"ATABANK”da bağlanma prosesi başlayıb?

"ATABANK”da bağlanma prosesi başlayıb?
22:24 26-06-2019 | icon 411


“Azərbaycan reallığında vaxtilə oliqarx məmurlara məxsus bankların mövcud olduğu, lakin onların vəzifədən çıxarılması ilə eyni vaxtda nəzarətlərində olan bankların da təhvil alındığı və ya ləğv edildiyi müşahidə edilmişdir. Bunlara Ziya Məmmədova məxsus olmuş “Bank of Azerbaijan”ı, Heydər Babayevə məxsus olmuş “StandartBank”ı misal göstərmək olar. Hazırda belə banklar statusunda olan və ciddi problemlər yaşayan “AtaBank” hələ də öz “olum-qalım” qərarını gözləməkdədir”. 

Bu fikirlər sabiq vergilər naziri Fazil Məmmədovun ətrafında baş verənlərdən xəbərdar olan məlumatlı mənbə tərəfindən “AzPolitika.info”-ya göndərilən yeni məktubda əksini tapıb.

“Bank filiallarını bağlayır, əmək haqqlarını aşağı salmağı planlaşdırır”


Mənbənin məlumatına görə, “AtaBank” çətin durumda olduğundan filiallarını bağlamaq qərarına gəlib: “Əslində, bu gözlənilən idi. Ciddi idarəetmə və likvidlik problemi ilə üz-üzə qalmış banka kimin rəhbərlik etməsi bəlli deyil. Bu bankın sahibi (və ya sahibləri) ortaya çıxıb bankın problemləri ilə məşğul olmur. Formal adlarına səhm yazılmış şəxslərin əslində banka aidyyətləri yoxdur. Bankın əsl sahibi Fazil Məmmədovdur, bu şəxs isə ağır xəstəlikləri ilə bağlı bankı idarə edə bilmir.

Bankı həvalə etdiyi bacısı oğlu – İdarə Heyətinin sədri Dəyanət Quliyev isə həm kollektiv tərəfindən, həm də inzibati orqanlar tərəfindən qeyri-peşəkar hesab edilir. Bu, onunla əsaslandırılır ki, bank sədri olaraq Dəyanət Quliyev bir dəfə də olsun kollektiv qarşısında görünməmiş, inzibati orqanlarda bankı heç vaxt təmsil etməmişdir. Bankda vəziyyətdən çıxış üçün heç bir strategiya yoxdur. Verilən məlumata əsasən isə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AtaBank”a riskli fəaliyyətinə görə sonuncu xəbərdarlıq da edilmişdir”.

Bankda verilən qərara əsasən, ayın sonuna kimi bankın Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Xəzər” filialı bağlanacaqdır. Bununla bağlı artıq bağlanma prosesinə başlanılmışdır. Bunun ardından Bakı şəhərində daha bir neçə filialın bağlanması da planlaşdırılır. Eyni zamanda ağır maliyyə durumu səbəbindən əməkhaqqlarının da 10%-dək aşağı salınması planlaşdırılır”.

“Dəyanət Quliyev “AtaBank”ın bütün kollektivindən işdən çıxmaqla bağlı ərizələr almışdır”


Məlumatda daha sonra bildirilir ki, vaxtilə bank bazarında öz yeri olan “AtaBank”ın güclü kollektivi indi acı günlərini yaşayır: “O da məlumdur ki, bankın sədri Dəyanət Quliyev tərəfindən bütün kollektivdən tarixsiz işdənçıxma ərizələri alınmışdır və hazırda Kadrlar Departamentində saxlanılır. Bəlkə də “AtaBank” Azərbaycanda yeganə təşkilatdır ki, kimliyindən asılı olmayaraq hamının ərizəsi alınıb.

Məqsəd özünün qeyri-peşəkar olması səbəbindən, peşəkar şəxslərlə işləyə bilməməsidir. Bu şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində çoxsaylı bank əməkdaşları digər banklara, iş yerlərinə üz tutdu. Banklardan verilən məlumatlara görə, “AtaBank”dan kütləvi şəkildə digər banklara müraciətlər edilməkdədir. Son bir ilin işdənçıxma statistikasına baxanda bunu görmək mümkündür”.

