SOCAR-ın 650 milyon maliyyə pozuntusu olub

SOCAR-ın 650 milyon maliyyə pozuntusu olub
14:58 17-06-2019 | icon 607

Keçən il yalnız 2 yataq -  Azəri-Çıraq-Günəşli yatağı (104%) və Binəqədi yataqlar bloku (103%)üzrə illik hasilat proqnozu yerinə yetirilib.
“APA.az” xəbər verir ki, bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, Şahdəniz yatağında isə qaz hasilatı 100% yerinə yetirilsə də, kondensat istehsalı 93% təşkil edib. Qalan yataqlara gəldikdə isə Bahar yatağı üzrə proqnoza qarşı xam neft hasilatı 77%, təbii qaz hasilatı 82%, Balaxanı neft yataqları bloku üzrə 96%, Zığ və Hövsan neft yataqlari bloku üzrə 92%, Mişovdağ və Kəlaməddin yatağı üzrə 98%, Neftçala və Xıllı neft yataqları bloku üzrə 87%, Kürovdağ neft yataği üzrə 98%, Aran neft yataqları bloku üzrə 84%, Kürsəngi-Qarabağlı yatağı üzrə 63%, Suraxanı neft yataği üzrə isə 92% olub.
Eyni zamanda 2018-ci il ərzində yataqlar üzrə faktiki daxilolmaların təhlili zamanı məlum olub ki, Mişovdağ və Kəlaməddin yatağı üzrə 2908,6 min manat proqnoza qarşı ümumiyyətlə daxilolma olmayıb, Şahdəniz yatağı üzrə 283900,0 min manat proqnoza qarşı 245391,56 min manat (38508,4 min manat az), yaxud 86,4% daxilolma olub. Ümumilikdə isə hasilatın və xam neftin satış qiymətinin proqnoza nisbətən yuxarı olması Mişovdağ Kəlaməddin yatağı istisna olmaqla bütün yataqlar üzrə çıxarılan xam neftin, habelə Şahdəniz yatağından çıxarılan kondensat qazının satışından daxilolmaların büdcədə nəzərdə tutulanla (7 824 922,3 min manat) müqayisədə 125,1 faiz səviyyəsində icrasına şərait yaradıb.
Sənəddə nəzərə çatdırılıb ki,  2018-ci ildə Azəri-Çıraq Günəşli yatağı üzrə hasilatın həcmi Fondun büdcəsində nəzərdə tutulmuş 204,4 milyon barrel həcmində proqnoza qarşı 213,5 milyon barrel və yaxud 104,4 faiz səviyyəsində təşkil edib.

Dəyər ifadəsilə Azəri-Çıraq-Günəşli yatağından hasil edilmiş mənfəət neftinin satışından 9 474 941,8 min ABŞ dolları vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş vəsaitə qarşı 26,2 faiz artıq təşkil edib. Şahdəniz yatağı üzrə təbii qaz hasilatının həcmi proqnozda nəzərdə tutulmuş (11.3 milyon barrel) səviyyədə olub. Şahdəniz yatağından Kondensat qazı üzrə icra 21,8 milyon barrel təşkil etmiş, kondensat qazının satışından 245391,6 min ABŞ dolları məbləğində vəsait daxil olub.

Eyni zamanda hasil olunan təbii qaz satışından Fonda vəsait daxil olmayıb. Belə ki, 2016-cı ilin may ayından etibarən Dövlət Neft Şirkəti tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı satqısı üzrə bağlanmış sazişlər çərçivəsində müvafiq illik qaz həcmlərinin artıq həcmdə SOCAR tərəfindən alışı səbəbindən həmin artıq həcmlərin alışına yönəldilmiş ümumilikdə 650,55 milyon ABŞ dolları, o cümlədən 2016-cı ildə 135,3 milyon ABŞ dolları, 2017-ci ildə 227,2 milyon ABŞ dolları, 2018-ci ildə 288,4 milyon ABŞ dolları məbləğində vəsait Fonda daxil edilməyib.

Bahar yatağından neft hasilatının həcmi 0,39 mln barrel proqnoza qarşı 0,3 mln. barrel səviyyədə icra edilib (77%). Bahar yatağından qaz hasilatının həcmi isə 233,0 mln. kub metr proqnoza qarşı 192,0 Mln. Kub metr (82%) icra olunub. Bahar yatağlarından karbohidrogenlərin satışından 1247,6 min ABŞ dolları daxil olub ki, bu da proqnoza (717,0 min ABŞ dolları) qarşı 74,0 faiz çoxdur. Balaxanı neft yataqları bloku üzrə faktiki hasilat 1,7 mln. barrel təşkil edib ki, bu da proqnoza (1,78 mln barrel) nisbətən 96 faiz təşkil edir. Bu yataqlar üzrə Neft Fonduna 20,0 mln. ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş 9,79 milyon ABŞ dolları məbləğində vəsaitə qarşı 104.3 faiz çoxdur.

Zığ-Hövsan neft yataqlari bloku üzrə faktiki illik hasilat 0,55 milyon barrel proqnoza qarşı 0,5 milyon barrel (92%) təşkil edib, bu yataqlar üzrə daxilolmalar 4965,0 min ABŞ dolları və yaxud nəzərdə tutulmuş proqnozdan 107,0 faiz daha çox olub.

