Humanizm zorladığın qadını öldürməməkdir

Humanizm zorladığın qadını öldürməməkdir
12:05 09-06-2019 | icon 37

Aqşin Yenisey yazır...

2014 ilin 23 avqustu; Ukrayna, Donetsk meydanı. Yaxası və başı açıq olduğu üçün əsgər paltarı geyinmiş quldura oxşayan silahlı, sarışın bir adam meydanı eninə keçmək istəyən küçə itinə acıqlanıb onu tələsdirir. Adamın havaya qaldırdığı əli daşsız olsa da, it küçə həyatından öyrəndiyi miskinliklə zingildəyib götürülür. Sonra sarı bir avtobus meydana boynu fotoaparatlı, çiyni kameralı xeyli jurnalist boşaldıb gedir. Çox keçmədən həmin avtobus içini yaşlı qadınlarla doldurub qayıdır. Sonra donquladana-donquladana ikinci, üçüncü dəstənin dalınca tələsir. Nəhayət, insanabənzər iri kuklalar kimi daşıdığı sakinləri meydanda çəkilmiş xətt boyunca düzür, siqnal verib nadinc jurnalistlərə öz yerlərini göstərir. Hiss olunur ki, bu “veteran” texnika bütün ömrünü kütləvi tədbirlərin təşkilatçılıq işlərində çürüdüb; şəhərdə hamı onu, o da hamını tanıyır. 

Parad başlanır: yaxası-başı açıq silahlı separatçılar əsir aldıqları ukraynalı əsgərləri cır-cındır geyimlərində Donetsk meydanına çıxarıb yerli camaatın arası ilə aparırlar. Ayaqlarının altına Ukrayna bayraqlarını sərirlər ki, əsirlər öz vətənlərinin rəmzini ayaqlayıb keçsinlər. Veteran avtobusun daşıdığı kütlə əsirləri söyür, onlara butulka atıb, “faşistlər” deyə bağırır. XXI əsrdə!

Ukraynada Ukrayna uğrunda döyüşən və Ukraynada separatçılara əsir düşüb təhqir olunan ukraynalılar!

Gücün komediyası!

Həmin ərəfədə, yəni 2014-cü ilin iyul-avqust aylarında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Dilqəm Əsgərov və Şahbaz Quliyev adlı iki azərbaycanlının erməni əsgərləri tərəfindən girov götürülməsi, digər azərbaycanlı Həsən Həsənovun isə güllələnərək öldürülməsi xəbəri gündəmi zəbt edir. Azərbaycan ərazisindəki evini ziyarət etmək istəyən azərbaycanlılar Azərbaycanda erməni əsgərlərinə əsir düşür, güllələnirlər. XXI əsrdə!

Gücün tragediyası!

Humanizm XIV əsrdə bir sənət ideyası olaraq İtaliyada ortaya atıldı. Məqsəd pişiklərin belə şeytana xidmət etdiyindən şübhələnib onları diri-diri yandırmağı Papanın ağzı ilə əmr edən sadist xristian Allahından insanların canını qurtarmaq idi. Dante, Bokkaço, Rable, Monten və s. kimi sənət adamları papaqlarını qarşılarına qoyub Papalarının Avropada bir daha inkivizisiya tonqallarını alovlandırmaması üçün yollar axtardılar və insanlığın xilasını xristian mədəniyyətindən daha qədim və daha mədəni olan yunan və latın mədəniyyətinə qayıtmaqda tapdılar. (Biz indi İslamdan əvvəlki türklüyün adını çəkəndə bəziləri tarantula kimi yeri eşirlər.)  Ancaq möhtəşəm sənət abidələri kimi “dirilən” qədim yunan və latın kültüründəki insanmərkəzli düşüncə - humanizm - vətəni Avropada, sadəcə, sənət ideyası olaraq qaldı. (Eyni dövrdə Şərqdə hürufi şairlər bu oyanışın İsrafilliyini edirdilər. 2019-cu ilə “ev sahibliyi” edən İmadəddin Nəsimi Şamaxıdan Hələbə qədər “ənəl həqq” deyib dolaşırdı.) Hollandiya və Portuqaliyanı okeanlarda yenmək istəyən İngiltərə, İngiltərəni quruda məğlub etmək istəyən Fransa, İngiltərəni və Fransanı həm suda, həm də quruda diz çökdürüb tək Avropa gücü olmaq istəyən Almaniya, hətta humanizmin əsl vətəni olan və başını başlara qataraq Afrikada müstəmləkə ovuna çıxan, Bismarkın sözləri ilə desək, dişləri olmasa da, böyük iştahası olan İtaliya bu insanpərvər ideyanı - siyasi, iqtisadi maraqlarını həyata keçirərkən heç ordularının tozunu da almadılar.

