Samir Nuriyev: "Son tikinti layihələri normalara tam uyğundur"

Samir Nuriyev: "Son tikinti layihələri normalara tam uyğundur"
13:30 02-07-2019 | icon 347

Nazirlər Kabineti tərəfindən bir il ərzində yeddi şəhərin baş planı təsdiqlənib.

milletinsesi.info xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.

S.Nuriyev bildirib ki, bununla da təsdiqlənmiş şəhər baş planlarının sayı 42-yə çatıb:

“Hazırda üç şəhərin (Ağcabədi, Biləsuvar, Göyçay) baş planı razılaşdırılma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha yeddi şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran, Tərtər) isə baş planının hazırlanmasına başlanılıb. Qarşıdakı iki il ərzində doqquz şəhərin baş planının hazırlanması işlərinə başlanılacaq”.

Onun sözlərinə görə, strateji layihələrlə bağlı dövlət qurumlarına müraciət edilib:

“Bu layihələrdən bəziləri prioritetləşdiriləcək, bəziləri isə strateji olmasa belə, planda qalacaq. Planda qalan layihələrin həyata keçirilməsi, təbii ki, nəzərə alınacaq”.

Son aylar ərzində Azərbaycanda 212 tikinti layihəsi təsdiq edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin sözlərinə görə, mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir:

“Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların böyük hissəsi Bakı şəhəri ərazisinə düşür. 212 layihə ilə təqribən 1 milyon 800 min kvadrat metr tikintinin planlaşdırılması nəzərdə tutulur. Bir milyon kvadrat metrdən çox tikinti isə Bakının payına düşür”.

S.Nuriyev qeyd edib ki, əsas məqsəd şəhərsalma norma və normativlərinə uyğun layihələrin həyata keçirilməsidir:

“Artıq iş adamları tərəfindən son aylarda təqdim edilən layihələr həmin normalara tam uyğundur və layihələr getdikcə həm şəhərsalma, həm də memarlıq baxımından keyfiyyətcə daha da yüksəlir. Bu sahədə artıq pozitiv dinamika mövcuddur. Düşünürəm ki, bu layihələrin sayı artacaq”.

İlin sonunadək bütün çoxmənzilli binalar sənədləşdiriləcək.

O bildirib ki, Prezident İlham Əliyev ilin əvvəlində imzaladığı çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi ilə bağlı fərmana uyğun olaraq Komitə 59 layihəni təsdiq edib:

“Bu isə 11 mindən çox mənzil deməkdir. Yəni, 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən bir həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.

S.Nuriyev qeyd edib ki, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq:

“Müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.