Bakıda Vergilər Nazirliyinin əməkdaşları uşağı belə xilas etdi - VİDEO

Bakıda Vergilər Nazirliyinin əməkdaşları uşağı belə xilas etdi - VİDEO
16:35 05-07-2019 | icon 68

Ötən gün saat 22:30 radələrində Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin yerləşdiyi ərazidə baş vermiş insident yalnız qurumun işçilərinin vaxtında müdaxiləsi sayəsində faciəyə çevrilməyib.

“Media.az”ın müxbirinin şahid olduğu hadisədə Departamentin növbə rəisi Rövlan Bəxtiyarov və mühafizəçi Şahin Cəlilov kondisiyalaşdırma sisteminin lyukuna düşmüş oğlan uşağının həyatını xilas ediblər.

Məlum olub ki, 5-6 yaşlı uşaq yaxınlıqdakı ərazidə anası ilə birlikdə gəzərkən kondisiyalaşdırma sistemi borusunun barmaqlığı üzərində tullanmağa başlayıb. Nəticədə barmaqlıq sınıb və o, 3,60 metr dərinlikdəki boruya düşüb.

Təlaşlanan ana Departamentin qapılarana tərəf qaçaraq kömək istəyib. Qurumun yuxarıda adı çəkilən işçiləri vəziyyəti düzgün qiymətləndirərək şərf və kəndirin köməkliyi ilə uşağı borudan çıxarıblar və bununla onun həyatını xilas ediblər.

Uşaq və ananın adı məlum deyil. Uşaq çıxarıldıqdan sonra onlar heç nə olmamış kimi hadisə yerindən tələsik uzaqlaşıblar.