yanındakı uşağın da görəcəyini düşünüb dəhşətə gələsən...

Sən rahat filmə baxarkən, yanındakının  sevgilisinin qulağına sinxron tərcüməçilik etməsi halı ilə rastlaşanlar, siz məni anlayarsınız. Durmadan davam edən pıçıltı, üstəgəl, səhv tərcümə sizi uzaqlara aparar. Daha doğrusu, siz həmin an uzaqlarda olmaq istəyirsiniz.

Sıraların arasından keçəndə yaşadıqlarımız isə əsəbləri zəif olanlar üçün qorxu filmi effekti yaradar.

Kinoteatrdan çıxmaq məcburiyyətində qalanda qorxu ilə gözləyirsən, görəsən, öz yerinə qayıtmaq istəyəndə oturanlar ayaqlarını yığacaqlar ki, keçə biləsən?

Gecikən görəndə də həyəcanlanırsan. Bu gecikən şəxs də arxasını oturana, üzünü filmə çevirib sıraların arasından öz yerinə doğru irəliləyəcək. Sən onun arxasına, o da filmə baxacaq. 

Kinoteatrda filmə baxmaq prosesini “xüsusiləşdirən” sadaladıqlarım və sadalamadıqlarımı taclandıran isə Azərbaycanda bir çoxlarında filmə baxmaqla eyni anda başlayan “qaşınma” xəstəliyidir. 

Mənim tibbi savadım yoxdur, ancaq müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, aramızda bu xəstəliyə yoluxanlar çoxdur.

Filmin ilk saniyələrindən qaşınmağa başlayanlar ya bu dərdə dava tapa bilmirlər, ya da hər yerini qaşımaqdan çəkinməyən kəsləri yadplanetlilər qəsdən Yer planetinə göndəriblər ki, insanların səbrini sınaqdan keçirsinlər.

Bəlkə də, xırda məsələlərdir. Bəlkə də, yanındakının ayağına, qoluna, uşağına, varlığına fikir verməməklə bu məsələləri diqqətə almamaq olar. Olar. Niyə olmur ki?

Onda kinoteatr, teatr həm də əsəblərimizin tarıma çəkildiyi yer olmaqda davam edəcək. 

Zövq almalı olduğumuz məkanı içimizdəki əsəb vulkanının lavalarını uda-uda tərk etməli olacağıq.

Axı, hər dəfə də “bağışlayın” sözü ilə başlayıb, kiməsə nəsə başa salmaq istəmirsən. İstəyin çox sadədir: kinoya baxmaq. Sakit, əli-ayağı düz, qaşınmayan, ayağının iyini və səsinin məlahətini hiss etdirmədən kinoya baxmağa gələnlərlə bir yerdə kinoya baxmaq...

Dünyanın ən sadə əməlini ağılagəlməz hərəkətlərlə “mürəkkəbləşdirən” insanlar, nə olar, bu yazını oxuyun. Suallarınıza da cavab verməyə hazıram.