Binəqədi neft yataqları bloku üzrə faktiki hasilat 0.97 milyon barrelə qarşı 1,0 mln. barrel təşkil edib (103%). Bu yataqlar üzrə daxilolmalar 7,59 milyon ABŞ dolları proqnoza qarşı 14,6 mln. ABŞ dolları və yaxud 92,8 faiz daha çox olub.

Mişovdağ və Kəlaməddin yatağında 2018-ci il üzrə hasilat proqnozda nəzərdə tutulmuş 0,71 milyon barrel səviyyəsinə qarşı 0.7 milyon barel təşkil edib (98%). Buna baxmayaraq, bu yataq üzrə Neft Fonduna vəsait daxil olmayıb. Belə ki, 2009-cu ilin illik vergi hesablanmasına əsasən Mişovdağ və Kəlaməddin yatağının operatoru olan Karasu şirkətinin vergi öhdəliyi yaranıb. 

Lakin buna baxmayaraq Karasu əməliyyat şirkəti dövlətin payına düşən mənfəəti Fonda ödədiyi üçün vergi borcunun bağlanması üçün ilin sonuna kifayət qədər vəsaiti qalmayıb. 2009-cu ildən etibarən dövlətin payına düşən mənfəət layihə üzrə yaranan vergi öhdəliklərinin ödənilməsinə kifayət etmədiyi üçün, Fonda ödənişlər edilməyib.

Neftçala və Xıllı neft yataqları bloku üzrə illik hasilatın həcmi proqnozda nəzərdə tutulan 0,23 milyon barrelə qarşı 0.20 milyon barrel səviyyəsində (87%) olub. Bu yataqlar üzrə faktiki daxilolmalar 2 214,99 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (1134,0 min ABŞ dolları) qarşı 95.3 faiz daha çox olub. Kürovdağ neft yataği üzrə illik hasilat 1,02 milyon barrel proqnoza qarşı 1,0 milyon barrel (98%) səviyyəsindədir.

Bu yataq üzrə daxilolmalar 7 376,57 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (5,701,5 min ABŞ dolları) qarşı 29,4 faiz çoxdur. Aran (Muradxanlı, Cəfərli, Zərdab) yataqlar bloku üzrə hasilatın illik həcmi 0,12 milyon barrel proqnoza qarşı 0,1 milyon barrel (84%) təşkil etmiş, bu yataqlar üzrə daxilolmalar 8,8 min ABŞ dolları məbləğində proqnoza qarşı 264,44 min ABŞ dolları təşkil edib (təqribən 30 dəfə artıq). Kürsəngi-Qarabağlı yatağı üzrə faktiki illik hasilat proqnozda nəzərdə tutulan 1,12 milyon barrelə qarşı 0,7 milyon barrel səviyyəsində (63%) icra edilib. 

Bu yataq üzrə faktiki daxilolmalar 6693,89 min ABŞ dolları təşkil etməklə, büdcədə nəzərdə tutulana (1084,0 min ABŞ dolları) qarşı təqribən 6 dəfə çox olub. Suraxanı neft yataği üzrə faktiki illik hasilat proqnozda nəzərdə tutulan 1.19 milyon barrelə qarşı 1,1 milyon barrel (92%) səviyyəsində icra edilib ki, bu yataq üzrə faktiki daxilolmalar 13696,0 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (4650,0 min ABŞ dolları) qarşı 194,5 faiz daha çox olub.

Hesablama Palatası bildirir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, bir sıra yataqlar üzrə hasilat proqnozu yerinə yetirilmədiyi halda, faktiki daxilolmalar proqnozu üstələyib ki, bu da il ərzində xam neftin orta çəkili qiymətinin nəzərdə tutulmuş proqnoz göstəricidən xeyli yüksək olması ilə izah edilə bilər.

Bundan əlavə, Kürsəngi-Qarabağlı neft yatağı üzrə illik hasilatın proqnoza qarşı 63% icra olunmasına baxmayaraq, daxilolmaların proqnozdan 6,2 dəfə, Aran (Muradxanlı, Cəfərli, Zərdab) yataqlar bloku üzrə isə illik hasilatın proqnoza qarşı 84% icra olunmasına baxmayaraq daxilolmaların proqnozdan təqribən 30 dəfə artıq olması həmin yataqların operatorları olan əməliyyat şirkətləri ilə əlaqələndirilmənin gücləndirilməsinə zərurət yarandığını deməyə əsas yaradıb:

"Ümumilikdə yuxarıda qeyd olunanları nəzərə alaraq, Fondun büdcəsinin gəlirlər hissəsində mənfəət neftinin və qazın satışından daxilolmalar qiymət artımı nəticəsində (büdcədə nəzərdə tutulan qiymətlə müqayisədə) 125% icra olunmasına baxmayaraq, qeyd olunan mənbə üzrə ayrı-ayrı yataqlarda nəzərdə tutulmuş hasilat həcminin tam icra edilməməsi, hasilatın icra edilməsi lakin əldə olunan vəsaitin Dövlət Neft Fonduna daxil olmaması(xüsusilə Sahdəniz yatağı üzrə qaz hasilatının 2018-ci il üzrə 288,4 mln ABŞ dolları ümumilikdə 650,5 mln ABŞ dolları) büdcə-maliyyə intizamının pozulması ilə yanaşı qeyd olunan məbləğ həcmində vəsaitin Fondun idarəetməsindən kənarda qalması ilə şərtlənməsini, habelə qeyd olunan məbləğin ilbəil artımını nəzərə alaraq məsələnin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq hüquqi-normativ sənədlərin tələblərinə uyğun tənzimlənməsinin aktuallığını bildiririk".