Humanizmlə qorxaqlıq arasındakı bəkarət pərdəsinin qorunmasını istəyərək altda qalanın humanizminin qorxaqlıqdan və mazoxizmdən başqa bir şey olmadığını yazdığım bir yazıdan sonra Almaniyada yaşayan milli humanist dəmşalaqlarımızdan biri məni 3500 kilometr o yandan fürersayağı söyüb batırdı ki, ay kəndçi, gəl sən alman mədəniyyətindəki humanizmi gör, sonra özünə yazıçı, şair deyərsən. Mən bu üzüyumşağın mədəniyyət dedikdə nə başa düşdüyünü bilmirəm, amma onu bilirəm ki, ilk dəfə alman ədəbiyyatını mütaliə etməyə başlayarkən alman şairi Ladbroqdan oxuduğum “cavanlığımdan dəmiri qanla qızartmağı öyrəndim” misrası daha heç vaxt yadımdan çıxmadı. Bu, heç! Əsas məsələ alman fəlsəfəsi ilə tanışlıqdan sonra başladı: alman xalqının dünya mədəni irsinə bəxş etdiyi məşhur on doqquz filosofun heç birində ənənəvi humanizm vurğusu görmədim. Qotfrid Leybnisdən Yurgen Habermasa qədər uzanan bu fəlsəfədə hətta Аlbert Şveytser kimi heyvansevər biri tapılsa da, bu siyahıda humanizm naminə İsa kimi hər iki yanağına tüpürülməkdən xoşlanan bir alman filosofu yox idi.

Mədəniyyət dedikdə kimsə üçüncü ölkələrə ixrac olunan qeyri-hökumət təşkilatlarının proqramlarını nəzərdə tutursa, demək ki, ömrünü humanitar yardımla keçirmək fikrindədir.

Lyuk Ferri, Lui Altüsser kimi çağdaş fransız anti-humanistləri də insan anlayışının özünün qüsurlar içində olduğunu yazırlar, daha doğrusu, insanın heç də “dünyanın əşrəfi” olmadığı Qərb fəlsəfi düşüncəsini davam etdirirlər. Altüsserin fikrincə, pratik, həqiqi bir humanizm, ancaq nəzəri anti-humanizmdən doğa bilər. Fransız anti-humanistlər iddia edirlər ki, insan anlayışı Tanrı anlayışının şəxsiləşmiş formasından başqa bir şey deyil, buna görə də humanizm dini ideologiyanın məqsədini hədəfləyən bir kripto nəzəriyyədir. Dünyəvi düşüncənin “insan haqları” mücadiləsi də mücadilə etdiyi şeyin gizli bir suç ortağıdır.

Haydegger, Nitsşe, Sartr, Fuko kimi filosoflar insan haqqında bir fikirdə həmrəydirlər ki, insan Tanrını “öldürüb” onun yerini işğal edib. Yəni insanın zatı işğalçıdır, təcavüzkardır. Sartr insana öz yerini göstərərək deyir: “İnsan başlanğıcda heç nə idi. Sonra necə ola bilərdisə, o cür də oldu”. Özünün “Ürəkbulanması” romanında isə humanizmə münasibətini qəhrəmanın dilindən belə açıqlayır: “Özümə “antihumanist” deyəcək qədər axmaq deyiləm, humanist deyiləm, vəssalam”.

Əminəm ki, aşağılıq kompleksinin dili ilə duz kimi yaladığımız Avropa mədəniyyətinin insana verdiyi bu fəlsəfi “dəyər”i oxucularımız arasında çox az adam başa düşəcək. Ancaq onu deyim ki, Avropa insanını bizdən daha azad qılan, onu reallıqla yaşamağa məhkum edən şey mədəniyyət tərəfindən bu cür tənbeh olunmasıdır.

Antihumanizm insan tərbiyəçiliyidir!   

Mişel Fuko “Həbsxananın doğuşu” kitabında cəzaların zamanla yumşalmasından bəhs edərək bizə, sanki, humanizmin gizli tarixini danışır. Cəzaların daha ağrısız həyata keçirilməsi, işgəncənin təkamülü məsələsi kimi meydana çıxdığı üçün humanizm öz mənşəyini qurbanın yox, cəlladın təxəyyülündən alır! Yəni zəifin yox, güclünün! Hökmə tabe olanın yox, hökmü verənin və icra edənin!

Humanizm insanın başının kəsilməsinin əvəzinə insanın elektriklə öldürülməsidir! Humanizm insanın meydanda hamının gözünün qabağında linç amansızlığı ilə deyil, məhkəmə intizamı ilə səliqəli və qapalı otaqda öldürülməsidir! Humanizm kübar yırtıcılıqdır! Humanizm insanı əsir almamaq deyil, aldığın əsiri öldürməməkdir! Humanizm imperializmin gizli çiçəklənməsidir! Humanizm Allahı qoruyan qılıncdır! Vətəni qoruyan süngüdür! Humanizm fatehin kefinin kök vaxtıdır! Humanizim basdığını kəsməməkdir!

Humanizm fiziki işgəncənin mənəvi əzabla əvəzlənməsidir! Humanizm sülh deyil, sadəcə, göyərçindir! Humanizm timsahın göz yaşlarıdır! Humanizm gücə güvənən mərhəmətdir, mərhəmətə güvənən güc deyil! Humanizm Sezarın kütləyə verdiyi hakimiyyət heyranlığıdır! Humanizim əzənin insanpərvərliyidir! Humanizm qulun mükafatıdır! Humanizm məğluba öz həyatını bağışlamaqdır! Humanizm qorxağın təsəllisidir! Humanizm barbarın zorladığı qadını öldürməməsidir, zorlanan qadının üstünü düzəldib barbara təşəkkür etməsi deyil! Humanizm tarixin qapazaltı edib yola saldığı xalqların arxasınca çaldığı “Vağzalıdır”.

Humanizm heç harada düşmənsevərlik deyil! Davam edəkmi?