Yarat

Yarat
16:40 02-07-2019 | icon 77

 

Ramin Musayev yazır...

Xalq arasındakı ifadələrə və atalar sözlərinə diqqət yetirsək, görərik ki, bu ifadələr sonradan cəmiyyətimizin həyat tərzini formalaşdıran qaydalara çevrilir. Çox zaman zarafatla deyilən ifadələr insan zəkasını formalaşdırır və orada öz izini buraxır. Uşaqlıqdan eşitdiyimiz atalar sözləri buna nümunə ola bilər. Məsələn, “Palaza bürün, el ilə sürün”. Bu ifadə ilə nə demək istəyiblər və onu necə anlayırıq: hamı kimi ol, nə badə, fərqlənəsən. Amma hamı kimi yox, özün kimi olmalısan. Fərqlən, daha yaxşı ol, uğurlu ol ki, nümunə olasan.

Ən çox eşitdiyim və gənclər arasında onillərlə populyar olan “Kimə kələk gələk, qabaq düşək?!” (etik səbəblərə görə ifadə dəyişdirilib) cümləsi cəmiyyətimizdə “işləyib, doğru yolla deyil, kimlərisə aldadaraq, ona-buna “pul ataraq” gəlir əldə etmək istəyi” deməkdir, edirlər də. Ona görə ətrafımızda aldatma hadisələri çox saydadır. Bəzən kafelərdə qonşu masada oturan, bahalı maşınlar və telefonlar haqqında deyil, yeni biznes ideyaları, internet layihələri haqqında danışan gəncləri görəndə sevinirəm.

Axı niyə bir-birinə demirlər ki, “nə startap (biznes, layihə) yaradaq, inkişaf etdirək, pul qazanaq?!” Bəli, bu daha çətin yoldur. Amma bu halda həm kimisə aldatmağa ehtiyac qalmır, həm də başqasının haqqını yeməyə. İdeya üzərində layihə yaranacaq: zəhmət çəkib iş quracaq, inkişaf etdirib, dəyərini yüksəldib, investor cəlb edəcək, sonra isə gəlir götürəcək. Həm də tanınmış, hörmətli-izzətli şəxsə çevriləcək. Qürur duyub, nümunə olacaq. Asan deyil, amma fəxrlidir. Belə gənclər var. Onlar həm Azərbaycanda layihələr yaradıb dünya səviyyəsinə çıxarıblar, həm də ABŞ-da yaradıb, böyüdüblər.

Bir neçə il əvvəl həmyerlimiz ABŞ-da təhsil aldıqdan sonra yaratdığı şirkəti “Twitter”ə 100 milyon dollara satmışdı. Digər üç gənc səyahətlə bağlılayihəsinə xarici investorlar cəlb edərək, artıq mənfəətlərini milyonlara çıxarıblar. Elə yerli startaplardan danışsaq, “Keepface”i nümunə göstərmək olar. Azərbaycanda yaranaraq, artıq dünyanın 35 ölkəsində çalışır. Bir neçə milyon xarici investisiya cəlb ediblər. Deyəcəksiniz ki, bu layihələri maliyələşdirmək üçün çoxlu pul lazımdır, yerli investorlarla danışmaq çox çətindir. Onlar qısa müddətdə gəlir və ya hər hansı zəmanət istəyirlər. Razıyam, özüm dəfələrlə bu problemlə rastlaşmışam.

Tez gəlir götürmək istəyənlər sonunda yatırdıqları investisiyadan ya heç pul qazanmırlar, ya da çox uzunmüddətli olur. Onların pullarını geri qaytaracaqlarına zəmanət də olmur. Bəs bu niyə baş verir? Çünki bu maliyyənin sahibləri yeni trendlərlərdən uzaqdırlar və onlara inanmırlar. Onlar dədə-baba qaydası ilə tikinti, mağaza, restoran biznesinə inanırlar. “Bəs onda nə etməli?” deyə sual verəcəksiniz.

Ölkəmiz inkişaf etdikcə, startapların yaranması dövlətin marağına çevrilir. Buna sübut olaraq dövlət strukturu olan “E-gov.az” tərəfindən yaradılan “InnoLand” mərkəzi yerli startapçılara dəstək verir. Təklifinizi verin, başlanğıc investiyası alın, orada yaradılmış şəraitdən istifadə edin. Bu yaxınlarda həmin müəssisənin rəhbərliyi ilə görüşdüm, tam ətraflı məlumat aldım. Müəssisənin məqsədi bütün dövlət xidmətlərini elektronlaşdırmaqdır. Amma bununla yanaşı, gənc startapçılara dəstək verməkdir.

Tanış olarkən, orada artıq işləyən qruplar gördüm. Yəni artıq bu sistem işləyir. Ən əsası da “dayday” lazım deyil, ağıl və bacarıq lazımdır. İdeya yaradın, müraciət edin, tanış edin və uğurlu iş yaradın ki, kiməsə kələk gəlməyə ehtiyac olmasın. “Google” şirkətinin tərkibində buna bənzər qurum var. Orada bütün ideyalara dəstək verirlər. Onların cəmi 5 faizi işə yarayır və gələcəkdə böyük layihələrə çevrilir.

Pullu adamlara isə müraciət edərək demək istəyirəm ki, gənclərə dəstək olun, onlara investisiya edin. Onsuz da restoran, mağaza, mehmanxana, turizm agentliklərinin sayı çoxdur. Bir də o qədər pulu yığıb nə edəcəksiniz? Bir az da xeyriyyəçilik edin, gəncləri xaricə oxumağa göndərin ki, ölkəmizin gələcəyi parlaq olsun.