Azərbaycanda sosial layihələr müsabiqəsi keçiriləcək

Azərbaycanda sosial layihələr müsabiqəsi keçiriləcək
13:50 02-07-2019 | icon 159

 Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) sosial layihələr müsabiqəsinin həyata keçirilməsinə başlanılır.

Bu barədə Heydər Əliyev Fondunun saytında məlumat verilib.

Bildirilib ki, layihələr vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən, ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədilə keçiriləcək və müsabiqə qeyri-kommersiya sahəsində fəaliyyət göstərən təşkilat və birlikləri, vətəndaş qruplarını əhatə edəcək. 

Müsabiqədə elm və təhsilin inkişafına, innovativ ideyaların dəstəklənməsinə, ətraf mühitin mühafizəsinə, müxtəlif sosial yönümlü məsələlərin həllinə və digər istiqamətlərə yönəlmiş layihələr iştirak edə bilər.

Müsabiqədə iştirak şərtləri “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet saytında (www.riib.az) elan edildikdən sonra elektron qaydada ərizə və layihə sənədlərinin qəbuluna başlanılacaq.

Müsabiqənin nəticələrinə görə qalib seçilən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcək.

Bununla əlaqədar olaraq, özəl sektorun nümayəndələri də korporativ sosial məsuliyyət layihələrinə töhfə verərək RİİB-in elan etdiyi müsabiqəyə dəstək göstərə bilər.