Sizi kədərləndirdiyim üçün üzr istəyirəm, amma...

Sizi kədərləndirdiyim üçün üzr istəyirəm, amma...
19:30 02-07-2019 | icon 72

Qan Turalı yazır...

Getdikcə dünyanın və gələcəyi haqqında daha bədbin proqnozlara qapılıram. Ən çox da ədəbiyyatın gələcəyi haqqında... Antiutopiya ədəbiyyatının dörd şedevr əsəri var. Zamyatinin “Biz”i, Oruelin “1984”ü, Hakslinin “Yeni, cəsur dünya”sı və Bredberinin “451”i... Hər biri müxtəlif illərdə və müxtəlif baxış bucağından qələmə alınıb, amma bircə ortaq cəhətləri var: “Bütün bu qorxulu gələcəklərin hamısında ədəbiyyat yoxdur”.

Biz indi dünya olaraq bu pessimizm peyğəmbərlərinin ssenarisi üzrə gedirik. Bəli, dövr elə inkişaf edib ki, artıq ədəbiyyat heç kimi sehrinə sala bilmir. “Black mirror”da deyilən kimi, hamı başını telefonuna elə salıb ki, göy üzü qəhvəyi rəngdə olsa, bir həftə sonra xəbər tutarlar.

Bəli, ədəbiyyat asudə vaxt keçirmək vasitəsi olmamalı idi. Lakin dünənə qədər asudə vaxtı insanlar roman oxuyaraq keçirirdilər. Şair demiş, asudə vaxt mədəniyyətin mənbəyidir. İndi insanların boş zamanı yox ki... Cem Yılmaz demişkən, bu cihazlar olmadan nə edirdik ki... Və özü cümləsinш tamamlayır: “Guya indi nə edirik ki?”... Hər şey getdikcə virtuallaşır.

Dünyanı telefon ekranından görür, dərk edir və orфda da yaşayırıq. Bir növ robot kimi... Simulyasiyalar aləmində yaşayırıq. Hisslərimiz də korşalır. Sevgilərimiz də bozlaşır. Ölgünləşir. Kiçilir. Cılızlaşır. Artıq heç bir ölüm xəbəri bizi dəhşətə salmır. Sanki həyat kompüter oyunudur...

Bu yeni dünya elə güclüdür ki, qarşısında Tolstoylar, Kafkalar da aciz... O böyük ruh mühəndisləri bu idimsiz yəhudi qarşısında gücsüz görünür. Bütün yaşantılarımız telefona köçürülüb. Təkcə sosial şəbəkələr yox ki... Getdikdə kinoteatrlar da yox olur. Hər şey “Netflix”ə, “Amazon”a, “Apple TV”yə köçürülür. Sanki kütlələri idarə etməyin yeni formasıdır.

Bütün dünya “Netflix“ə baxır, hamı eyni ehtirasla “La casa de papel”i gözləyir. Anarxizm belə telefon ekranından bizə boylanır. Hamı gerçəklikdən qopub öz süni, saxt gerçəkliyi içərisində yaşayır.

Eləcə də kompüter oyunları... Uşaqlar ora qapılıblar. Gerçək həyat getdikcə daha darıxdırıcı olmağa başlayıb. Bu darıxdırıcılıq qarşısında insanlar dünyanı gözəlləşdirmək müqabilində ondan qaçırlar. Sosial şəbəkələrdə hər kəs olduğundan daha ağıllıdır, daha gözəldir, daha cəsurdur. Bu mühitdə ədəbiyyat kimin yadına düşəcək?

Ədəbiyyatsız nəsillər böyüyür, inkişaf edir. Silikon vadisində bu yeni dünyanı quran bir neçə insan artıq dəhşətə qapılaraq tənhalığa çəkilib. Misal üçün, “Facebook”un müdirlərindən biri olan Martines Orkas adasında öz tənhalığını yaşayır və deyir: “Gələcəyi Silikon vadisində gördüm. Hər şey daha da pis olacaq. Təsəvvür edə bilməyəcəyiniz qədər. Mədəniyyət tamamilə çökəcək. Ona görə buradayam”.

Bu yeni dünyaya inad nə etməli? Daha çox roman, daha çox şeir oxumalı... Ruhumuzun böyük ustadlarının etibarlı limanlarına yelkən açmalı... Çünki ədəbiyyat bizi biz edən, hər cür riyakarlıqdan xilas edən, insana insanlığını xatırladan hər şeydir.

Biz ədəbiyyatın ipinə möhkəm sarılmasaq, mənəvi aləmimizin tələbatlarına göz yumsaq, özgələşəcəyik, başqalaşacağıq. Ruhumuzu ucaltmaq üçün ədəbiyyatdan daha böyük bir iksir yoxdur. Bizi biz edən şeylər də əlimizdən uçub getsə, biz nəyə oxşayacayıq? Hissiz, duyğusuz bir robot... Ona görə də istifadəçi olmaqdan bezib insan olmaq zamanıdır. Bəlkə də bəşəriyyət heç zaman bu qədər ağır sınaq qarşısında dayanmamışdı...