"İrşad Telekom” alıcıları necə aldadır?!

"İrşad Telekom” alıcıları necə aldadır?!
18:02 23-06-2019 | icon 221

“İrşad Telekom” müştərilərini özünün veb saytında yalan məlumatlarla aldadaraq mağazalara cəlb edir.Axar.az xəbər verir ki, mağazanın “Onlayn satış” bölməsində qoyulan şərtlər bir-birini təkzib edir və kreditdən yararlanmaq istəyən müştəriləri “toruna” salır.

Belə ki, seçim zamanı dəyərindən asılı olmayaraq məhsul ilkin ödənişsiz və aylıq hissələrə bölünərək müştəriyə təqdim edilsə də, əlaqə zamanı məlumatın əksi deyilir. Yalnız 500 manata qədər olan məhsulu ilkin ödənişsiz götürməyin mümkün olduğunu bildirilir. 500 manatdan yüksək məhsullar üçünsə 50%-lik ilkin ödəniş tələb edilir. Halbuki bununla bağlı saytda heç bir məlumat yoxdur.

Eləcə də kredit şərtləri haqda məlumat verən bölmədə də maddələr bir-birini təkzib edir.

Xatırladaq ki, “İrşad Telekom” mağazalar şəbəkəsinin adı bundan əvvəl də müxtəlif neqativliklərdə və yalan vədlərdə hallanıb. Şəbəkənin həyata keçirdiyi reklam kampaniyalarının birində yeni açılmış filialda satılan bütün smartfonlara ilkin ödəniş tələb olunmadığı bildirilsə də, mağazaya gedən müştəri 10-20 faiz dəyərində komissiya haqqı verməli olduğunu öyrənir.

Digər bir şikayətdə isə şirkətin məhsullarına yalandan 1 illik “qaranti” verdiyi, əslində isə qaranti kağızına əhəmiyyət vermədikləri üzə çıxmışdı.