Kamaləddin Heydərovun xalası oğlu Cəmil Muradovun şirkətləri niyə bağlandı?

Kamaləddin Heydərovun xalası oğlu Cəmil Muradovun şirkətləri niyə bağlandı?
12:09 10-06-2019 | icon 1031

Fövqəladə hallar naziri Kamaləddin Heydərovun biznes səltənətinin başı üzərindəki kabus böyüməkdədir. AzEuroNews.com-un məlumatına görə, FHN rəhbərinin “Gilan holdinq” şəbəkəsi ilə bağlı proseslər yeni rəng alır.

 ► Cəmil Muradov kimdir?

Vergilər Nazirliyi tərəfindən audit yoxlaması aparılan holdinqin obyektlərindən artıq üçü ləğv olunub.

Belə ki, “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC ləğv edilib.

“Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub.

“Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib.

“Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur.

Araşdırmalarımız zamanı məlum olur ki, C.Muradov K.Heydərovun xalası oğludur. Yaxın qohumuna şirkətlərin idarəçiliyini həvalə edən nazirin ona çox etibar etdiyi bildirilir.

Ona görə də təkcə ləğv edilən üç şirkət deyil, bir sıra firmalara nazirin xalası oğlu rəhbərlik edir.

Hazırda “Xəzri TN” MMC-nin direktoru C.Muradovdur. O, həm də 0.1797 faizlik səhmlə “AFB Bank” ASC-nin səhmdarlarından biridir.

“AFB Bank” ASC-nin ən böyük sərmayədarı isə 99.6406 fazilik payla “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Bundan başqa, C.Muradov “Gilan & PİD” MMC-nin də rəhbəridir. Ancaq bu da son deyil. FHN şefinin qohumu “Gilan Turizm” MMC-nin, “Gilan İdman Klubu” MMC-nin, “Avant Trading” MMC və “Gilan ənd Knauf” MMC-nin rəhbəridir.


 ► Yoxlamaların finalı…

Göründüyü kimi, Heydərovların biznes imperiyasına daxil olan şirkətlərin bir çoxunu məhz Cəmil Muradov idarə edir.

“Qaradağ Kərpic Zavodu” MMC, «Hajigabul Greenhouse» MMC, «Prof Trade Service”, “Ağcakənd Gips Karxanası» MMC, «Lənkəran Çınqıl-Asfalt Zavodu» MMC və «Tər-tər Çınqıl – Yevlax Asfalt Zavodu» MMC-yə C.Muradov şəxsən rəhbərlik edir.

Xatırladaq ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “Gilan holdinq”in müxtəlif müəssisələrində audit yoxlamaları aparıb.

Vergi Auditi Departamenti “Gilan holdinq”in gəlirlərinin həcmini və məbləğini kiçiltdiyini müəyyən edib.

Holdinq bəzi müəssisələrinin gəlirlərini az göstərməklə yüksək rentabelli fəaliyyət göstərməsini gizlətməyi hesablayıb.

Çünki yoxlamalar nəticəsində meydana çıxan real statistik məlumatlar və audit hesablamaları “Gilan”ın tərkibindəki müəssisələrin bir-bir əldən çıxması ilə nəticələnir.

Hazırda holdinqin bir neçə müəssisəsinin Azərbaycanda fəaliyyət göstərən yüksək reytinqə malik və artıq heç bir rəqibi olmayan holdinqin hesabına keçdiyi xəbər verilir.

Hakim elitaya yaxın şəxslərin idarəçiliyində olan holdinq “Gilan”a aid obyektləri tək-tək audit yoxlamaları vasitəsi ilə nəzarətinə keçirir.

Lakin audit yoxlamaları dar və qapalı çərçivədə həyata keçirilir. Yada salaq ki, həmin vaxt K.Heydərovun yeznəsi Vergilər Nazirliyində vəzifəsindən azad edilib. Bundan sonra isə nazir Fazil Məmmədov özü də işdən çıxarıldı.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Mənbə AzEuroNews.com