94 yaşlı müharibə veteranının prezidentlə görüşünə kim və nə üçün mane olub...

94 yaşlı müharibə veteranının prezidentlə görüşünə kim və nə üçün mane olub...
16:35 14-05-2019 | icon 313

Veteran Ağakişiyeva dövlət qayğısı haqda statistik mənzərəni korlaya bilərdi
 
Belə bir fraza var: "Bir nəfər ölürsə, bu, faciədir, milyonlarla adam ölürsə, bu, artıq statistikadır". Frazanı Stalinin söylədiyini deyirlər ki, bu da Stalinçiləri qıcıqlandırır və onlar bunu təkzib edirlər.

Kimin söylədiyi vacib deyil, çünki frazanın altında gerçək psixoloji fenomen dayanır: belə deyək ki, milyonların kədəri (və ya sevinci) haqqında statistik məlumatlar bir konkret şəxsin tarixçəsi qədər şüura təsir göstərmir.
 
Hər gün Azərbaycan KİV-də azərbaycanlı veteranlara hədiyyə edilən yüzlərlə avtomobil və onlarla mənzil haqda statistik məlumatlara rast gəlmək olur. Bu rəqəmlərə sıfır əlavə etmək olar, bundan heç nə dəyişmir. 

Statistik informasiya səviyyəsində həqiqətən dövlət Böyük Vətən Müharibəsi (BVM) veteranlarına daşınan və daşınmaz əmlak verir. 9 may ərəfəsində isə birdəfəlik pul mükafatı verir. Ancaq ağır şəraitdə yaşayan konkret müharibə veteranını görəndə sevincli statistikanın işığı sönür.
 
BVM veteranı 94 yaşlı Adelya Ağakişiyeva Bakıda birotaqlı mənzildə yaşayır. Bu dünyada təhnadır, övladları yoxdur. Olub-olmaz əmlakından nə vardısa oğurlayıblar, veteranı mənzilsiz qoyublar. Ayağı zədəlidir, yeriyə bilmir. Müharibədə eşitmə qabiliyyətini itirib. Qohumları onu unudublar. Heç kim telefon edib soruşmur, sağ olub-olmadığı ilə maraqlanmır.
 
Adelya xanıma bir qız baxır. Xoşbəxtlikdən hələ də yaxşı adamlar var.
 
Mayın 9-da, onun üçün mühüm bayram olan Qələbə günündə Adelya xanım prezidentlə görüşmək istəyib. Belə ki, prezident hər zaman dövlətin dünyanı faşizmdən xilas etmiş müharibə veterenlarına qayğısından danışır. O, mayın 9-da veterenlarla görüşür, veteranlar prezidentin onların əllərini nə zaman sıxacağını gözləyirlər ki, sonra fəxrlə bu barədə yaxınlarına danışsınlar.
 
Yaxşı qız sosial şəbəkədə yazır: "Biz onu həmin görüşə aparmağı planlaşdırmışdıq. O, görüş arzusunda idi. İstənilən hər kəs kimi, onun üçün də bu, şərəf idi: həmin görüşdə veteranların arasında olmaq. Biz maşın çağırdıq, səhər saat 8-də onu əlil arabasında aşağı düşürdük. Dağüstü parka gəldik. Bizi görüşə buraxmadılar, dedilər ki, bizim adımız siyahıda yoxdur, halbuki, Ağakişiyeva Müharibə Veteranları Cəmiyyətinin üzvüdür. Biz dövlət başçısı ilə görüşə qadağanın səbəbini soruşduqda "bilmirik" cavabını verdilər.
 
Biz Veteranlar Cəmiyyətinin rayon şöbəsinə telefon etdik. Qadın dedi ki, göstəriş verilib ki, əlil arabasındakı veterenlar buraxılmasın. Absurd!
 
O, şöbə rəisinin müavininin nömrəsini verdi. Telefon etdik, o dedi ki, "bu, onun səlahiyyətlərinə aid deyil, rəhbər ilə danışmaq lazımdır".
 
Rəisə telefon etdik. Problem barədə danışdım və Ağakişiyevanın tədbirdə iştirakına icazə verilməsini tələb etdim. O, telefonu qapadı.
 
Yenidən telefon edib problemi həll etməsini tələb etdim. O dedi: "Mən heç nə bilmirəm, belə işlərlə məşğul olmuram".
 
Mən bu işlərlə məşğul olan şəxsin əlaqə nömrəsini istədim. Rəis bunu onun telefon nömrəsini mənə verən adamdan soruşmağı təklif etdi.
 
Özünü təqdim etməsini xahiş etdim, yenə telefonu qapadı.
 
Biz qadını göz yaşları içində evə qaytardıq.
 
Hər birinizdən çox xahiş edirəm. Sadəcə, ona telefon edin, bayramını təbrik edin, əminəm ki, çox sevinəcək (qulağında eşitmə aparatı var). Adelya xanımın telefon nömrəsi: +994 55 554 08 48", - "sadəcə, yaxşı qız", vətəndaş və həqiqətən adını açıqlamayan böyük insan sosial şəbəkədə paylaşıb.
 
Deyilənlərə onu əlavə etmək olar ki, veteran təşkilatının həmrəhbəri, telefon danışığını kəsən şəxs əslində tabeçilikdə olan biridir, prezidentlə görüşə buraxılan veteranların siyahısını tərtib etmir və özü də bir dəfə də olsun dövlət başçısının əlini sıxmayıb. Prezidentlə "xüsusi veteranlar" görüşürlər, heç bir şeydən şikayəti olmayanlar, ya da hansısa səbəblərdən bunu edə bilməyənlər. Bura prezidentin təhlükəsizliyi, bu görüş barədə reportajdan gözəl televiziya mənzərəsinə riayət etməyin vacibliyini və digər şərtləri də daxil etmək olar ki, konkret qeyri-statistik şəxsin - dünyanı faşizmdən xilas etmiş 94 yaşlı müharibə veteranının bunlarla işi yoxdur.

Kamal Əli,
“Turan” İA

Redaksiyadan: Məlumat üçün bildirək ki, aşağıdakı videonunu sonunda BVM veteranı 94 yaşlı Adelya Ağakişiyevadan bəhs olunur.