“AtaBank”da bankın taleyini düşünən və qərar verən heç kim yoxdur. Vaxtilə ilk beşlikdə yer alan bankın indiki durumuna baxın: aktivləri qədər borc içində, əlavə olaraq Mərkəzi Banka 20 milyon, Sahibkarlığın İnkişafı Fonduna 73 milyon borc.. Yeri gəlmişkən, Sahibkarlığın İnkişafı Fondu 73 milyon borca görə bankı məhkəməyə vermiş və bu barədə məhkəmə qərarı da qəbul edilmişdir. Bu bank heç bir orqanın müvəkkil bankı deyildir. Məsuliyyətsiz idarəetmə nəticəsində bank böhran həddindədir”.

“Əhalini aldadmaq üçün yüksək faizlə əmanətlər cəlb edir”

Mənbənin iddiasına görə, bank tərəfindən ictimaiyyətə açıqlanan maliyyə məlumatları saxtadır: “Bankın borc içində batdığı, fəaliyyət göstərə bilməməsi halında, onun mənfəətlə işləməsi barədə hesabatlar yayılır. Bu məlumata imza atan şəxslərin və auditorların fəaliyyəti yoxlanmalıdır..


Bankın fəaliyyətinin ən riskli tərəfi isə, ayda yüksək faiz təklif etməklə əhalini aldadaraq əmanətlər cəlb etməsidir: 14, 25 faiz (saytında yerləşdirilib).. Heç bir bank bu faizi təklif etmir.. Bu AtaBank tərəfidən məqsədli şəkildə edilir. Məqsəd isə yüksək faiz təklif edib, əhalidən sığortalı əmanət cəlb edib, sonda öhdəliyi dövlətin üzərinə qoymaqdır. Yoxlama həyata keçirilsə şahidi olunar ki, 2-3 milyon kredit portfeli olan və hazırda heç bir kredit verməyən bankın hər bir filialında 20-30 (bəzilərində 60-70) milyona yaxın əmanət yığılmışdır. Bu proses bu gün də davam edir. Bunun hansı partlayışa səbəb olacağını mütəxəssislər yaxşı bilir.
Kredit portfelinin 90 faizinin problemli olduğu və faiz gəliri əldə edə bilməyən, likvidlik problemi üzündən hesablaşmaları vaxtında edə bilməyən və qeyri-faiz gəliri qazanmayan bankın milyonlarla əmanət cəlb etməsi qətiyyən yolverilməzdir.

Hazırda bank öz inzibati xərclərini və öhdəliklərini yığılan əmanətlər hesabına təmin edir. Bu isə faciədir. Bu məsuliyyət dövlətin üzərində qalmamalıdır. Ona görə də bankın pozulmuş korporativ idarəetməsi, dövlət qarşısındakı öhdəlikləri, xüsusilə də məsuliyyətsiz əmanət cəlb etməsi nəzarətə götürülməlidir, əks halda bu ciddi fəsadlara yol açacaq, əhalini ölkə rəhbərliyindən narazı salacaqdır.

Ən ağrılı məqam isə bankın likvidliyinin bərpası üçün heç bir dəstəyin olmamasıdır. Əksinə, verilən məlumata əsasən, bankın sahibi olan Fazil Məmmədov banka hər hansı dəstək göstərməyəcəyini bəyan etmişdir. Belə olan halda bankın digər filiallarının da bağlanacağı şübhəsizdir.
Vaxtilə ölkənin iri banklarından olan “AtaBank”ın hazırda problemlər içində meydanda tək buraxılması fonunda vəziyyətinin necə olacağını demək olduqca çətindir”.

Qeyd olunanlarla bağlı “AtaBank”ın da mövqeyini işıqlandırmağa hazırıq.

 

Mənbə AzPolitika.info