403 nəfər qidadan zəhərlənib - Son bir ildə

403 nəfər qidadan zəhərlənib - Son bir ildə
11:55 09-07-2019 | icon 71

 Son bir ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 359 qida zəhərlənməsi halı ilə bağlı şikayət daxil olub. Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən ikisi vəfat edib.

milletinsesi.info xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi nəzarəti sahəsində agentlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla, 277 planlı, 302 plandankənar olmaqla ümumilikdə 579 yoxlama aparılıb:

“390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan beşi şərti cərimə, 22-si xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə olub və 9850 manatlıq şərti cərimə olmaqla, 280 100 manat cərimə tətbiq edilib”.

Q.Təhməzli qeyd edib ki, agentlik tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63 926 fitosanitar sertifikat və icazə sənədi, 20 830 qida təhlükəsizliyi sertifikatı, 12 989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib.

Sədr deyib ki, qurumun səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli ümumilikdə 17 241 müraciət daxil olub.

Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

AQTA sədri Qoşqar Təhməzli bildirib ki, enerji içkilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir:

“Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki şura fəaliyyətə başlayıb. Şura alimlərinin, ekspertlərin, beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün təqdim olunub”.

Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən, həmin adda sadalanan stimullaşdırıcı maddələrin adı qeyd edilib:

“Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı öz əksini tapan içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Eyni zamanda, sadəcə, kofenin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur.

Tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sahibkarlara çağırış edib. O, bildirib ki, heç bir sahibkarlıq subyekti məhsulunun geri qaytarılması ilə bağlı onlara müraciət etməyib:

“Sahibkarlar elə hesab edir ki, onlar yararsız məhsullarını geri çağırarlarsa, onların imicinə zərər dəyər. Bu, əsla belə deyil. Dünyada qida sahəsində fəaliyyət göstərən böyük şirkətlər istehlakçılarının hüquqlarını qoruyaraq, məhsullarında nöqsanlar olarsa, geri çağırırlar. Bu, önəmli məsələdir və beynəlxalq standartlara uyğundur.

Dəyərli iş adamlarına çağırış edirəm ki, yararsız mallarını geri çağırma prosedurunda iştirak etsinlər. Agentlik tərəfindən yararsız məhsullarla bağlı faktlar aşkarlanmasaydı, adıçəkilən məhsulların satışını təşkil etmək istəyirdilər”.

Q.Təhməzli bildirib ki, bioloji fəallığa malik qida əlavələrinə nəzarət məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla 22 təsərrüfat subyektində yoxlamalar aparılıb:

“Yoxlamalar nəticəsində doqquz sahibkarlıq subyektinə 16000 AZN cərimə tətbiq edilib, 14 inzibati xəta haqqında protokol tərtib olunub və 21 adda məhsul dövriyyədən çıxarılıb. Ölkəyə “bioloji fəallığa malik qida əlavəsi” adı altında idxalı nəzərdə tutulan, lakin Səhiyyə Nazirliyinin rəyi əsasında dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin, təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib”.

Azərbaycana idxal olunan məhsulların 99 faizinin GMO məhsullar olduğunu iddia etmək qaragüruhçuların işidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin sözlərinə görə, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olub, onun 504 növü məlumdur ki, bu da bütün dünyanın aparıcı ölkələrinin reyestrinə yerləşdirilib:

“Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə və tərəvəzlər yoxdur. Məsələn, çiyələk, xiyar, armud, qarpız, gilas və digər bitkilərin genetik modifikasiyası mövcud deyil. Bu adamlar seleksiya olunmuş məhsullarla GMO məhsulları qarışdırırlar və yersiz informasiya ilə əhalidə yanlış informasiya formalaşdırırlar. Dünyanın ən çox genetik modifikasiya olunan məhsulu qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olub.

Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq ekspertizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir”.

Q.Təhməzli qeyd edib ki, Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır. Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutunun tərkibində akt üzərində iş aparılır:

“Trans yağlarla bağlı məsələ üzrə institutun ekspertləri məşğuldur. Bu yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyanlıdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrində 32 adda müxtəlif yağlar - kərə yağları və spred yağları ekspertizaya cəlb olunub. Onlardan 12-də trans yağların miqdarı normadan yuxarı olub”.

AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Uşaq bağçalarında aparılan yoxlamalar zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən 1500 manat cərimə yazılması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. 

O deyib ki, respublikada 1600 uşaq bağçasından seçmə yolu ilə 400-də monitorinqlərin keçirilməsi planlaşdırılır:

“Məqsəd böyüməkdə olan nəslin sağlam qida ilə təmin olunmasıdır. Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə uşaqların qidalanma rasionu işlənib-hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Yəqin, yaxın vaxtlarda bu sənəd təsdiqini tapacaq. Bağçalarda qidalanma rasionu tətbiq olunmalı və onun qida təhlükəsizliyi təmin olunmalıdır”.

Q.Təhməzli bildirib ki, Azərbaycanın bütün ərazilərində körpələrə eyni qida verilmir:

“Məsələn, bəzi bölgələr var ki, orada dəmir çatışmazlığı var. Nəticədə, həmin bölgələrdə dəmir defisitli anemiya müşahidə edilir. Bu, qız uşaqlarında daha çox müşahidə edilir. 2017-ci ildə dəmir defisitli anemiya qadınlar arasında 44 faiz olub”.